Dünya müharibəsi olmayacaq, sadəcə Kreml əndişədədir

Əsassız müharibə proqnozları Rusiya əhalisini qorxutmaq və xalqı hakimiyyət ətrafında cəm etmək üçün ortaya atılmış bir təbliğat vasitəsidir



Rusiyalı politoloq Aleksandr Sobyanin böyük güclərin növbəti dünya müharibəsinə hazırlaşdığını bəyan edib. O, qızılın qiymətinin tənzimlənməsində Rotşildlər ailəsinin mühüm rol oynadığını söyləyib.

Qızılın da uran kimi bazar tərəfindən tənzimləndiyini vurğulayan rusiyalı politoloq bildirib ki, onları iki struktur idarə edir. Burada Amerikanın Rotşildlər ailəsinin mühüm rol oynadığını deyən A.Sobyanin bildirib ki, bu strukturlar Londondakı Qızıl Komitəsi və Hollandiyadakı Gümüş Komitəsidir: "Müvafiq olaraq 50 ildən çox müddətdə tənzimləmənin köməyi sayəsində qızıl və gümüşün qiymətinin aşağı səviyyədə tutulması siyasəti həyata keçirilib. Bu, dəqiq qarşılıqlı əlaqədir. Qızıl və gümüş bazarının idarə edilməsi resursların qiymətinin aşağı olmasına, dolların isə alıcılıq qabiliyyətinin yüksəlməsinə istiqamətlənmişdi. Bu il Rotşildlər Qızıl Komitəsini bağladılar və Gümüş Komitəsindən çıxdılar. Bütün bunlar o deməkdir ki, müharibəyə hazırlıq gedir”.

Hazırda dünyada baş verən prosesləri 1940-cı illərin əvvəllərindəki hadisələrlə müqayisə edən Sobyanin bildirib ki, bütün baş verənlər böyük oyunçuların maliyyə, iqtisadi, təşkilati cəhətdən dünya müharibəsinə hazırlığı ilə bağlıdır.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə bütün deyilənlərin Rusiyanın daxili auditoriyasına hesablandığını vurğulayıb: "Bəzən Rusiya siyasətçiləri elə açıqlamalar verir ki, şərh etməkdə çətinlik çəkirsən. Bilmirsən, onlar öz cəmiyyətlərini səfeh yerinə qoyublar, ya dünya ölkələrini axmaq hesab edirlər? Dünya ölkələri mühabirəyə hazırlaşır deyəndə, onlar nəyi nəzərdə tuturlar? Başa düşə bilmirəm ki, indiki situasiyada niyə müharibə

olsun ki? Müharibə elə-belə, rusiyalı politoloqların düşündüyü qədər asan məsələ deyil. Bu günə qədər baş verən savaşların tarixinə baxmaq lazımdır. Yeni bir dünya müharibəsi əvvəlkilər kimi olmayacaq. Başlayacağı təqdirdə bu dünyanın, bəşəriyyətin, hər şeyin sonu olacaq. Bu isə heç bir dövlətə lazım deyil. Böyük güclərin dünya müharibəsinə başlaması üçün ortada konkret səbəblər olmalıdır. İndiki halda dünya güclərinin müharibəyə hazırlaşması üçün real zəmin yoxdur. Hesab edirəm ki, güc sahibi olan heç bir ölkə mühabirəyə hazırlaşmır, əksinə, davam etməkdə olan böhrandan çıxış yolları axtarırlar”.

Politoloqun sözlərinə görə, rusiyalı politoloqlar tərəfindən tez-tez səsləndirilən əsassız müharibə proqnozları Rusiya əhalisini qorxutmaq və xalqı hakimiyyət ətrafında cəm etmək üçün ortaya atılmış bir təbliğat vasitəsidir. "Kremlin şovinist siyasəti artıq rus xalqının qarnını doyurmur. İnsanlar ac qaldıqca, etiraz təhlükəsi artır. İndiki mərhələdə Kreml rəhbəri xalqı bu cür açıqlamalarla sakitləşdirir. Sabahkı gün ortaya hansı yalanlar atacağı isə hələlik bəlli deyil. Rus siyasətçilərinin müharibə proqnozları birmənalı şəkildə təbliğatdır, amma niyə məhz bu cür təbliğat apardıqları anlaşılan deyil. Əhalini hakimiyyət ətrafında səfərbər etmək üçün məqsədli bir tədbirdir”.

Kremlin bu təbliğatının nə dərəcədə işə yarayacağına gəldikdə isə Ə.Oruclu bildirib ki, Rusiyadakı imperialist təfəkkürlü kəsim Kremlin bu yalanlarına inanır, amma bu inam müvəqqəti xarakterlidir. Onsuz da Rusiyada baş alıb gedən özbaşınalıq, rüşvətxorluq, məmurların harınlığı hər kəsə bəllidir. Sadəcə əhalinin böyük bir qismi imperialist təfəkkürün təsiri altında olduğu üçün reaksiyalar yoxdur. Amma bu, sona qədər belə getməyəcək və o zaman Rusiyanın bu cür mənasız təbliğatları da heç bir effekt verməyəcək.

Şəymən