Bu gün də ağır işlərdə çalışan qadınlarımız var

“Şadlıq evlərində çalışan qadınları yada salaq; səhərdən gecə yarısınadək çalışırlar, onların hüquqlarını kim qoruyur?”



Qadınların işləməsi qadağan edilən iş yerlərinin siyahısı ləğv edilə bilər. Bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib. Nazir qeyd edib ki, "Dəyişdirilmiş Avropa Sosial Xartiyası”nın qadın və kişilərə bərabər imkanlar prinsipinə uyğun olaraq, qadınların işləməsi qadağan edilən iş yerlərinin siyahısının ləğvi, yalnız hamilə və yaş yarımadək uşağı olan qadınların işləməsi qadağan edilən iş yerlərinin müəyyən olunması üçün əmək qanunvericiliyində dəyişiklik edilməsi gözlənilir.

"Neftçilərin Hüquqlarının Müdafiəsi” Komitəsinin sədri Mirvari Qəhrəmanlı "Şərq”ə açıqlamasında Azərbaycan Əmək Məcəlləsində qadınların əmək hüquqları ilə bağlı əslində, lazım olan maddələrin hamısı mövcuddur. Sadəcə, Əmək Məcəlləsinin tələblərinə riayət olunmasına nəzarət gücləndirilməlidir:

- Hazırkı Əmək Məcəlləsində işləyən qadınların hüquqları ilə bağlı çox gözəl maddələr var. ƏM-də hansı ağır işlərdə qadınların işləməsinin qadağan edildiyi qeyd olunur. Məsələn, yol çəkilişi, tikintidə, estakadada, dənizdə açıq havada, gecə növbəsində qadınlar işləməməlidir. Yəni, bir çox sahələr var ki, orada iş ağır şərtlər altında olduğundan qadınların çalışması qadağandır. Hamilə qadınlar və körpəsi olanlarla bağlı da xüsusi maddələr var və belə qadınlara qanunla imtiyazlar nəzərdə tutulur. Məsələn, hamilə qadın bu barədə həkimdən arayış təqdim etdirsə, o, nisbətən yüngül işə keçirilməlidir. Müəssisə rəhbəri bunu təmin etməyə borcludur. Xəstə uşağı olan qadınlar uzunmüddətli məzuniyyətə çıxa bilər və əmək haqqı da ona ödənilməlidir. Hətta qadının 8 yaşınadək uşağı varsa və o, uşağı kiməsə tapşıra bilmirsə, uşağı həvalə edəcək bir yeri yoxdursa, o qadının da məzuniyyətə çıxmaq hüququ var, taki uşağı yerbəyer edənədək. Dediyim odur ki, qanunvericilikdə əməkçi qadınlarla bağlı gərəkən bütün məsələlər əksini tapıb. Hardasa, 10-a yaxın maddə var ki, məzuniyyət hüququ, gecə növbəsi ilə bağlı qadınlara üstünlüklər verir. Sadəcə, qanunvericiliyin tələblərinə əməl olunmasına ciddi nəzarət həyata keçirilməlidir. Bunun üçün də Dövlət Əmək Müfəttişliyi və Həmkarlar İttifaqı var. Biri dövlət nəzarətini həyata keçirir, biri də ictimai nəzarəti. Bu qurumlar öz vəzifələrini yerinə yetirsələr, qadınların əmək hüquqları pozulmaz. M.Qəhrəmanlı bildirdi ki, bu gün də qadınlar ağır işlərdə, ağır əmək şəraitində çalışırlar və onların hüquqları qorunmur:

- Şadlıq evlərində çalışan qadınları yada salaq; səhərdən gecə yarısınadək çalışırlar, onların hüquqlarını kim qoruyur? Ölkədə qanunla iş saatı 8-dir. Bəs, bu qadınlar neçə saat işləyir? Bəlkə də 16-20 saat. Buna Əmək Müfəttişliyi nəzarət etməlidir və qanunun tələblərinə riayət olunmasını təmin etməlidir. Şirniyyat sexlərində, çörək bişirilmə yerlərində, marketlərdə, mağazalarda qadınlar işdən gecə saat 9-da, 10-da çıxırlar. Marketlərdə, mağazalarda, çörək bişirmə sexlərində qadınlar 10-12 saat ayaqüstə çalışırlar. Bu da ağır əməkdir. Qadın bu qədər saatı çalışmamalıdır. Hələ də əl əməyindən istifadə olunan müəssisələr var. Elə işlər var ki, orada qadınlar çalışmamalıdır. Amma bilirik ki, ehtiyac üzündən qadınlar ağır işdə çalışmağa da razı olur, sonra da bunun əziyyətini çəkirlər, sağlamlıqlarına ciddi zərər dəyir. Çox vaxt müşahidə edirik ki, qadınlar beton döşəmənin üzərində çalışır, əlbəttə, bu ziyanlıdır və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Qadın əməyinin monitorinqi aparılmalıdır və qanunvericiliyin tələblərinin harada pozulduğu aşkar edilməlidir. Qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac yoxdur. Bəlkə təkmilləşdirilməsinə ehtiyac var. Əsas məsələ, qanunun tələblərinə riayət edildiyinə nəzarətin tətbiq olunmasıdır. Hesab edirəm ki, qanunvericilik təkmilləşdirilərkən bu sahədə təcrübəsi olan qeyri-hökumət təşkilatları da dəvət edilməlidir və onların da rəyləri nəzərə alınmalıdır.

Məlahət Rzayeva