Paytaxtda tükürpədici, dəhşətli hadisə yaşanıb. İş axtaran 33 yaşlı Mələk Abdullayevanı paytaxt sakini 24 yaşlı Orxan Səlimzadə zorlayıb. Məlumata görə, zərərçəkmiş iş tapmaq məqsədi ilə adıçəkilən şəxslə tanış olub. Həmin oğlan qadını Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisə dəvət edib və ona iş tapacağına söz verib. Növbəti görüş zamanı isə Orxan M.Abdullayevaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Məlumata görə, zorakılığa məruz qalan qadın polisə müraciət edib. Faktla bağlı Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir. Məlumdur ki, bu, birinci hal deyil.
Son zamanlar analoji hadisələrə tez-tez rast gəlinir. Artıq bəzi müəssisə rəhbərləri işçi götürərkən savadlı və intellektli kadrlara deyil, yaraşıqlı, cazibədar xanımlara üstünlük verirlər. Məqsəd isə aydındır. Həmin xanım bir müddət çalışandan sonra müdir ona nalayiq təkliflər edir. Təklifi qəbul edildiyi halda o qadını öz müavini vəzifəsinə qədər yüksəldir. Əks halda onu ya işdən azad edir, ya da cinsi zorakılığa məruz qoyur. Maraqlıdır, görəsən, bu çirkin əməllər nədən irəli gəlir? Niyə bəzi ofis rəhbərləri belə hallara yol verirlər və bunun qarşısının alınması istiqamətində hansı addımlar atılmalıdır?
Olayın təəssüf doğurduğunu deyən İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, hüquq müdafiəçisi İradə Cavadova "Şərq”ə açıqlamasında söyləyib ki, bu cür hallar getdikcə çoxalır. Onun sözlərinə görə, əksər ofislər gənc xanımları aldatmaqla məşğuldurlar: "Fakt odur ki, hadisə baş verib. Ofisin qeydiyyatda olub-olmamasından asılı olmayaraq həmin şəxs cinayət məsuliyyəti daşıyır. Doğrudur, hər bir ofis rəhbəri işçi qəbul edə bilər. Amma ona heç kəs bu hüququ vermir ki, müraciət edənlərə nalayiq hərəkətlər etsin. Qanunsuz hərəkətdir”.
Bununla yanaşı, hüquq müdafiəçisi söyləyib ki, məsələni aydınlaşdırmaq üçün iki tərəfi də dinləmək lazımdır: "Xanım ekspertizadan keçməli idi. Ekspert rəyi olmalıdır. Bu rəy mövcud olarsa, O.Səlimzadə məsuliyyətə cəlb olunmalıdır. Xanım hadisəni sübut edə bilməzsə, iddianın böhran xarakterli olması üzə çıxarsa, o zaman xanım məsuliyyət daşıyacaq. Bütün hallarda deyim ki, belə hallarla qadınlar çox rastlaşır. Bəzən görürsən ki, hansısa işəgötürən qadın işçisinə
xoşagəlməz təkliflər edir. Xanım da imtina etdikdə, onu işdən çıxardır. Təəssüf edirəm ki, belə hadisələr baş verir. Ən azından insanlar bilməlidirlər ki, bu cür davranışlar cinayət məsuliyyətinə gətirib çıxara bilir. Onu etməməlidirlər. Çəkinməlidirlər”.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, belə olaylar asılılıq zəminində baş verir: "Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nəzdində məşğulluq mərkəzləri var. Rəsmi qurumlardı. Ora müraciət etmək lazımdır. Çünki onlar çox normal fəaliyyət göstərirlər. Lakin işə düzəltmə ilə bağlı yaradılan özəl təşkilatlarda çox cəfəng oyunlar baş verir. Elələri var ki, vətəndaşa səni işə düzəldirəm deyib, şəxsiyyət vəsiqəsini alır, onu hansısa müəssisəyə göndərir. Müəyyən müddət işlədirlər. Əmək haqqı vermirlər. Sonrakı halda şəxsiyyət vəsiqəsini girov saxlayıb, səni işə düzəltmişəm deyib, ondan pul alırlar. Əslində vətəndaşı heç bir işlə də təmin etmirlər. Bu cür məsələlər araşdırılmalıdır. Orxana törətdiyi cinayətə görə, çox ciddi cəzalar verilməlidir”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, ƏƏSMN-də əmək müfəttişliyi mövcuddur. O müəssisə əmək və tikinti obyektlərində reydlər keçirir: "Bu cür faktlarla bağlı müraciətlər olsa, ictimailəşdirilməlidir ki, ona dair də reydlər aparılsın. Faktlar aşkarlanıb, cəza tətbiq edilsin. Əmək müfəttişliyi belə hallara dərhal reaksiya verməlidir”.
Sosioloq Əhməd Qəşəmoğlu isə hadisələrin bu həddə çatacağını öncədən təxmin etdiyini deyib: "90-cı illərin əvvəllərində bu sahədə gələcəkdə daha arzuolunmaz hadisələrin olacağını təxmin etmişdim. Amma belə davam etsə, növbəti illərdə vəziyyət lap gərginləşəcək. Mənəviyyat sahəsində islahatlar aparılmasa, daha çox xoşagəlməz hadisələrlə qarşılaşacağıq, zorlamaların sayı artacaq, əxlaqsızlıq baş alacaq. Pornoqrafik sayt və jurnallar bu cür hadisələrin yayılmasına xidmət göstərir”.
Həmsöhbətimiz onu da əlavə edib ki, sovet dövründə belə insanların pis xislətinin üzə çıxmasına imkan verilmirdi: "Amma indi bu hadisələrdən nə qədər sarsılan varsa, bir o qədər də həzz alan tapılır. Zorlanma faktını lentə alıb internetə qoyanlar var ki, onun həzz ilə bu işi gördüyünə əminəm. Əks təqdirdə mane olardı. Üstəlik bizim bilmədiyimiz, gizli qalan çox hadisələr baş verir”.
Ayyət Əhməd