Dəyanət Rzayev: “Psixoloq müəllim kimi bir şeydir. Psixoterapeftlər lazımdır. Psixoloq yalnız nəzəriyyələri keçə bilər”
Əjdər Ağayev: "Bəzi valideynlər "Mənim uşağımı niyə izləyirsən?” fikirləri də psixoloqun işinə mane olur”
Könül Vaqifqızı: "Orta məktəblərdə 1 psixoloqun ən azı 1000 şagirdlə işləməsi mümkün deyil”
Son zamanlar məktəblilərlə əlaqədar baş verən neqativ hadisələr orta təhsil müəssisələrində psixoloq ştatlarının yaradılması zərurətini yenidən aktuallaşdırıb. Çünki inkişaf dövrünün bəzi böhranlı mərhələləri məhz məktəb illərinə təsadüf edir. Odur ki, şagirdlərin qarşısına çıxan problemlərin məktəb psixoloqunun köməyilə tənzimlənməsinə böyük ehtiyac duyulur. Buna rəğmən ölkənin orta təhsil ocaqlarında məktəb psixoloqunun yerinə yetirməli olduğu vəzifəyə o qədər də önəm verilmir. Halbuki, uşaqların təlim və tərbiyə prosesinə müəllim və valideynlərlə birgə, psixoloqlar da nəzarət etməlidir. Ona görə ki, bu dövrdə şagirdlərdə yeni xüsusiyyətlər formalaşır, qızlar və oğlanlar baş verən proseslərə daha aqressiv reaksiya göstərirlər. Onlarla düzgün iş aparılarsa, həmin xüsusiyyətlər tədricən aradan qalxar, əks halda, qəzəbli davranış xüsusiyyət kimi formalaşa bilər. Bundan başqa, məktəb psixoloqu şagirdin hafizəsi, təfəkkürü və xarakterinin inkişafı yönündə ciddi işlərin görülməsində yaxından iştirak edə bilər.
Lakin nə qədər ki, orta təhsil müəssisələrində bu xidmət lazımınca işləməyəcək, bir o qədər cəmiyyətdə məktəblilərlə bağlı amansız hadisələr yaşanacaq. Buna ötən günlərdə Bakı şəhərində 20 yaşlı gənc oğlanın məktəbli qızı öldürməsini misal göstərə bilərik. Məlumat üçün bildirək ki, hadisə Bəhruz Nuriyev küçəsi 81 ünvanında qeydə alınıb. Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı, 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib. Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində İ.Hüseynov saxlanılıb. Qeyd edək ki, A.Babayeva Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.
Məsələyə münasibət bildirən psixoloq Dəyanət Rzayev "Şərq”ə açıqlamasında söyləyib ki, məktəblərə psixoloq deyil, psixoterapiyanı bilən peşəkarlar cəlb olunmalıdırlar: "Psixoloq müəllim kimi bir şeydir. Psixoterapeftlər lazımdır. Psixoloq yalnız nəzəriyyələri keçə bilər. Amma psixoterapeftlər müəyyən xüsusi təlimlər apara bilirlər. Məktəblilərin intihar hallarının sayının azadılması üçün orta məktəblərə psixoterapeftlər cəlb olunmalıdır. Buna çox böyük ehtiyac duyulur”.
Ekspertin qənaətincə, ölkəmizdə insanların arasında psixapatiya gedir: "Psixapat insan da nə özü yaşayır, nə də başqasının yaşamasına imkan verir. Baxın, hazırda nə valideynlər, nə də müəllimlər uşaqları tərbiyə edə bilir. Valideynlər qazanc arxasınca gedirlər. Tezdən çıxıb axşam gəlirlər. Bunu etməyəndə də ailəni dolandıra bilmirlər. Digər tərəfdən psixoterapeftə 180 manat verib, məktəbə çağırmağın da mənası yoxdur. Çünki aşağı əmək haqqı ilə heç kim keyfiyyətli iş görməz. Lakin ona yüksək maaş versən, əməlli-başlı iş aparar. Bunun da qısa müddət ərzində müsbət effektini görə bilərik. Əks halda mümkün olmayacaq. Proseslər indiki axınla davam edəcəksə, çox dəhşətli mənzərələrə şahidlik edəcəyik”.
Təhsil üzrə ekspert, professor Əjdər Ağayev də düşünür ki, məktəblərdə psixoloji xidmət mütləq olmalıdır: "Ekoloji problemlərin insan psixologiyasına təsiri böyükdür. Həkimlərin məlumatına görə, yeni doğulan uşaqların bəlkə də 80 faizi qüsurlu dünyaya gəlir. Bundan əlavə, həmin uşaqlarda müəyyən ruhi, hissi çatışmazlıqlar da olur. Demək, həyati tələb kimi psixoloji xidmətə ehtiyac yaranır. Harda ünsiyyət və münasibət varsa, orada davranışın səviyyəsi, tərzi meydana çıxır. Nəticədə psixoloji yanaşmalara xüsusi ehtiyac yaranır”.
Ekspertin fikrincə, təlim prosesinin çətinlikləri, kurrikulum təhsil proqramları üzrə hazırlanan dərsliklərdə uşaqların fizioloji, psixi inkişaflarını nəzərə almaq lazımdır: "Dərsliklər olduqca ağırdır. Nəinki şagirdlər, hətta bəzi müəllimlər də dərsliklərdəki bəzi tapşırıqları yerinə yetirə bilmirlər. Xüsusən, riyaziyyat fənni üzrə. Bu çətinliklər ruhi sarsıntılara gətirib çıxarır. Birinci sinifdən dərsliklər ağır olduğu üçün uşaq gərginlik keçirir. Bütün bunların qarşısını almaq üçün psixoloji xidmətin böyük əhəmiyyəti var”.
Şura sədrinin sözlərinə görə, Bakı şəhəri üzrə Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma institutunda və BDU-da psixoloji xidmət üzrə mütəxəssislər hazırlanır. Amma bu hazırlanmalar kifayət dərəcədə deyil: "Hazırda məktəblərimizdə psixoloji xidmətə və psixoloq-mütəxəssislərə çox ehtiyac var. Bəzi məktəblərdə yaxşı psixoloji xidmət göstərən kadrlar fəaliyyət göstərir. Amma əksəriyyətində ştatı tuturlar, heç bir psixoloji eksperiment aparmırlar, psixoloji diaqnostik iş görmürlər, sadəcə, işə gəlib-gedirlər. Həmçinin bəzi valideynlərin də "Mənim uşağımı niyə izləyirsən?” fikirləri də psixoloqun işinə mane olur. İstərdim ki, bugünkü məktəblərimizdə psixoloji xidmət işi çox güclü şəkildə həyata keçirilsin və məktəbdə əsas sima kimi öz yerini tutsun. Bu, həm təbliğati, həm tədqiqi, həm psixoloji sağlamlıq baxımından xeyli təsir göstərə bilər”.
Psixoloq Könül Vaqifqızı hesab edir ki, hər bir təhsil ocağında psixoloji mərkəz olmalıdır: "Doğrudur, bəzi orta məktəblərdə 1 və ya 2 psixoloq fəaliyyət göstərir. Orta məktəblərdə 1 psixoloqun ən azı 1000 şagirdlə işləməsi mümkün deyil. Bu halda işin effekti də aşağı olur. Məktəblərdə psixoloji xidmətin təşkili çox zəruridir. İndiki halda Azərbaycanda psixologiya sahəsi üzrə ali təhsilli kadrların sayı kifayət qədərdir. Onların imkanlarından daha yaxşı istifadə etmək üçün psixoloqların məktəblərə təyinatla göndərilməsi də yaxşı olardı. Çox zaman məktəblərdə psixoloq ştatına işə qəbul olunan insanlar baza təhsilli psixoloqlar olmur. Onlar ixtisasartırma kurslarında iştirak edərək sonradan ixtisaslarını dəyişmiş insanlar olurlar. 3, 9 aylıq və 1 illik kurslarda iştirak etməklə peşəkar psixoloq olmaq mümkün deyil. Psixoloji xidmət göstərən mütəxəssis baza təhsilli psixoloq olmalıdır. Çünki şagirdlə bağlı problem yarandıqda, psixoloq onunla necə işləyəcəyini, hansı metodikadan istifadə edəcəyini bilməlidir”.
Həmsöhbətimiz vurğulayıb ki, ölkədə dövlət hesabına, pulsuz psixoloji xidmət göstərən müəssisələr, ailəyə psixoloji yardım mərkəzləri yaradılmalıdır. Çünki bu xidmətin sayəsində ailələrdə bir çox problemlərin, o cümlədən bu gün qabarıq olan boşanma, zorakılıq hallarının qarşısı alına bilər: "Psixoloji biliklərin məktəb şəraitinə, təlim-tərbiyə prosesinə tətbiq olunması çox mühümdür. Məktəbin cari həyatında baş verən problemlər - şagirdlərin təlimə marağı, təlim müvəffəqiyyətsizliyi, şagirdlərin həm yaşıdları, həm müəllimləri, həm də valideynləri ilə münasibətlərində problemlərin araşdırılması, şagirdlərin cəmiyyətin həyatına psixoloji hazırlığını təmin etmək baxımından da psixoloji xidmət mühüm əhəmiyyət kəsb edir”.
Hazırda bəzi məktəblərdə psixoloqların olmadığına diqqət çəkən müsahibimiz deyib ki, şəhər məktəblərində psixoloqa bir o qədər də ehtiyac yoxdur: "Ancaq rayonlarda elə məktəblər var ki, orada müəyyən qədər praktik psixoloqa ehtiyac duyulur. Söhbət professional işçilərdən gedir. İxtisaslı psixoloqlar olan orta məktəblərdə psixoloqlar sinif rəhbəri və digər müəllimlərlə birlikdə şagirdlərlə işləyə bilir. Bu da məktəbin fəaliyyətinə müsbət təsir göstərir”.
Ayyət Əhməd