Elməddin Muradlı: “Tanıdığım və fəaliyyətinə bələd olduğum ənənəvi jurnalist təşkilatları indi ancaq qrant alıb, başını qatır”
Qafar Çaxmaqlı: "Cəmiyyət inkişaf etdikcə, media və media institutları biri-birini əvəz edir”
Arif Əliyev: "Mətbuatın keyfiyyət baxımından itirdiyi şeylər var. Amma uğurlar da var”
Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatları jurnalistlərin müəyyən problemlərinin həlli istiqamətində lazımınca işlərin görüldüyünü bildirirlər. Biz də ölkəmizdəki jurnalist təşkilatlarının nə dərəcədə effektiv çalışdığını və konkret hansı nəticələr əldə etdiyini araşdırmağa çalışdıq.
Onu da deyək ki, Azərbaycanda dövlət qeydiyyatından keçmiş 50-dən çox jurnalist təşkilatı olsa da, onların əksəriyyətinin fəaliyyəti reallıqda hiss olunmur. Belə qurumların bəziləri aradabir hansısa əlamətdar tarixlə bağlı tədbir keçirməklə, digərləri öz marağı naminə layihə reallaşdırmaqla işini bitmiş hesab edir.
"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də bir neçəsi istisna olmaqla, Azərbaycanda jurnalist təşkilatlarının fəaliyyətinin hiss olunmadığı qənaətindədir: "Əksər təşkilatların fəaliyyəti demək olar ki, görünmür. Ancaq aktiv fəaliyyətdə olan bir sıra jurnalist təşkilatları da var. Mətbuat Şurasını tam olaraq, jurnalist təşkilatı sırasına əlavə etməsəm də, fəaliyyətini çox yüksək dəyərləndirirəm. Çünki MŞ hamımızın təşkilatıdır və Azərbaycanda mövcud olan jurnalist təşkilatlarından ən fəalı, operativi və ən işgüzarıdır. Bundan başqa, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycandakı nümayəndəliyinin, JuHİ-nin, Demokratik Jurnalistlər Liqasının, Tərəfsiz Jurnalistlər Birliyinin və s. təşkilatların adını çəkə bilərəm. Ancaq elə jurnalist təşkilatları var ki, heç onların adlarını da tam olaraq bilmirəm. Çox təəssüflər ki, Azərbaycan Jurnalist Birliyi kimi çox qədim tarixə və böyük ənənəyə malik bir təşkilatın bu gün varlığı ilə yoxluğu bilinmir”.
Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatlarının passiv fəaliyyətinin bir mənada təbii olduğunu deyən baş redaktorun sözlərinə görə, birmənalı şəkildə bütün təşkilatlardan aktiv fəaliyyət gözləmək də doğru deyil: "Təbii ki, bu sahədə fəaliyyət göstərən təşkilatların hər biri müəyyən işlər görməyə çalışırlar. Sadəcə, dəstəyi olanlar geniş şəkildə fəaliyyət göstərə bilir, imkanları zəif olanlar isə daha məhdud çərçivədə fəaliyyət göstərirlər”.
Jurnalist təşkilatlarının medianın inkişafında oynadığı rola gəldikdə isə E.Mirzəbəyli qeyd edib: "Şübhəsiz ki, bu cür təşkilatların medianın inkişafı sahəsində gördüyü işlər təqdirəlayiqdir və çox mühüm əhəmiyyətə sahibdir. Ancaq biz bu rolun daha böyük olmasını istərdik. Birmənalı şəkildə hər şeyə neqativ qiymət vermək doğru deyil. Mənim fikrimcə, medianın inkişafına xüsusi töhfə verən təşkilatlar arasında MŞ-nin adını birinci çəkmək lazımdır. Digərlərinin də konkret öz sahələrinə uyğun olaraq, müəyyən fəaliyyətləri və əhəmiyyətləri var. Məsələn, BAMF Azərbaycan mediasını xaricə kifayət qədər yaxşı təmsil edir və onun beynəlxalq əlaqələri çox yüksəkdir. Digərlərinin də təşkilatları sadaladığım bu iki təşkilat qədər yüksək olmasa da, prinsip etibarı ilə müəyyən uğurlara nail olublar. Ancaq əvvəldə də qeyd etdiyim kimi, prinsip etibarı ilə Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatlarının fəaliyyəti məni tam qane etmir. Təbii ki, onların fəaliyyətində nəzərə çarpan çatışmazlıqların da müəyyən obyektiv və subyektiv səbəbləri var. Tam olaraq, desəm ki, JuHİ-nin fəaliyyətindəki çatışmazlıqlar birmənalı olaraq, təşkilatın fəaliyyəti ilə bağlıdır. Bu zaman çox böyük haqsızlıq etmiş olaram. Çünki bütün media qurumlarında jurnalistlərin həmkarlar ittifaqlarının formalaşması ilə bağlı müəyyən problemlər var. Yəni bir çoxunun kollektivinin sayı kifayət qədər deyil, azdır. Bir qismində isə jurnalistlərlə əmək müqaviləsi imzalanmır və onların fəaliyyətləri faktiki olaraq leqal hesab olunmur. Digər səbəb isə həmkarlar ittifaqı konfederasiyasının bu istiqamətdə atmaq istədiyi, lakin hələ də atmadığı addımlar kimi səbəblərdir”.
"Üç nöqtə” qəzetinin redaktoru, "Avtosfer. Az” saytının baş redaktoru Elməddin Muradlı isə hesab edir ki, bütün jurnalist təşkilatları olmasa da, bəzi təşkilatlar nəsə iş görməyə çalışırlar. Amma o da əvvəlki effekti vermir: "İndi jurnalistikanın özü elə günə qalıb ki, onu jurnalist təşkilatları da xilas edə bilməz. Məncə, medianın inkişafına dəstək sahəsində ən böyük jurnalist təşkilatı Mətbuat Şurası və KİVDF-dir. Onlar bu istiqamətdə yetərincə iş görürlər. Amma təbii ki, QHT kimi fəaliyyət göstərən digər jurnalist təşkilatlar da onlara dəstək olsa, daha yaxşı və uğurlu nəticələr əldə etmək olar. Tanıdığım və fəaliyyətinə bələd olduğum ənənəvi jurnalist təşkilatları indi ancaq qrant alıb, başını qatır. Hansısa broşür, kitabça çap edib, bir-iki gənc jurnalisti də başına yığıb bununla da işini bitmiş hesab edir. Əslində onları qınaya da bilmirəm. Çünki bugünkü durum elədir ki, hər kəs tələbata və şəraitə uyğun hərəkət edir. Jurnalist öyrənmək, inkişaf etmək istəmirsə, "feysbuk”da status yazmaqla qəzetdə, saytda xəbər yazmağı, araşdırma aparmağı, reportaj hazırlamağı fərqləndirə bilmirsə, jurnalist təşkilatları nə edə bilər?”
"Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının” sədri Qafar Çaxmaqlı isə mətbuatın institutlaşması üçün jurnalist təşkilatlarının fəaliyyətinin vacib olduğunu deyib: "Mətbuatın bir sahə kimi formalaşmasında qeyd edilən təşkilatların müstəsna rolu var. Yəni universitetlərdə jurnalistika təhsili alan adamlar da çox yaxşı bilirlər ki, bu ali məktəbin verdiyi diplomla kifayətlənmək olmaz. Əsl jurnalist kimi yetişmək, cəmiyyətin sağlamlaşmasına müəyyən təsir göstərmək baxımından jurnalistlərin jurnalist təşkilatlarında birləşməsinin əhəmiyyəti böyükdür. Bilirsiz ki, jurnalist təşkilatları da müxtəlif istiqamətləri əhatələyiblər. Gənclərlə, köhnə nəsillə bağlı, bundan başqa araşdırmaçıları, ekstremal sahə ilə məşğul olan qələm sahiblərini birləşdirən jurnalist təşkilatları var. Yəni onların hər birinin keçirdiyi tədbirlər də qeyd etdiyimiz istiqamətdə olsa, yaxşı nəticələr əldə etmək olar. Hesab edirəm ki, yeni dövr Azərbaycan jurnalistikasının formalaşmasını təmin etmək üçün jurnalist təşkilatları xüsusi çəkiyə malikdirlər. Amma Azərbaycan qəzetlərinin fonunda bu təşkilatların bir qədər sönük görünməsi də təbiidir. Cəmiyyət inkişaf etdikcə, media və media institutları biri-birini əvəz edir. Bir araşdırmaçı, tədqiqatçı gözü ilə baxsaq, görərik ki, bunlar biri-birini tamamlayan ünsürlərdir. Düşünürəm ki, cəmiyyətdə hər zaman bu təşkilatlara ehtiyac olacaq”.
Əldə olunan nəticələrə gəldikdə isə təşkilat rəhbəri bildirib ki, jurnalist təşkilatları hansısa bir zavod və ya fabrik olmadığına görə, konkret faydanı da bilmək olmur: "Bu elə bir sahədir ki, ola bilər, nəticə görünməsin. Əgər biz dövrlərə baxsaq, görərik ki, Azərbaycan müstəqillik əldə edəndən sonra yaranan jurnalist təşkilatlarının effekti indi nə qədər artıb. Amma bir məqamı da deyim ki, bəzi jurnalist təşkilatları faydasız şəkildə fəaliyyət göstərirlər. Ayrı-ayrı beynəlxalq təşkilatlardan qrantlar alıb yalançı tədbirlər keçirməklə də məşğul olan təşkilatlarımız var. Şübhəsiz ki, bu da medianın inkişafına o qədər də yardım etmir. Hər şey cəmiyyətin özündən asılıdır. Cəmiyyətdə sağlamlıq olduğu təqdirdə, bu məsələlərdə durulmaların da şahidi olacağıq. Amma düşünürəm ki, bizim cəmiyyətimiz o qədər də sağlam deyil. Jurnalistlər, qəzetlər, jurnalist təşkilatları arasında sağlam rəqabət yox dərəcəsindədir. Ona görə, bu məsələlərdə də bir az geridə qalırıq. Hesab edirəm ki, Avropa ölkələrindən, Türkiyədən bu nümunələri mənimsəməliyik. Əks halda, jurnalist təşkilatlarının gündən-günə effektliliyinin azaldığını görəcəyik”.
"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev müstəqil Azərbaycan mediasının 20 illik təcrübəsindən söz açıb: "Azərbaycan mediasının çətin bir şəraitdə qazandığı 20 illik təcrübəsi var. İndi mətbuat geniş və çoxşaxəlidi. Bir zamanlar çox çətinliklə qeydiyyatdan keçən, çətinliklə fəaliyyət göstərən 2-3 agentliyimiz, 5-10 qəzetimiz, 2 telekanalımız var idisə, indi say xeyli artıb. Əlbəttə ki, bəzi problemlər də mövcuddur. Mətbuatın keyfiyyət baxımından itirdiyi şeylər var. Amma uğurlar da var, gələcəkdə mətbuatımızın daha da inkişaf edəcəyinə, bu uğurların artacağına inanıram. Yaradılan jurnalist ittifaqları isə bu prosesi sürətləndirməyə yardım göstərəcək”.
Azərbaycan mediasının inkişafında jurnalist təşkilatlarının rolundan danışan Birlik sədrinin sözlərinə görə, ölkədə media nə qədər zəif olarsa, jurnalist təşkilatlarının rolu o qədər artar: "Baxın, ölkədə aparıcı qəzetlərin jurnalistləri döyüləndə, təzyiqlərə məruz qalanda, onlar öz problemlərini özləri həll edirlər. Tanışlıqlar, yaxud da əsaslı faktlar yolu ilə. Amma zəif qəzetlərin jurnalistlərinə qarşı təzyiqlər olanda artıq onların müdafiəsinə jurnalist təşkilatları keçir. Həmin media aciz qalıb, təşkilatlara meyillənir”.
A.Əliyevin sözlərinə görə, jurnalist təşkilatlarının medianın inkişafı üçün görə biləcəyi əsas iş media bazarının optimallaşdırılmasıdır. "Təəssüf ki, bu gün mediamızda yayım bazarının zəifliyi, reklam və satış kimi problemlər hələ də var. İlk növbədə bunları aradan qaldırmalıyıq ki, Azərbaycan mediasının beynəlxalq aləmlə ayaqlaşması üçün yolumuz açıq olsun. Bunun üçün şərait də var. Dövlət büdcəsindən mediaya dəstək üçün maliyyə vəsaiti ayrılır. Bu çox gözəldir. Amma bizə cəmi 3 milyon lazımdır ki, Azərbaycanda yayım bazarını təzədən söküb-yığaq, yüksək səviyyəyə qaldıraq. Bax, onda bizim medianın inkişafı sürətli olar. Əgər biz bu işləri indi görməsək, 5 ildən sonra bu itirilmiş vaxtın suallarını çox verəcəyik”.
"Yeni Nəsil” sədrinin sözlərinə görə, Azərbaycanda jurnalist təşkilatlarının, eləcə də mətbuat orqanlarının ortaq maraqlarını formalaşdırmaq lazımdır: "Əvvəllər belə şey yox idi. Bütün medianın dərdi bir idi. Amma indi redaktorlar da bölünüb, təşkilatlar da. Hər kəs öz mühitinə uyğun olan tədbirlərdə iştirak edir. Media birliyi qalmayıb”.
Davamı olacaq...
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb