Masazırda partlayışın nəticələri yaxın günlərdə açıqlanacaq

Əkbər Feyzullayev: “Ərazidəki tikililərin aqibəti ilə bağlı aidiyyəti qurumlar qərar verəcək”



Bir müddət öncə Abşeron rayonunun Masazır qəsəbəsində baş verən partlayışla bağlı araşdırma-tədqiqat işləri yekunlaşmaq üzrədir.
Tədqiqat işlərini aparan qurumlardan olan Geologiya İnstitutunun neft və qazın geologiyası və geokimyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Əkbər Feyzullayev "Şərq”ə açıqlamasında Nazirlər Kabinetinin qərarı ilə aidiyyəti qurumlarla birlikdə araşdırmalar apardığını söyləyib: "Yəqin 1-2 gün ərzində araşdırmalar yekunlaşıb nəticələri NK-ya təqdim olunacaq. Bundan sonra həmin ərazidəki tikililərin aqibəti ilə bağlı aidiyyəti qurumlar qərar verəcək”.
Şöbə müdiri Masazır kəndinin yaxın 1 km ərazisindəki evlərin sökülməsi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: "Belə bir söhbət yoxdur. Hələ tədqiqat işləri gedir. Boş-boş söhbətlərlə camaatı narahat etmək lazım deyil. Biz köçürmə ilə bağlı rəsmi qərar vermirik. Şəxsən mən bu sözü deməmişəm”.

Qeyd edək ki, partlayışdan sonra Masazır kəndində təbii qaz mənbəyi aşkar olunmuşdu. Bundan sonra aidiyyəti dövlət qurumları birlikdə həmin ərazidə tədqiqat işlərinə başlayıb.

Vüqar