Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu və birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən ilk Avropa Oyunları ilə əlaqədar Londonda moda nümayişi keçirilib.
Heydər Əliyev Fondundan Lent.az-a verilən məlumata görə, Azərbaycan milli musiqisinin müşayiəti ilə keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, yerli ictimaiyyətin nümayəndələri, burada yaşayan həmvətənlərimiz iştirak ediblər.
Tədbir çərçivəsində "Bakı-2015” birinci Avropa Oyunlarından bəhs edən videoçarx nümayiş olunub. Sonra azərbaycanlı modelyerlər milli ornamentlərimiz və "Bakı-2015”in rəmzləri ilə bəzədilmiş geyimləri təqdim ediblər. Moda nümayişi böyük maraqla qarşılanıb.