“Elza həkimə getsə, yaxşı olar”

İlhamə Quliyeva: "Millət vəkili ağlı başında olan adam olmalıdı"
Tünzalə Ağayeva: “Ola bilər ki, gələcəkdə mən və ya digər bir həmkarım da millət vəkili olaraq namizədliyini irəli sürsün”


Faiq Ağayev: "Əminəm ki, əgər millət vəkili seçilsəm, xalq mənə etimad göstərsə, mən bu işin öhdəsindən də uğurla gələrəm”



Əməkdar artist Elza Seyidcahanın gələcək seçkilərdə deputatlığa namizədliyini verəcəyini bildirməsi cəmiyyətdə, mətbuatda geniş müzakirəyə səbəb oldu. Bəziləri Elza Seyidcahanın bu açıqlamasına qeyri-ciddi yanaşsalar da, hər halda Elza özü bunu əslində ciddi şəkildə dilə gətirmişdi.

Bəs görən Azərbaycanın digər tanınmış müğənniləri sənət adamının deputat olmaq iddiasına necə münasibət göstərir? Elza Seydicahandan başqa da gələcək seçkilərdə deputatlığa namizədliklərini irəli sürmək fikrində olan müğənni varmı?

Yeri gəlmişkən qeyd edək ki, indiyə qədər müğənnilərdən yalnız Zeynəb Xanlarova millət vəkili olaraq fəaliyyət göstərir. Hərçənd zaman-zaman bəzi müğənnilərin millət vəkili olmaq arzusunda olduğu hiss olunur. Bunu bəziləri açıq, bəziləri eyham olaraq da dilə gətirirlər. Sənət adamları millət vəkili ola bilərmi? Onların savadı buna imkan verirmi? Bütün bu suallarla Azərbaycanın tanınmış müğənnilərinə üz tutduq.

Xalq artisti İlhamə Quliyeva Elzanın deputat olmaq istəyinə sadəcə gülərək "Əvvəla mən onun haqqında açıqlama verməyi özümə yaraşdırmıram. Elzanın heç bir fikri ciddi qəbul olunmur. Millət vəkili ağlı başında olan adam olmalıdı. Elza kimilər orda gedib nə iş görəcəklər. Bir az gülməli səslənir. Bizim şou-biznesdə bir-iki nəfər də var ki, onlar da deputat olmaq xülyası ilə yaşayırlar. Millət vəkili xalqın dəyər verdiyi, inandığı, şəxsiyyətinə hörmət etdiyi insan olmalıdır. Yoxsa hər yerindən duran deyə bilməz ki, mən millət vəkili olacam. Elza həkimə getsə, yaxşı olar” cavab verdi.

Əməkdar artist Tünzalə Ağayeva Elza Seyidcahanın millət vəkili olmaq arzusuna "Hərənin öz arzusu, məqsədi və istəyi var. Ona görə də mən onun seçiminə qarışa bilmərəm. Amma qaldı ümumiyyətlə sənət adamlarının həm də millət vəkili olaraq fəaliyyət göstərmək istəyinə, buna normal baxıram. Əgər o sənətçinin buna potensialı, savadı imkan verirsə, niyə də olmasın? Sənət insanı da bu cəmiyyətin üzvlərindən biridir. Millət vəkili seçilərkən orada müğənninin və ya incəsənət sahəsində çalışan hər hansı bir insanın namizədliyinə qadağa qoyulmayıb ki? Sənətçilər öz millətini, bayrağını başqa yerlərdə təbliğ edəndə artıq bu missiyanı yerinə yetirmiş olurlar. Onlar bu millətin həmin ölkədə nümayəndəsi, elçisi, millətinin adından olan vəkili olurlar. Təbii ki, söhbət savadı, intellekti, dünyagörüşü olan əsl sənətkarlardan gedir. Ola bilər ki, sabah Azərbaycanın tanınmış müğənnilərindən biri də namizədliyini irəli sürsün. Bu çox normaldı. Əgər həmin müğənni bu missiyanı yerinə yetirməyə, millət vəkili olaraq fəaliyyət göstərməyə özünü hazır hesab edirsə, demokratik bir dövlətdə bu çox normal qəbul olunmalıdı. Ola bilər ki, gələcəkdə mən və ya digər bir həmkarım da millət vəkili olaraq namizədliyini irəli sürsün. Əgər bizə inanan olacaqsa, o mandatı bizə etimad edənlərin sayı çox olarsa, niyə də olmasın?”

Xalq artisti Faiq Ağayev "Şərq”in suallarını belə cavablandırdı: "Mən Elza xanımın fikrinə münasibət bildirmək istəmirəm. Ancaq ümumiyyətlə sənət adamlarının Milli Məclisdə təmsil olunmasını soruşursunuzsa, buna çox normal baxıram. İlk növbədə konkret məndən söhbət gedirsə, mənim həyati təcrübəm və savadım buna imkan verir. Əminəm ki, əgər millət vəkili seçilsəm, xalq mənə etimad göstərsə, mən bu işin öhdəsindən də uğurla gələrəm. Yenə deyirəm, əgər mənə etimad göstərilərsə. Və mən öz savadıma və həyati təcrübəmə arxayınam ki, belə bir ciddi işdə işimin peşəkarı ola bilərəm. Mən millət vəkillərinin peşəsinə görə deyil (yəni iqtisadçı, hüquqşünas, müəllim və s.) peşəkarlığına görə seçilməsinin tərəfindəyəm. Millət vəkili peşəkarlığı ilə seçilməlidir, ixtisasına görə deyil. Faiq Ağayevin millət vəkili olmaq planı yoxdur”.

Tahirə