Bu il mayın 7-də Vaşinqtonda Demokratiyaya Milli Dəstək Fondunun (National Endowment for Democracy - NED) təşkilatçılığı ilə "Azərbaycan: Demokratik həmrəylik üçün sınaq” adlı tədbir keçiriləcək.
APA-nın xəbərinə görə, saat yarım planlaşdırılan tədbirdə Emin Milli, Kənan Əliyev, Tomas de Vaal və Miriam Lanskoyun çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, iki gün öncə APA İnformasiya Agentliyi Azərbaycanda I Avropa Oyunları ərəfəsində bu cür tədbirlərin keçiriləcəyi ilə bağlı planın detallarını açıqlayan "Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası” adlı araşdırma təqdim edib. Həmin araşdırmada da bu cür silsilə tədbirlərin keçiriləcəyi qeyd olunub. Araşdırmada qeyd olunub ki, plan ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən koordinasiya edilir. Eyni zamanda ABŞ-da bu kampaniyanın təşkil olunmasının NED-ə həvalə edildiyi də bildirilir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə dövlət büdcəsindən maliyyələşdirilən NED vasitəsilə Azərbaycandakı "tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülməsi barədə dəfələrlə sənədlər yayılıb, iddialar səsləndirilsə də, bunlar təşkilat tərəfindən heç vaxt təkzib olunmayıb. Araşdırmada o da qeyd olunub ki, NED-in Azərbaycanla bağlı xüsusi layihəsi isə təsdiq mərhələsindədir və yaxın günlərdə açıqlanması nəzərdə tutulur. 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli-miqdarda vəsait ayrılıb.
Xatırladaq ki, mayın 7-də Vaqişqtonda keçiriləcək tədbirdə həm də bu layihənin təqdim edilməsi istisna deyil .