Generallardan sonra Gülən camaatı sıradan çıxarılıb

Ərdoğan həlledici savaşa başlayıb, ABŞ hələ ki, seyirçi mövqeyindədir



Türkiyədə "paralel yapı”ya qarşı başlayan yeni həbs dalğasının ardınca nurçuların lideri, hazırda ABŞ-da yaşayan Fətullah Gülən haqqında da həbs qərarı çıxarılıb. Gülən "terror təşkilatına liderlik etməkdə” ittiham olunur. Xatırladaq ki, dekabrın 14-də həyata keçirilən əməliyyat zamanı Türkiyə polisi nurçuların media orqanlarının bəzi rəhbərləri və əməkdaşlarını, eləcə də bu cərəyanın nümayəndələri olan keçmiş polis rəislərini saxlayıb.

"Samanyolu” telekanalı və "Zaman” qəzetinin rəhbərliyi, serial müəllifləri və rejissorlar olmaqla, ümumilikdə 32 nəfər həbs olunub. Gülənin tərəfdarları dövlət çevrilişinə cəhddə ittiham edilir. Təhlilçilər Türkiyədə baş verənləri Ərdoğanın Fətullah Gülənin "Hizmət” təşkilatına qarşı yeni hücumu kimi dəyərləndirirlər. Bu əməliyyatların ən diqqətçəkən məqamlarından biri ötən il Türkiyədə baş verən korrupsiya qalmaqalının ildönümü ərəfəsində həyata keçirilməsidir. Məlumat üçün bildirək ki, ötən ilin 17 dekabrında Türkiyənin iki ən böyük şəhərində - İstanbul və Ankarada korrupsiya ilə bağlı əməliyyat keçirilib və bir neçə nazirin yaxınları həbs olunub. Lakin beynəlxalq aləm Ərdoğanın son addımlarına kəskin reaksiya verib. Son həbslər beynəlxalq miqyasda azad media üzərinə hücum kimi qiymətləndirilib. Avropa Birliyi adından yayılan bəyanatda bildirilib ki, AB-yə üzv olmaq istəyən ölkədə demokratiyanın təməl prinsipi olan söz azadlığına hücum yolverilməzdir: "Avropa Birliyinə üzvlük üçün təməl prinsiplər hüququn aliliyi və insan haqlarına hörmətdir. Bu əməliyyat Avropa dəyərlərinə və standartlarına qarşı yönəlib”.

Türkiyə ana müxalifətinin lideri, CHP sədri Kamal Kılıcdaroğlu da son həbsləri "dövlət çevrilişinə” bənzədib: "Yaşadığımız hadisələr sağlam demokratik ölkələrdə baş verəcək hadisə kimi qəbul oluna bilməz. Bu gün baş verənlər Türkiyə demokratiyasına qarşı böyük bir zərbədir. Biz hər zaman məzlumun yanında olacağıq”. Həbslərə baş nazir Əhməd Davudoğlu da münasibət bildirib. Hamının öz hərəkətlərinə görə cavab verəcəyini deyən baş nazir, müxalifət lideri Kamal Kılıçdaroğlunu da dövlətə qarşı fəaliyyətdə ittiham edib. Davudoğlunun sözlərinə görə, o, paralel qurumların dili ilə Milli Kəşfiyyat Təşkilatına hücumlar edir: "Eyni dillə Türkiyə Cümhuriyyətini, hökumətimizi və demokratiyanı yıxmağa çalışır. Bu gün imtahan günüdür. Hər kəs etdiklərinin və bu ölkədə demokratiyaya qarşı fəaliyyətiinin hesabını verəcək, demokratiyanın yanında yer alarsa, mükafatını da görəcək”. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da F.Gülən tərəfdarlarının həbs edilməsinin siyasi məsələ olmadığını bəyan edib.

Türkiyədəki həbsləri dəyərləndirən "Qafqaz” Universitetinin professoru, politoloq Fərhad Mehdiyev deyir ki, Ərdoğan ordudakı generalları tərk-silah etdikdən sonra, özündən olmayan və ona boyun əyməyən digər güclü qrup olan Gülən camaatına qarşı həlledici zərbələri, nəyin bahasına olursa-olsun, vurmaqda qərarlıdır: "Lakin Ərdoğan başa düşmür ki, ABŞ Türkiyə deyil və hüquqi müstəvidə siyasi sifariş olan həbs qərarını ABŞ-da icra etdirmək mümkün olmayacaq. Gülən camaatı dünyanın 140 ölkəsində təşkilatlanıb. Əsla silah və zorakılıqdan istifadə etmirlər. Bu səbəblə "silahlı terror qrupuna başçılıq etmək”, çox gülünc bir ittihamdır. Əslində Ərdoğan, Gülən camaatı üçün yaxşı bir sınaqdır. Ərdoğanın özü siyasi islamçıdır. Gülən camaatı da indi görür ki, 30 ilə yaxın onları qoruyan məhz Türkiyədəki demokratiya imiş. İndi Türkiyədə demokratiya getdi, əvəzinə Ərdoğanın siyasi islamlaşma siyasəti aparılır. Müxtəliflik bitib. Tək düşüncə, tək lider sistemi gəlib”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu isə deyib ki, Gülən tərəfdarları özlərini "Hizmət” hərəkatı adlandıraraq siyasi məsələlərə qarışmadıqlarını sübut etməyə çalışsalar da, təxminən 20-30 ildir siyasətdə, məhkəmə sistemində, o cümlədən mediada möhkəm bünövrələr qurublar: "Ərdoğan bu hərəkatı "paralel yapı” adlandırmaqda haqlıdır. Çünki hərəkat həqiqətən dövlət içində dövlətdir. Nurçular bir növ mason lojasına bənzəyir, yalnız öz tərəfdarlarına dəstək verir, nüfuz yiyəsi olmaq üçün gərəkli maliyyə ayırır, vaxtı gəldikdə isə bunun əvəzinə onlardan hərəkata can-başla xidmət göstərmələrini tələb edirlər. Müəyyən dövrə qədər bu hərəkat Ərdoğanla eyni mövqedən çıxış edirdi, onun siyasətini dəstəkləyirdi. Ancaq elə ki yollar ayrıldı, dünənki müttəfiqlər qatı düşmənə çevrildilər. Ötən ilin bu günlərində Türkiyədə rüşvət qalmaqalı yaşandı, nazirlərin telefon danışıqları üzə çıxdı. Söhbətlərdə böyük pullardan danışılırdı. Ardınca Gülənin prokurorluq sistemindəki tərəfdarları fəaliyyətə keçərək həbslərə və axtarışlara başladılar. Gülən bununla passivləşən və Ərdoğanın gücü qarşısında bir növ aciz görünən müxalifəti də fəallaşmağa sövq etdi. Fətullah Gülən, hərəkata aidiyyəti olmayan müxalifət və elə cəmiyyətin bir hissəsi düşünürdü ki, telefon dinləmələri, ortada olan böyük pullar Ərdoğanın siyasi sonunu gətirəcək. Ancaq bu olmadı. Ərdoğan Güləndən güclü çıxdı, bütün planları alt-üst edərək mövqelərini qüvvətləndirdi. Növbəti seçkilərdə daha çox səs topladı. Bu da Gülən üçün sonun başlanğıcı oldu”.

E.Şahinoğlunun sözlərinə görə, Gülən hərəkatı son həbsləri "demokratiyaya hücum” kimi qələmə versə də, "Zaman” və STV faktiki siyasiləşmiş və kimlərinsə əlində güclü alətə çevrilmiş media orqanlarıdır: "Vaxtilə Ərdoğana xidmət edirdilər, elə ki Gülənin Ərdoğanla yolları ayrıldı, keçmiş baş nazir və indiki prezidenti hədəf götürdülər. Hərbçilərə qarşı "Ergenekon” və "Balyoz” əməliyyatları məhz bu iki media orqanının informasiya dəstəyi sayəsində Türkiyə və beynəlxalq aləmin gündəmində ağırlığını qoruyurdu. Sonunda bəlli oldu ki, "Ergenekon” və "Balyoz” adı verilən "çevriliş planları” mövcud deyilmiş, hərbçilərə qarşı tələ imiş. Hərbçilər günahsız yerə neçə illər həbsdə yatdılar, bəziləri isə haqsızlığa dözməyərək özlərini öldürdülər. Üstündən uzun müddət keçdikdən sonra Ərdoğan bu həbslərdə şəbəkəyə bağlı prokurorların rolu olduğunu etiraf etdi. Son həbslər Fətullah Güləni növbəti narahatlığına səbəb olub. ABŞ-ın Pensilvaniya ştatından yenə açıqlamalar səsləndirir. Ancaq Gülən bundan artığına qadir deyil, Ərdoğanla mübarizədə müqavimət gücünü getdikcə itirir. Batan gəmini tərk edənlərin sayı da az deyil. Məsələn, vaxtilə "Zaman” qəzetinin baş köşə yazarı, STV-nin əsas ekspertlərindən biri Hüseyn Gülərcə Fətullah Gülənin ən yaxın adamı, danışan səsi sayılırdı. Ancaq rüşvət qalmaqalından sonra Hüseyn Gülərcə Güləndən və düşərgədən uzaqlaşaraq Ərdoğanın yanında yer aldı”.

İsmayıl