Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Piter Semnebinin adı Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahısı”ndan çıxarılıb. Buna səbəb Semnebinin nazirliyə müraciət ünvanlayaraq üzrxahlıq etməsi olub. Bu barədə XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
O bildirib ki, Semnebinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barəsində qərar qəbul edilib. Məlumat üçün bildirək ki, nazirliyin "qara siyahısı”na əsasən işğal altındakı torpaqlarımıza qanunsuz olaraq səfər edən siyasilərin, diplomatların və jurnalistlərin adı salınıb. "Qara siyahı” məsələsinə münasibət bildirən
H.Hacıyev bəyan edib ki, Dağlıq Qarabağ və ətraf rayonlara qeyri-qanuni səfərlər edən şəxslər arzuedilməz şəxslər siyahısına daxil edilirlər: "Ümumiyyətlə, bu, dünyada qəbul olunmuş bir praktikadır. Ölkələrin sərhəd keçid qaydalarını və digər qanunlarını pozan şəxslərin həmin ölkəyə girişinə qadağa qoyulur. Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxslər Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü və qanlı etnik təmizləmə siyasətinin nəticələrini təşviq etmələrinə görə daşıdıqları siyasi və mənəvi məsuliyyətlərini dərk etməlidirlər. Bu səfərləri həyata keçirən şəxslər dərk etməlidir ki, onların hərəkətləri bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hisslərinə toxunur”. XİN rəsmisi bir sıra şəxslərin siyahıdan çıxarılmasına da toxunub: "İndiyə qədər 10-dan artıq şəxsin adı bu siyahıdan çıxarılıb. Müraciətlər çox olsa da, hər bir belə müraciət fərdi əsasda nəzərdən keçirilir və bu şəxsin siyahıdan çıxarılması barəsində qərar qəbul olunur. Prosedur olaraq, adının bu həqarətli siyahıdan çıxarılmasını istəyən şəxslər yazılı məktubla XİN-ə müraciət edə bilərlər. Bu müraciətdə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, qanunlarına hörmət və qanunsuz səfərdən peşmançılıq ifadə olunmalıdır”.
Məsələylə bağlı fikirlərini bölüşən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu kimlərinsə kiçik bir üzrxahlığa görə "qara siyahı”dan çıxarılmasını məqsədəuyğun saymayıb və bunun yersiz olduğunu deyib: "Ermənistan tərəfdən gedib işğal altında olan torpaqlarımızda konsert verən hansısa müğənnini daha sonra Bakıya dəvət etmək üçün həmin siyahıdan çıxartmaq absurd bir şeydir. Onda bu "qara siyahı”nın tərtib olunmasında məqsəd nədir? Bilirsiz, belə yanaşma dövlətə qarşı hörmətsizlikdir. Əgər o siyahı konkret hansısa məsələyə görə tutulubsa, onun meyarları olmalıdır. Meyarlar varsa, onu ayrı-ayrı fərdlərə münasibətdə korrektə etmək olmaz. Şəxsən mən bu məsələyə çox neqativ baxıram”. Siyasi ekspert ümumilikdə "qara siyahı”nın tərtib olunmasını normal hal kimi dəyərləndirib: "İşğal altında olan ərazilərimizə icazəsiz getmək Azərbaycan sərhədlərini qeyri-qanuni keçməkdir. Bu baxımdan müəyyən siyahının olmasını normal qarşılayıram. Belə bir təcrübə Gürcüstanda da olub. Sadəcə olaraq tutulan siyahını kimlərinsə marağı naminə korrektə etmək qeyri-ciddi yanaşmadır”.
İsmayıl