“Belə bir təhsil ocağının açılmasına zərurət yaranmışdı”

Məhərrəm Zülfüqarlı: “Sərəncam bu sahədəki boşluğu tamamilə doldurdu”



Prezident İlham Əliyev Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması haqqında sərəncam imzalayıb. Dövlət başçısı bunu ölkəmizdə turizm, menecment və digər xidmət sahələrində müşahidə olunan sürətli inkişafı əsas tutaraq qərara alıb.

Nazirlər Kabinetinə bu universitetin nizamnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə xəbər vermək, Azərbaycan Turizm və Menecment Universitetinin təhsilin bütün pillələrini əhatə edən, turizm və menecment sahələri üzrə kadr hazırlayan aparıcı təhsil mərkəzi kimi fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı, o cümlədən müvafiq tədris şəhərciyinin yaradılması ilə bağlı təklifləri iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Sərəncamı dəyərləndirən, tarix elmi üzrə fəlsəfə doktoru, Azərbaycan Turizm İnstitutunun dosenti Məhərrəm Zülfüqarlı "Şərq”ə deyib ki, bu, təqdirəlayiq hadisədir. Onun sözlərinə görə, həmin sahədə belə bir təhsil ocağının açılmasına böyük zərurət yaranmışdı: "Vaxtında və haqlı olaraq verilmiş qərardır. Azərbaycan ali təhsil məkanında yeni kadrların hazırlanmasına böyük ehtiyac duyulur. Sovet dönəmində müxtəlif süni maneələr yaradılmışdı. Xəzər dənizi sahillərində böyük kimya mərkəzlərinin salınması ölkəmizdə turizm üçün əlverişli coğrafi mühitdən istifadəni imkansızlaşdırmışdı. Mütəqilliyimizi bərpa etdikdən sonra turizmə maraq artdı. Lakin bu sahədə mütəxəssislərin olmaması çox ciddi problemlər yaradırdı. Bu baxımdan ilk olaraq 2006-cı ildə prezidentin göstərişi ilə Azərbaycan Turizm İnstitutu yaradıldı. Bu ocaq qısa müddətdə dövlət başçısının ümidlərini doğrultdu. Prezidentin diqqət və qayğısının nəticəsidir ki, hazırda həmin sahəyə maraq artıb”.
Həmsöhbətimiz hesab edir ki, İ.Əliyevin sərəncamı bu sahədəki boşluğu tamamilə doldurdu: "Yeni mütəxəssis hazırlanması prosesi daha da genişləndiriləcək. Yaxın zamanlarda müsbət bəhrəsinin şahidi olacağıq”.

Ayyət Əhməd