Rubldan qaçanlar...

Moskva bazarında “Niva” qalmayıb



Rus rublunun kəskin şəkildə dəyərdən düşməsi ruslarla yanaşı, bu ölkədə yaşayan miqrantların da vəziyyətini ağırlaşdırıb. Bu səbəbdən miqrantlar kütləvi olaraq Rusiyanı tərk edirlər. Artıq oradakı soydaşlarımızın ölkəmizə axını başlayıb. Bu hal bir neçə gündür ki, müşahidə olunur.

Hətta məsələni Rusiya Miqrantları Federasiyasının rəhbəri Məhəmməd Amin də təsdiqləyib. O bildirib ki, miqrantlar kütləvi şəkildə Rusiyadan çıxırlar. Buna səbəb isə rublun zəifləməsi və miqrantlara rus dili üzrə pullu testdən keçmək tələbidir: "Yeni ildən sonra 25 faizdən çox miqrant Rusiyanı tərk etməyi və öz fəaliyyətini başqa ölkələrdə davam etməyi planlaşdırır.

Məsələ barədə "Şərq”ə danışan Moskvada yaşayan soydaşımız Mansur Eyyubov söyləyib ki, şimal qonşumuzda miqrantların durumu dözülməzdir: "Rusların dolanışığı qaydasındadır. Ölkə daxilində rublun qiyməti enməyib. Nə ət qalxıb, nə benzin. Ölkədaxili qiymətlər əvvəlki kimidi. Amma miqrantlar çətinə düşüb. Məsələn, əvvəllər Azərbaycana 80 manat göndərmək üçün 3 min rubl xərcləyirdim. İndi gərək 8 min rubl göndərim. Halbuki inflyasiyadan əvvəl 8 min rubl 240-250 manat edirdi. İndi 80 manat edir. Azərbaycanda isə ailə 80 manatla heç 2 gün dolana bilmir”.

Soydaşımızın sözlərinə görə, Rusiyanı tərk edənlər əllərindəki pula maşın alıb aparırlar ki, əziyyətləri batmasın: "Bir neçə tanış vardı. Baxdı ki, qazandığı məbləğlə Azərbaycanda dolana bilməyəcək. Maşın alıb apardı ki, pulu batmasın. Moskvanın maşın bazarında "Niva” qalmayıb. Rus maşını Azərbaycana daşınır”.

Həmyerlimiz söyləyib ki, bəzi imkanlı miqrantlar "infarkt” keçirib: "Həmin pulları ölkələrinə göndərə bilmirlər. Əvvəl bir milyon rubl 30 min dollara bərabər idisə, indi heç 10 min eləmir.

Mənsur Eyyubov deyib ki, rublun dəyərdən düşməsinə səbəb Rusiya prezidenti Vladimir Putinin Avropadan istehlakı dayandırması olub: "Rusiyada özünün istehsal etdiyi avtomaşınlar satılmırdı. Avropa istehsalı olan avtomaşına üstünlük verilirdi. Bu səbəbdən Putin Avropaya qapıları bağladı. Bu da rublun düşməsinə gətirib çıxardı. Rusiyanın öz maşını satılmırdı deyə, ziyana gedirdi”.

M.Eyyubov diqqətə çatdırıb ki, Rusiyadan Azərbaycana gedən təyyarə reysləri də dayandırılıb: "Uçuş olsa, təyyarə Azərbaycanda benzin vurmalı olacaq. Rubl da dəyərdən düşüb deyə, çox pul xərclənəcək. Bu da Rusiyaya sərf etmir. Amma Azərbaycanın təyyarəsi gəlib, gedir”.

Həmvətənlimiz deyib ki, Rusiyanın ət və ət məhsulları Azərbaycana daşınır: "Müəyyən fermerlər və ya iş adamları var. Yaranmış fürsətdən istifadə edir. Burdan alır, aparıb Azərbaycanda satır. Azərbaycan manatı Rusiyada çox güclüdür. Bu da biznesmenlərə sərfəlidir”.

Soydaşımız onu da əlavə edib ki, Putin rublun dəyərinin tezliklə bərpa olunacağını vəd edib: "Yanvarın sonuna kimi məsələ yoluna qoyulmalıdır. Əks halda oradakı bütün əməkçi miqrantlar ölkələrinə qayıdacaq. Bu da Kreml üçün başqa bir problemə yol açacaq”.

Ayyət Əhməd