Tikintiyə icazə “ASAN Xidmət”ə verilə bilərmi?

Oqtay Haqverdiyev: “Tikinti prosesi elə qurulub ki, onu “ASAN Xidmət” həll edə bilməz”
Vüqar Tofiqli: “Qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı proseslərin icrasının da “ASAN Xidmət”ə verilməsi, bir əldə cəmləşdirilməsi məqsədəuyğundur”


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun əlindən daha bir səlahiyyət alına bilər. Artıq paytaxtda tikinti işləri üçün sənədləşmənin də "ASAN Xidmət”ə verilməsi məsələsi gündəmə gəlib. Millət vəkili Zahid Oruc hesab edir ki, vaxtilə qəbul edilən qanunda fərdi evlər, yaxud obyektlərin tikintisi zamanı yalnız məlumatlandırmadan söhbət getdiyi halda ötən müddət ərzində demək olar ki, vəziyyət dəyişməyib.

Faktiki olaraq icra hakimiyyətlərində bu növ tikintilər üçün xüsusi icazəvermə qaydası hökm sürür. Onlar bu məsələdə Məcəllədə əksini tapmış memarlıq və planlaşdırma ilə bağlı müddəanı əsas götürürlər. Bu səbəbdən, sanki ikili bir vəziyyət yaranıb. Z.Orucun sözlərinə görə, bir tərəfdən qəbul edilən qanunlar həddindən artıq vətəndaş maraqlarını tamamlayır, bürokratiyanı aradan qaldırır, şəffaflıq üçün şərait yaradır, digər tərəfdən isə onun icrası ilə bağlı vəziyyət tamamilə fərqlidir: "Ona görə də tikinti sektorunda həddən artıq problemlər yaşanır. Biz

parlamentdə qəbul etdiyimiz qanunlardan sonra vətəndaşlar həmin qanunların normaları arasındakı labirintdən çıxa bilmirlər. Bu baxımdan hesab edirəm ki, belə normaların tətbiqi xüsusi bir quruma həvalə edilməlidir. Çünki bu səlahiyyətlər icra hakimiyyəti orqanında qaldıqca, vətəndaşlarımız ciddi şəkildə incidilir, ayrı-ayrı qara maraqların ortada dövr etməsinə xidmət edir”. Tikinti ilə bağlı qərb ölkələrinin vahid formaya çoxdan keçdiklərini vurğulayan Z.Orucun sözlərinə görə, bizdə də bu səlahiyyətlərin "ASAN Xidmət” kimi bir quruma verilməsi daha məqsədəuyğundur. Nəticədə tikinti layihələri müvafiq dövlət qurumlarında əvvəlcədən təsdiq olunar, bununla da vətəndaş dərk edər ki, bu, tikinti arxitekturasından qırağa çıxa bilməz:

İqtisadçı Oqtay Haqverdiyev isə Zahid Orucun tikinti ilə bağlı sənədləşmə işlərinin "ASAN Xidmət”ə verilməsi təklifini məqsədəuyğun hesab etmir. Onun fikrincə, bu, mümkün olan şey deyil: "Söhbət tikinti üçün icazədən gedir, hər hansı arayışdan deyil. Nəzərə almaq lazımdır ki, "ASAN Xidmət” icazə vermir. Vətəndaşa hər hansı bir sənəd, arayış lazımdırsa, xidmətə müraciət edib prosesi tezləşdirə bilər. Tutaq ki, hansısa sahibkara torpaq lazımdır. "ASAN Xidmət”ə torpaqla bağlı müraciət etsə, onlar bildirəcək ki, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edin. Bu məsələ "ASAN Xidmət”lik deyil”. İqtisadçı hesab edir ki, sənədləşdirmənin özü ayrı prosesdir, xidmətin funksiyaları isə tamamilə başqadır: "Əgər şəxsə hansısa məsələni həll etmək üçün ayrı-ayrı nazirliklərdən 5 ədəd arayış lazımdırsa, qapı-qapı gəzməmək üçün vətəndaş "ASAN Xidmət”ə müraciət edərək işini həll edir. Çünki həmin qurumların informasiyası xidmətdə mövcuddur. Tikinti prosesi elə qurulub ki, onu "ASAN Xidmət” həll edə bilməz. Tikinti üçün ilk növbədə sahibkara vəsait lazımdır. Bunun üçün banka müraciət edir. Torpaq almaq üçün isə ya dövlətə, ya da bələdiyyəyə üz tutur. Torpağın verilməsi isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin səlahiyyətindədir. Nəzərə alın ki, şəxs arayış yox, torpaq istəyir. Torpağın isə sahibi var, sahib isə "ASAN Xidmət” deyil. Düşünürəm ki, tikinti məsələsi "ASAN Xidmət”lik deyil”. Ekspert Vüqar Tofiqli isə iqtisadçıdan fərqli olaraq, millət vəkilinin təklifini dəstəkləyir: "Zahid Orucun təklifi tam şəkildə təqdirəlayiqdir. Necə ki, 9 nazirliyə aid 23 xidmət növü "ASAN Xidmət”ə həvalə olunub və hər qurumun da öz nümayəndəsi orada təmsil olunur? Eyni proseduru tikinti ilə bağlı sənədləşdirmə işlərinin təşkili ilə bağlı da həyata keçirmək olar. Hesab edirəm ki, tikinti ilə bağlı sənədləşmə işlərinin "ASAN Xidmət”ə verilməsi bu sahədə qeydə alınan neqativ halların qarşısının alınmasında və prosesin operativ şəkildə öz həllini tapmasında öz töhfəsini verə bilər”. V.Tofiqlinin sözlərinə görə, qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı proseslərin icrasının da "ASAN Xidmət”ə verilməsi, bir əldə cəmləşdirilməsi məqsədəuyğundur. Bu bir tərəfdən vətəndaşların işini yüngülləşdirər, digər tərəfdən də cəmiyyətdə sənədləşdirmə ilə bağlı formalaşan neqativ stereotiplərin qırılmasına xidmət edəcək. Yəni tikinti ilə bağlı sənədləşmə işlərinin "ASAN Xidmət”ə verilməsində həm dövlət, həm də vətəndaşların itkilərindən çox qazancları olar.

Şəymən