Politoloqlar millət vəkili olmaq istəyirlərmi?

Elxan Şahinoğlu, Fərhad Mehdiyev seçkiyə qatılmayacaqlar
Qabil Hüseynli, Ərəstun Oruclu isə artıq qərar veriblər



2015-ci ilin payızında Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak edib-etməyəcəkləri ilə bağlı növbəti sorğunu ölkənin tanınmış politoloqları, siyasi şərhçiləri arasında keçirdik. Maraqlıdır, kimlər öz siyasi fəaliyyətini deputat kürsüsündən davam etdirəcək, kimlər bu böyük məsuliyyətdən bu il də yan keçəcək?

Sabiq təhlükəsizlik zabiti, siyasi şərhçi Arzu Nağıyev bu gün üçün dəqiq heç nə deyə bilməyəcəyini bildirib: "İndidən konkret heç nə deyə bilmərəm. Qarşıdakı altı ayda çox hadisələr ola bilər. Bu namizədlik məsələsi də həmin hadisələrdən asılı ola bilər. Ancaq onu deyim ki, siyasətlə məşğul olmaq istəyindəyəm”.

REAL Hərəkatının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı isə deyib ki, bu haqda danışmaq üçün hələ ki, çox tezdir: "Bu yaxınlarda REAL Hərəkatı qarşıdan gələn parlament seçkilərində iştirakla bağlı planlarını açıqlayacaq.

REAL-ın rəsmi açıqlamasına qədər də mənim namizəd olub- olmayacağımla bağlı danışmağım üçün çox tezdir. Amma onu da deyim ki, biz seçkilərin ədalətli, rəqabətli və açıq şəkildə keçiriləcəyinə şübhə edirik”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun isə nə builki parlament seçkilərində namizəd olaraq iştirak etmək, nə də ümumiyyətlə, millət vəkili olmaq planı var. O, müstəqil siyasi analitik kimi öz fəaliyyətini davam etdirmək niyyətindədir.

Politoloq Natiq Miri:

- Ölkəmizin gələcək inkişaf perspektivi baxımından çox aktual sualdır. Çünki parlament hakimiyyətdə icraedici orqanlara nəzarət edəcək və əsaslı qanunlar bişirəcək orqandır. Bugünkü parlamentin tərkibi formal olaraq bu funksiyanı yerinə yetirir. Mən də sizin kimi gələcək parlamentin işlək, bütün problemləri küçələrdə deyil, parlament zalında danışaraq çözülməsini istərəm. Yeni parlament tərkibinə yeni rənglər əlavə olunmalıdır ki, rəngarəng olsun, sivil dartışmalarla həqiqət ortaya çıxsın, nəticədə dövlət və millət qazansın. Ona görə də yeni tərkibdə politoloqların və media işçilərinin də olmasını istəyirəm. Əgər seçki öncəsi istədiklərimizə adekvat şərait yaranarsa, böyük məmnuniyyətlə seçkilərdə iştirak edərəm. Əks halda seçki təbliğatı müəyyən maliyyə gərəkdirir ki, bu maliyyə də indiki şəraitdə heç bir politoloqda yoxdur. Düşünürəm ki, dövlətin bu beyin mərkəzlərinə sahib çıxması lazımdır ki, başqa xarici güclər bu vəziyyətdən sui-istifadə edə bilməsinlər. Ona görə də son qərarımı vəziyyətə uyğun olaraq verəcəm.

Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev isə xaricə gedəcəyi üçün parlament seçkilərində namizəd olaraq iştirak etməyi düşünmür: "İşimlə əlaqədar xaricə köçməliyəm. Əgər qalası olsaydım, bu il namizədliyimi vermək planım vardı”.

Politoloq Qabil Hüseynli isə deyib ki, "Bəli, seçkiyə qatılmaq fikrim var”. Artıq bir neçə dairədən ona təkliflər gəldiyini vurğulayan politoloq yaxın müddətdə həm seçkiyə qatılmağı, həm də konkret hansı dairədən namizədliyini verəcəyi ilə bağlı son qərarını açıqlayacaq: "Hələlik ölkədəki siyasi prosesləri izləyirəm. Seçkiqabağı situasiyanı, imkanlarımı ölçüb-biçdikdən sonra fikrim aydınlaşacaq”.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Hatəm Cabbarlının da qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyəti yoxdur: "İşlədiyim sahədə də dövlətimizə xidmət etdiyim qənaətindəyəm”.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə bir çox həmkarlarından fərqli olaraq builki parlament seçkilərinə namizədliyini vermək niyyətindədir. Bu barədə hələlik dəqiq qərar verməsə də, planları arasında var: "Namizəd olacağıma dair yekun qərarım olmasa da, böyük ehtimalla seçkilərdə iştirak edəcəm”. Çox güman ki, Ə.Oruclu mübarizəyə Səbail rayonundan qatılacaq: "Hazırda Səbail rayonunun Badamdar qəsəbəsində yaşayıram və namizədliyimi də bu ərazidən irəli sürməyi düşünürəm”.

Namizədliyini verəcəyi təqdirdə politoloqun heç bir mövcud partiya və ya partiyalar blokuna qatılmaq fikri yoxdur: "Ola bilər ki, müstəqil namizədlərdən ibarət blok yaradaq. Bu barədə müəyyən məsləhətləşmələr gedir”.

Şəymən