Son zamanlar kiçik mağazalar tədricən azalır. Əvəzində paytaxt və respublikanın digər şəhərlərini böyük supermarketlər bürüyür. Mağaza sahibləri və ekspertlər isə bunun satılan malların qiymətləri ilə bağlı olduğunu bildirirlər.
"Araz” supermarketlər şəbəkəsinin marketinq direktoru Alpaslan Öztaş "Bizim Yol”a bildirib ki, Azərbaycanda iri supermarketlərin sayının artması ənənəvi mağazaların, məhəllə marketlərinin bazardan çıxmasına səbəb olacaq: "Bir müddətdən sonra Azərbaycanda pərakəndə ticarətin böyük bir hissəsi 3-4 markanın əlinə keçəcək. Zaman içərisində görəcəksiniz ki, iri supermarketlərin bir çoxu rəqabətə tab gətirə bilməyib fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq. Və ya onların bəziləri birləşəcəklər. Nəticədə, bazarda 3-4 iri markanın olduğu vəziyyət yaranacaq”.
"İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin eksperti Samir Əliyevin qənaətincə, böyük supermarket və hiper marketlərin çoxalması kiçik mağazaların tamamilə bağlanıb sıradan çıxmasına səbəb olmayacaq: "Çünki bütün dünyada iri ticarət şəbəkələri bir qayda olaraq şəhərdən kənarda yerləşir. Ona görə ki, supermarketlər böyük bir ərazidə ticarət şəbəkəsi qurur və buna uyğun olaraq vergi tətbiq etdiyinə görə, ucuz başa gəlsin deyə şəhər kənarına köçürülür. Azərbaycan müstəqillik əldə etdiyi 1990-cı illərdə demək olar ölkəmizdə supermarketlər yox idi. Yalnız "Ramstore”, "Super Kontinental” kimi supermarketlər fəaliyyət göstərirdi. Son 4-5 ildə super və hiper marketlər sürətlə artmağa başladı”.
Lakin bununla belə S.Əliyev kiçik marketlərin sayının azaldığını da deyib: "Lakin bu, kiçik mağazaların azalması anlamına gələ bilməz”.
İqtisadçı-ekspert supermarketlərlə kiçik dükanların fərqliliyini də şərh edib: "Supermarketlərdə mallar mağazalardan fərqli olaraq ucuz qiymətə satılır. Ancaq respublikada ərzaq dükanlarının sayı həddindən artıq çoxdur. Avropa ölkələrində bu qədər dükanlara rast gəlmək mümkün deyil. Supermarketlərə insanlar adətən həftə sonları toplu bazarlıq etmək üçün gedirlər. Kiçik ərzaq mağazalarından isə zəruri ərzaqları alırlar. Çünki supermarketlərdə növbələr gözləmək lazım olur və vaxt itkisi olur. Bu baxımdan kiçik mağazaların gələcəyini təhlükəli görmürəm. Fikrimcə, supermarketlərlə bərabər kiçik marketlər də öz fəaliyyətlərini davam etdirəcəklər, tamamilə sıradan çıxıb yox olmayacaqlar”.
Vüqar Şahinoğlu