Ali Baş Komandan 53 yaşında...

Azərbaycan və dünyanın tanınmışları Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər




Ölkənin inkişafında, dünyada söz sahibinə çevrilməsində və beynəlxalq aləmdə nüfuzunun artmasında siyasətçilərin, müdrik dövlət başçılarının müstəsna rolu olur. Bu kimi siyasi liderlərin, dövlət xadimlərinin əldə etdikləri uğurlar həmin ölkənin sürətli inkişafını şərtləndirən amillərdən sayılır. Belə siyasi liderlərdən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Bu gün 53 yaşını qeyd edən cənab İlham Əliyev sələfi Heydər Əliyev kimi yorulmaq və usanmaq bilmədən dövlətin, xalqın tərəqqisi naminə durmadan çalışır. Buna əyani sübut kimi prezidentin öz ad gününü qaçqın və məcburi köçkünlərlə, cəbhə xəttində yaşayan insanlarla keçirməsini göstərə bilərik.

Prezident İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. O, 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olan İ.Əliyev oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışan İlham Əliyev bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olub. İlham Əliyev Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. Onun Azərbaycan siyasətindəki ən aktiv dövrü 1995-ci və 2000-ci illərə, Azərbaycan Respublikası Milli Məclisinə deputat seçildiyi illərə təsadüf edir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilən İlham Əliyev 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının prezidenti seçilib. İlham Əliyev 2008 və 2013-cü illərdə keçirilən növbəti seçkilər zamanı yenidən xalqın böyük əksəriyyət səsini qazanaraq növbəti dəfə dövlət başçısı seçilib.

Xalqın böyük sevgisini qazanan dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanır. Prezident seçkilərində Azərbaycan xalqının mövqeyi bir daha sübut etdi ki, ölkəmizdə xalqla hakimiyyətin vəhdəti ən yüksək səviyyədədir. Azərbaycan xalqının dövlət başçısına sevgisinin, inamının belə yüksək səviyyədə olması Prezident İlham Əliyevin liderlik keyfiyyətlərindən irəli gəlir. Onu xalqa sevdirən ən mühüm xüsusiyyəti əsl dövlət başçısı kimi qətiyyətli olması, atdığı hər bir addımda milli maraqlarımızı öndə tutmasıdır. İlham Əliyevin verdiyi hər bir qərar yalnız və yalnız Azərbaycanın milli maraqlarına xidmət edir. Bu gün Prezidentin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yenilənməsi, modernləşməsi İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirilir.

Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davamını aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və Prezidentin ətrafında daha da sıx birləşir. Çünki İlham Əliyev dövləti inkişaf etdirir, ölkəmizi aydın sabahlara aparır. Prezidentin yeni dövrün tələblərinə uyğun, zamanın nəbzinə uyğun həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq artıq Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub. Bu gün özünün uzunmüddətli inkişaf istiqamətlərini müəyyən edən Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunub. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ilbəil artıb.
Cənab Prezidentin uğurlu daxili və xarici siyasəti Azərbaycanın tanınmış siyasi-ictimai xadimləri tərəfindən də yüksək dəyərləndirilib.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib ki, 2013-cü il prezident seçkilərində İlham Əliyevin parlaq qələbəsi ölkə əhalisinin əksəriyyəti tərəfindən onun Azərbaycanı inkişaf etdirmək kursunun dəstəklənməsini göstərən bariz nümunədir. R.Mehdiyev qeyd edib ki, Prezidentin həyata keçirdiyi düşünülmüş və müdrik xarici siyasət sayəsində Azərbaycan qısa müddətdə dünyada böyük etimad və hörmət qazanıb. Bu, şüurlu şəkildə demokratiya və tərəqqi yolu seçmiş bütün Azərbaycan xalqının xidmətidir: "Prezident dəfələrlə vurğulayıb ki, demokratiya yolunu biz kiminsə təzyiqi altında deyil, özümüz seçmişik. Bizim prioritetlər sivil, hüquqi dövlət qurulması, özünəyetərli iqtisadiyyat yaradılması, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması, ənənəvi dəyərlər və Vətənə məhəbbət əsasında milli həmrəylikdir. Bu yol böyük dövlət və siyasət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin reallaşdırdığı strateji seçimdir”.

Yeni Azərbaycan Partiyasının Sədr müavini, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, son 11 ildə dövlətimizin başçısı İlham Əliyevin səyləri nəticəsində Azərbaycan siyasi və iqtisadi cəhətdən xeyli inkişaf edib, beynəlxalq aləmdə ölkəmizin mövqeləri güclənib. Eyni zamanda, Azərbaycan əhalisinin rifahı yüksəlib: "Vaxtilə Azərbaycanda insanlar yalnız yaşamaq haqqında düşünürdülərsə, indi yaxşı yaşamaq haqqında düşünürlər. Bu o deməkdir ki, insanların həyatında müsbət dəyişikliklər baş verir. Bugünkü hökumət insanların yaxşı yaşamaları üçün hər cür şərait yaradıb. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurudur”. Bu gün müasirləşmə siyasətinin həyata keçirildiyi Azərbaycanda sabitliyin, əmin-amanlığın ən vacib amillərdən olduğunu qeyd edən Ə.Əhmədov deyib ki, hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir. Ə.Əhmədov əmindir ki, qarşıdakı illərdə də Prezidentin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək: "İ.Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində indi dünya Azərbaycanı sürətlə inkişaf edən, modernləşən, yeniləşən dövlət kimi tanıyır. Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib”.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə də bu gün Azərbaycanın strateji nöqteyi-nəzərdən uğurla idarə olunduğunu deyib. Deputat qazanılan uğurları inkişafın təzahürü kimi qiymətləndirib: "Əlbəttə ki, bu da inkişafın təzahürüdür. Həm iqtisadi, həm sosial, həm siyasi, həm də digər sahələrdə tərəqqi davam edir. Digər tərəfdən, dünyada qlobal iqtisadi problemlərin, hadisələrin baş verdiyi bir zamanda Azərbaycan öz inkişaf yolunu aparır. Söz yox ki, bütün bunlar, yəni əldə edilən uğurlar Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Bu uğurların davamında cənab Prezidentə yeni-yeni nailiyyətlər və müvəffəqiyyətlər arzu edirəm”.

Millət vəkili Elman Məmmədov da bəyan edib ki, Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasət doğma Azərbaycanımızı inkişaf etdirir, dünyada nüfuzlu və qüdrətli bir dövlət kimi tanıdır: "Azərbaycan xalqının bütün uğurları, məhz Prezidentin apardığı siyasətlə bağlıdır”. Millət vəkilinin sözlərinə görə, ölkə başçısının bu siyasəti bilavasitə xalqa xidmətin və xalqın ona arxalanmağının bariz göstəricisidir: "İlham Əliyevin Prezidentlik dövründə gördüyü işlər əyani şəkildə sübut edir ki, bu gün ölkəmizdə olan bütün istiqamətlərdəki yüksək səviyyəli inkişafımız, daxili və xarici siyasətdə stabilliyimiz, Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuz, Azərbaycanın tək Avropanın yox, dünyanın enerji təhlükəsizliyi məsələsində tutduğu çox sanballı mövqe, məhz onun apardığı uzaqgörən, müdrik siyasətin bariz nəticəsidir”. E.Məmmədov həmçinin vurğulayıb ki, İlham Əliyev siyasətinin əsas məqsədi xalqına daha böyük firavanlıq bəxş etməkdir: "Bütövlükdə, Prezidentimiz xalqımızı, Vətənimizi, dövlətimizi daha firavan gələcəyə aparır. Mən fürsətdən istifadə edərək, cənab Prezidentimiz İlham Əliyevin fəaliyyətində davamlı uğurlar və davamlı qələbələr arzu edirəm”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Prezident İlham Əliyevin insan hüquqları istiqamətində apardığı məqsədyönlü siyasəti yüksək dəyərləndirib: "Cənab Prezident insan azadlıqları və hüquqlarının qorunmasında maraqlıdır, eyni zamanda bu amilin inkişafında, qanunvericiliyin gücləndirilməsində fəaliyyətini davam etdirməkdədir. Həmçinin, bu faktor cənab İlham Əliyevin siyasi mövqeyidir. Ümumiyyətlə, hər kəsə bəllidir ki, biz ölkə olaraq bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq. Xüsusilə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövrdə bu istiqamətdə kifayət qədər əhəmiyyətli işlər aparılıb. İ.Əliyev insan azadlıqları və hüquqları sahəsində xüsusi yanaşmaları ilə xalqın rəğbətini qazanıb. Onun humanistliyi buna sübutdur. Bir sıra ictimai-siyasi təşkilatların yürütdükləri yanlış siyasət nəticəsində həbs olunmuş insanlar da məhz İlham Əliyevin verdiyi əfv fərmanları vasitəsilə azadlığa çıxırlar. Bu bir humanizm təzahürüdür. Mən də fürsətdən istifadə edərək, cənab Prezidentimizə tutduğu bu uğurlu mövqeyinə görə təşəkkürlərimi bildirir, fəaliyyətində daha davamlı nailiyyətlər arzu edirəm”.

Xarici ölkələrin başçıları, yüksək vəzifəli şəxsləri, ayrı-ayrı beynəlxalq və yerli qurumların rəhbərləri də Prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edərək dövlət başçısının ünvanına xoş sözlər deyiblər.

Türkiyə baş naziri Əhməd Davudoğlu Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik məktubu göndərib. Davudoğlunun məktubunda deyilir:

"Hörmətli cənab Prezident! Sizi doğum gününüz münasibətilə millətim, hökumətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Əlaqələrimizin bugünkü strateji müttəfiqlik səviyyəsinə çatmasında Zati-alinizin dəyərli töhfələrinin oynadığı rolun əhəmiyyətini yüksək qiymətləndirdiyimizi ifadə etmək istəyirəm. Eyni zamanda, geniş dünyagörüşünüz və müdrik liderliyiniz sayəsində qardaş Azərbaycanın sürətlə inkişaf etdiyini, həm beynəlxalq aləmdə, həm də regionda getdikcə daha qüdrətli söz sahibinə çevrilməsini görməkdən çox məmnunuq. Eyni zamanda, 2015-ci il yanvarın 15-də ölkəmizə edəcəyiniz səfər zamanı Zati-aliniz ilə görüşməkdən şad olacam. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığı və rifahı naminə ən səmimi arzularımı ifadə edirəm”.

Rusiya prezidenti Vladimir Putin də Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. Putinin məktubunda deyilir: "Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzu edirəm. Bizim aramızda yaranmış, etimada əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə konstruktiv dialoqumuz və səmərəli birgə işimiz davam edəcək. Sizə və ailənizə hörmətimi və ən xoş arzularımı bildirirəm”.

Həmçinin, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Respublikalarının prezidentləri də İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər.

Təbrikə qatılanlar arasında TÜRKSOY-un baş katibi Düsen Kaseinov da olub. Kaseinov təbrik məktubunda yazıb: "Hörmətli cənab Prezident, icazə verin, doğum gününüz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim. Fürsətdən istifadə edib Zati-alinizə TÜRKSOY-un fəaliyyətini dəstəklədiyinizə görə dərin təşəkkürümü bildirmək istərdim. Əmin ola bilərsiniz ki, Azərbaycan ilə TÜRKSOY arasında olan sıx əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edəcəkdir. Zati-alinizə möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

İsmayıl

P.S. "Şərq” qəzetinin kollektivi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, Tanrıdan ona uzun ömür, cansağlığı arzulayır. Bütün sahələrdə olduğu kimi Azərbaycan jurnalistikasının inkişafında daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevə ölkəmizin gələcəyi naminə gördüyü işlərdən dolayı təşəkkürlərimizi bildirir və bir daha ad gününü təbrik edirik. Var olun, cənab Prezident!