Akif Əlizadə haqlıdır

Pul yoxdur, gənclər elmdən uzaqlaşır



Alimlərin I qurultayında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə yüksək ixtisaslı gənc kadrların qıtlığından gileylənib. Akademik bildirib ki, postsovet məkanında elm dərin böhrandan yaxa qurtara bilməyib: "Təəssüflər olsun ki, ölkəmizin qazandığı böyük nailiyyətlərdə elmimizin xüsusi çəkisi hələ də lazımi səviyyədə deyil”.

AMEA-nın prezidenti onu da əlavə edib ki, hazırda Azərbaycan elminin ən böyük problemi onun sürətlə qocalması və yüksək ixtisaslı gənc kadrların çatışmazlığıdır: "Bizə lazım olan mütəxəssisi artıq orta məktəb səviyyəsində itiririk. Çünki gənclərin böyük qismi peşə seçimi problemi ilə rastlaşanda, heç də öz gələcəyini elmlə və elmi fəaliyyətlə bağlamır. Bütün bu adı çəkilən və adı çəkilməyən, amma hamımıza yaxşı məlum olan problemlərin həlli üçün gərək səylərimizi birləşdirək. Ümumi strategiyanın və fəaliyyət proqramının formalaşmasına nail olaq. Hər bir Azərbaycan aliminin əldə etdiyi nailiyyət tək onun şəxsi nailiyyəti deyil, onun qazandığı uğurla dövlət də, cəmiyyət də, millət də fəxr edir. Etiraf etmək lazımdır ki, bizdə hələ də elm və iqtisadiyyat ayrı-ayrı məkanlarda cərəyan edən proseslər olaraq qalır. Biliklərə əsaslanan iqtisadiyyatı yaratmaq üçün tək dövlət yox, həm də müxtəlif biznes strukturları yeni biliklərin əldə olunması işinə dəstək göstərməlidirlər”.

AMEA prezidentinin iddiasını dəyərləndirən Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Bilal İsmayılov "Şərq”ə açıqlamasında qeyd edib ki, doktorluğu müdafiə edən gənc kadrların sayı çox azdır: "Bunun müxtəlif səbəbləri var. Birincisi odur ki, bu sahə maddiyyat baxımdan çox kasıbdır. Bura gəlmək istəyən adam birinci aylıq məvacibi düşünür. Və görür ki, alacağı əməkhaqqı ilə ailəsini dolandıra bilməyəcək. Bu səbəbdən elmdən uzaqlaşır. Onun arxasınca düşmür. Elmdə qalanlar yalnız yaşlı nəslin nümayəndələridir”.
Ölkədəki kitabxanaların zəngin olmadığını deyən professor söyləyib ki, bu sahədə də müəyyən problemlər mövcuddur: "Ola bilsin ki, hansısa sahə ilə bağlı materiallar əldə etmək mümkündür. Lakin bütün tərəflər əhatə edilmir. Gənclərin elmə gəlişini əngəlləyən səbəblərdən biri də budur. İşləriylə bağlı vəsait tapmırlar. Əlavə materiallara baxa bilmirlər. Xarici ölkələrdən kitab gətirtmək məcburiyyətində qalırlar. Bu da sərf etmir. Aldığı 3-5 qəpiyi də kitaba versə, yeməyə çörək pulu qalmayacaq. Elmi inkişaf etdirmək üçün zəngin kitabxana olmalıdır”.

B.İsmayılovun sözlərinə görə, gənc kadrlara şərait yaradılmalıdır. Elm yolunu seçənlər yüksək maaşla təmin olunmalıdır: "Belə olan halda gənclər oturub, işləyəcək. Ortaya tutarlı bir iş qoyacaq. İndiki şəraitdə gəncləri "elmə niyə gəlmirsiniz” deyib, qınamaq olmaz. Öncə gəncin sosial şəraiti və maddi rifahı yüksəldilməlidir. Mənzil təminatı yaxşılaşdırılmalıdır. Bundan sonra əməli iş tələb etmək olar”.

Professorun fikrincə, elmə gedən yol asanlaşdırılmalıdır: "O vaxtlar məni universitetin həmkarlar təşkilatının sədri olaraq Avropaya göndərdilər. Məqsəd onların təcürbəsini öyrənmək idi. Gedib lazım olan bütün məsələləri araşdırdım. Müqayisələr apardım. Onların təcrübəsini yazıb, aidiyyəti şəxslərə təqdim etdim. Orda elmlər deyil, fəlsəfə doktorluğu məsələsi daha qabarıq idi. Avropalı təhsil ekspertlərindən bunun səbəbini soruşdum. Bildirdilər ki, fəlsəfə doktoru dərəcəsini alanlar tədqiqat aparmağı bacarmalıdır. Əsas məsələ odur ki, elmə gələn adam müstəqil şəkildə tədqiqat aparmağı bacarmalıdır. Avropada fəlsəfə doktoru dərəcəsi almaq çətin deyil. Əfsuslar olsun ki, o sistem bizdə tətbiq olunmadı. Bundan sonrasına da inanmıram”.

Müsahibimiz vurğulayıb ki, elmin inkişafına gedən yol, əməkhaqqının yüksəldilməsindən başlayır: "Maddi tərəf həll olunmasa, mümkünsüzdür. Baxın, elm adamları, müəllimlər məişət qayğılarının önləmək üçün 2-3 təhsil müəssisəsində çalışmaq məcburiyyətində qalırlar. Qabaqlar mən də 3 universitetdə işləyirdim. İndi yaşlaşmışam, yoruluram. Gedə bilmirəm. Elm adamlarına diqqət və qayğı çoxalmalıdır. Elmlə məşğul olan adamın sosial qayğısı olmalı deyil. O qayğılar elm adamını yaradıcılıqdan uzaqlaşdırır. Elm adamı uşağının çörək pulunu necə çıxarmağı düşünəcəksə, perspektiv olmayacaq. Diqqətini ancaq elmə kökləməlidir. Gənclər də ona görə gəlmir. Bu da nəticədə elmimizin qocalmasına gətirib çıxarır”.

B.İsmayılov hesab edir ki, gənclərin elmə gəlməməsi ölkənin təhsil həyatını uçuruma aparır: "Doktorların əksəriyyəti 60 yaşı keçiblər. Gənclər isə həddən çox azdı. Gənclər gəlməyəcəyi təqdirdə, gələcəkdə bu yolu kim davam etdirəcək? Ciddi məsələdi. A.Əlizadə də ona görə həyəcan təbili çalır. Fikirlərində tamamilə haqlıdır”.

Ayyət Əhməd