Riyakarlıqdır: BMT komissarının girovlarla bağlı reaksiyası hiddət doğurdu





Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı azərbaycanlı girov Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərovu qəbul edib. S.Əsgərovun BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarından aldığı cavab isə təkcə Dilqəm Əsgərovun yaxınlarını deyil, bütün azərbaycanlıları hiddətləndirib. Çünki BMT tanınmamış "respublikaya” təsir etmək imkanına malik olmadığını bildirib. Buna görə də danışıqlar üçün xüsusi məruzəçilər ayrılıb və girovların qohumlarına məruzəçilərlə əlaqə qurmaq tövsiyə edilib.

Əslində Azərbaycan dövləti qərəzli beynəlxalq təşkilatların ikili standartını, tərəfli mövqeyini çox görüb. Amma BMT-nin kəlbəcərli girovlarla bağlı irəli sürdüyü gülünc iddia sözügedən qurumun hansı səviyyədə fəaliyyət göstərdiyini və kimlərə xidmət etdiyini açıq şəkildə ortaya qoyub. Məlumat üçün bildirək ki, Xarici İşlər Nazirliyi qondarma məhkəmə tərəfindən qanunsuz hökm verilənə qədər girovlarla bağlı hər hansı açıqlama vermək niyyətində olmadığını bəyan edib.

Məsələ ilə bağlı "Şərq”ə danışan Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov Ali Komissarın yanaşmasını riyakarlıq adlandırıb: "Bir müddət əvvəl BMT-nin Qaçqınlar və Məcburi Köçkünlər üzrə Ali Komissarı Azərbaycanda səfərdə olub və bizimlə görüşlər keçirib. Dağlıq Qarabağ icması ilə keçirilən görüşdə mən şəxsən Komissara müraciət etdim və dedim ki, sizin təşkilat dünyanın ən böyük, eyni zamanda ən nüfuzsuz, hörmətsiz və muzdlu təşkilatıdır. Düşünürəm ki, mənə qədər heç kim BMT-ni bu dərəcədə kəskin tənqid etməyib. Bu gün də fikrimin üzərində qalıram. BMT başqaları tərəfindən idarə olunan və diktə ilə işləyən bir qurumdur. Komissarın girovlarla bağlı irəli sürdüyü iddia riyakarlıqdır”.

Millət vəkili beynəlxalq təşkilatın məsələyə münasibətini iyrənclik sayır: "BMT müəyyən güclərdən asılıdır. Həmin güclərin də Dağlıq Qarabağ məsələsi ilə bağlı öz yanaşmaları var. Qurum deyir ki, biz qondarma "respublikanı” tanımırıq. Amma beynəlxalq təşkilatı idarə edən ABŞ 1992-ci ildən etibarən separatçı rejimə maliyyə yardımı göstərir. Qarabağda terror törədən erməniləri himayə edir, işğalçı qüvvələri yedirib-içirir. Əgər BMT qəbul edirsə ki, Dağlıq Qarabağda qondarma və separatçı "respublika” qurulub, bəs onda niyə bu günə qədər həmin quldur rejimə qarşı heç bir sanksiya tətbiq etməyib, təzyiq göstərməyib? Axı qərb strukturları da çox gözəl bilirlər ki, qondarma rejimin birbaşa yaradıcısı məhz işğalçı Ermənistandır. Dəfələrlə Azərbaycan Prezidenti məsələ qaldırıb ki, D.Əsgərov və Ş.Quliyev heç bir ölkənin sərhəddini pozmayıblar. Onlar Azərbaycan vətəndaşı kimi öz dövlətlərinin ərazilərində hərəkət ediblər. Silahsız olublar və heç bir cinayət törətməyiblər. Amma buna baxmayaraq, xarici havadarlarına arxalanan qondarma rejim ortaya "məhkəmə” oyunu ataraq təlxəklik edir”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da açıqlamasında bildirib ki, beynəlxalq qurumlar tərəf-müqabili kimi işğal edilmiş ərazidə yaradılan qondarma rejimə yox, təcavüzkar Ermənistana baxmalıdır: "BMT-nin baş qərargahı Cenevrədə yerləşir. Biz həmin qurumda itkin düşmüş və girov götürülmüş insanlarla məşğul olan təxminən 10 nəfəri aşkar edərək QAT adından onlara ingilis dilində müraciət ünvanladıq. Müraciətdə xüsusi olaraq vurğuladıq ki, girovların qaytarılması prosesində Ermənistanın məsuliyyətdən kənarda saxlanması qətiyyən doğru deyil. Çünki BMT-nin Təhlükəsizlik Şurasının bütün qətnamələrində göstərilib ki, Dağlıq Qarabağ və ətraf əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu, digər beynəlxalq təşkilatlar tərəfindən də birmənalı şəkildə təsdiqlənib. Bu baxımdan Ermənistan işğal etdiyi ərazidəki bütün hadisələrə birbaşa cavabdehdir. Beynəlxalq qurumların qondarma rejimi ön plana çıxarması düzgün deyil”.

İsmayıl