Ali məktəblərimiz reytinqdə geri qalır

Universitetlərin professor-müəllim heyətinin peşəkarlığı da önəmlidir




"QS” beynəlxalq təşkilatı dünya universitetlərinin reytinq siyahısını hazırlayıb. Reytinq cədvəli universitetin dünyada nüfuzu, məzunların işlə təmin olunması, beynəlxalq əlaqələr, müəllim-tələbə nisbəti, elmi nəşrlər, xarici tələbə və müəllimlərin sayına və meyarlarına görə müəyyənləşdirilib.

Siyahıda Azərbaycandan yalnız 3 ali məktəb yer alıb. Lakin Azərbaycan universitetləri siyahıda yüksək yerlərdə görünməyib. Belə ki, Bakı Dövlət və "Xəzər” universitetləri 71,73-cü yerləri bölüşüblər. "Qafqaz” Universiteti isə 75-ci sırada yer alıb.

Reytinqdə yerli universitetlərin göstərdiyi nəticələrə münasibət bildirən millət vəkili, AMEA-nın müxbir üzvü, akademik Nizami Cəfərov "Şərq”ə bunun bir neçə səbəbinin olduğunu bildirib. Onun fikrincə, ən önəmlisi maddi-texniki bazanın güclü olmasıdır: "Reytinqdə göstərilən

xüsusiyyətlər əsas götürüləndə, əlbəttə, dünyanın daha çox tələbə tutumu olan və tanınan universitetləri həmişə öndə olur. Bizdə isə bu ənənə zəifdir. Məsələn, SSRİ dövründə Moskvadakı ali məktəblər lazımi resurslarla daha çox təmin olunurdu. Periferiyalara o qədər diqqət yetirilmirdi. Sadəcə bu tipli institutların, universitetlərin adı olurdu. Həmin universitetlərdə yetişən mütəxəssislər də ciddi qəbul olunmurdu. Yəni ənənədən qaynaqlanaraq belə olub. Ona görə də universitetlərə daha çox maliyyə vəsaitləri ayrılmalıdır və dünyanın digər məşhur universitetləri ilə sıx əməkdaşlıq edilməlidir. Düzdür, buna da çalışılır”.

N.Cəfərovun göstərdiyi digər səbəb kadr hazırlığıdır: "Müstəqillik qazandıqdan sonra Azərbaycan təhsil sahəsində çoxlu reformasiyalar həyata keçirilib. Yerli universitetlərimiz beynəlxalq təhsil sisteminə qoşulub. Tədris proqramları müasirləşdirilib. Sovet zamanında siyasi elmlərə çox önəm verilirdi. Kadr hazırlığı arxa planda qalırdı və aşağı səviyyədə idi. Faktiki olaraq hazırlanan mütəxəssisin fikirlərinin ideoloji sahələrə verilməsi peşəkarlığın aşağı olmasına gətirib çıxarırdı. Belə hallar tədricən aradan qaldırılır. Lakin belə məsələlərin tez bir zamanda həll edilməsi asan deyil. Çünki tələbələrin orta məktəbdən hansı bilik səviyyəsində gəlməsi də əsas şərtlərdən biridir. Həmçinin universitetin professor-müəllim heyətinin peşəkarlığı da önəmlidir. Bu məsələlərdə hələlik problemlər var”.

Alimin qənaətincə, milli universitetlərin inkişaf potensialı az deyil: "Bunun ən mühüm göstəricilərindən biri də ölkəmizdən xarici universitetlərə gedən tələbələrin səviyyəsinin yüksək olmasıdır. Onlar həqiqətən yüksək bilik nümayiş etdirərək yerli tələbələrdən geri qalmırlar. Eləcə də xarici ali məktəblərdə dərs deyən professorlarımızın səviyyəsi digər universitetlərin müəllimləri ilə müqayisədə normaldır”.

Deputat reytinqdə adları keçən universitetlərin fəaliyyətinə də münasibət bildirib: "Qafqaz” və "Xəzər” universitetləri tədris proseslərində müasir metodlardan istifadə etməyə üstünlük verirlər. Ona görə ki, bu universitetlər özəl olaraq sərbəstdirlər. Yaxşı maddi-texniki əsasları da var. Amma BDU daha çox modern tədris usullarını və texnologiyalarını təkmilləşdirərək həyata keçirməyə çalışır. Lakin hələlik faktiki statistik göstəriciyə görə ön sıralarda deyilik. Bununla belə universitetlərimizin irəliləməyə həvəsi, marağı və enerjisi var”.

Vüqar Şahinoğlu