Tənzilə Rüstəmxanlı: “Bu hadisə ilə bağlı özüm bir yazı yazmağı düşünürəm”
Aprelin 24-də ABŞ-ın Vaşinqton şəhərində, qondarma erməni soyqırımının 100-cü ildönümü ilə əlaqədar keçirilən aksiyada Azərbaycan və Türkiyə bayrağını ermənilərdən qoruduğuna görə saxlanılan həmyerlimiz dünən azadlığa buraxılıb. 1 gün polis məntəqəsində saxlanılan Nəvid Sultani azadlığa çıxsa da, məhkəmə prosesi hələ bitməyib. Üstəlik, ABŞ-dakı Ermənistan səfirliyi də Nəvid Sultanini məhkəməyə verib və onun səfirlik qarşısına getməsinə qadağa qoyulub.
ABŞ-da saxlanılan azərbaycanlı Nəvid Sultani deyir ki, onu polislə üz-üzə durduğu üçün ittiham ediblər. Amma əslində belə bir iş olmayıb. Nəvid Sultani bildirib ki, öz maşınında həm Azərbaycan, həm də Türkiyə bayrağını dalğalandırmaqla 2 ölkənin bir yerdə olduğunu nümayiş etdirmək istəyib. Amma sonradan ermənilərin bayrağımıza qarşı hörmətsiz davranmasını sakit qarşılaya bilməyib.
Maşını bayrağımızı ermənidən geri almaq üçün saxladığını vurğulayan Nəvid Sultaninin sözlərinə görə, bu zaman özü də bilmədən naməlum səbəbdən polislər tərəfindən saxlanılıb.
Böyük bir erməni qrupunun qarşısına keçib, türk bayrağını müdafiə edən N.Sultaninin bu addımı hər nə qədər cəsarətli və vətənpərvər bir addım olsa da, onun bu addımına nə Azərbaycan, nə də Türkiyədən layiqli reaksiya gəldi. Az qala bütöv bir erməni lobbisinin üzərinə təkbaşına gedən və haqsız yerə Amerika polisi tərəfindən saxlanılan bu şəxsin şücaətli addımı ictimaiyyətdə lazımi qədər təbliğ olunmadı.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da hesab edir ki, hər nə qədər geniş şəkildə işıqlandırılmasa da, Sultaninin bu addımı təqdirəlayiqdir: "Vaşinqton səfirliyinin qarşısında avtomobili ermənilərin üzərinə sürməsi və türk bayrağını müdafiə etməsi çox cəsarətli bir addımdır. Hesab edirəm ki, onun əl-qolunun bağlanaraq Amerika polisi tərəfindən saxlanılması qərəzli mövqe idi. Doğrudur, bu gün (dünən) həmyerlimizi azad ediblər, amma faktla bağlı araşdırmalar hələ də davam etdirilir. Əslində onun saxlanılması haqsızlıq idi. Nəvid Sultani ermənilərin qanunsuz hərəkətlərinə qarşı türk bayrağını müdafiə edib, Amerika dövlətinə və ya dövlətçiliyinə qarşı sayğısızlıq və ya qanunsuzluq etməyib. Zənnimcə, Azərbaycanın və Türkiyənin ABŞ-dakı diplomatları, diasporları həmin azərbaycanlıya sahib çıxmalı, onun işini nəzarətə götürməlidir. Ümid edirəm ki, Amerika polisi ədalətli qərar çıxaracaq. Hər halda bu adamı azadlığa buraxıblar və araşdırmaların da obyektiv olacağını güman edirik. Əgər Amerika hüquq-mühafizə orqanları onun haqqında ədalətsiz qərar çıxarsa, Qarabağ Azadlıq Təşkilatı öz mövqeyini ortaya qoyacaq. Ən azından Amerikanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirəcəyik. Çünki həmin adam heç bir qayda-qanun pozuntusuna yol verməyib. Onun bu etirazını Amerika hökumətinə qarşı çıxmaq kimi yozmasınlar, bu adam sadəcə olaraq, saxta erməni soyqırımı ilə bağlı haqsız tələblər irəli sürən ermənilərə qarşı öz mövqeyini ortaya qoyub”.
A.Nağı sonda onu da qeyd edib ki, erməni qrupun önündən türk bayrağıyla keçən azərbaycanlı çox güman ki, Azərbaycan vətəndaşı olmayıb: "Nəvid Sultani soyadından göründüyü kimi Cənubi Azərbaycandandır. Amma bunun bizim üçün heç bir fərqi yoxdur. Həmin adam ermənilərə qarşı türk bayrağını müdafiə edib, biz də ehtiyac olduğu halda öz üzərimizə düşən vəzifəni yerinə yetirib, onu müdafiə etməliyik”.
"Azəri-Türk” Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı isə hesab edir ki, kimliyindən və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq ortada bir fakt var ki, bu adam böyük bir erməni qrupun önündən türk bayrağıyla keçib: "Ermənilərin saxta soyqırım iddiasına qarşı Azərbaycan hər zaman Türkiyənin yanında olub və onun maraqlarını müdafiə edib. Ölkə daxili ilə yanaşı, xarici ölkələrdə də diasporamız türk diplomatları ilə yanaşı hərəkət edib. Hesab edirəm ki, ermənilərə qarşı türk bayrağını müdafiə edən bu azərbaycanlını Türkiyə və Azərbaycan mediası gündəmdə saxlamalı idi. Çox təəssüflə vurğulamalıyam ki, təbliğat sahəsində erməni mediası Azərbaycan və Türkiyə mediasının çox-çox önündədir. Həmin azərbaycanlının atdığı addım kifayət qədər qürurvericidir, amma ona layiq olduğu münasibət sərgilənmədi. Bu da məni çox üzür. Odur ki, bu hadisə ilə bağlı özüm bir yazı yazmağı düşünürəm”.
Şəymən