“ADNA cinayəti ilə bağlı bütün gizlinlər açılıb”

İlqar Altay: “Heç bir şübhə yeri qalmadı”



Dünən Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsinin 6-cı ildönümü idi. Bütün Azərbaycanı dəhşətə gətirən hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verib. ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov” tipli tapançadan atılan atəşlə xəsarət yetirib.

İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.

Ali təhsil ocağındakı qətliamın qarşısını almaq üçün hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsi, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları göndərilib. Ərazidə olan silahlanmış polis əməkdaşları faktı törətməkdə təqsirli bilinən şəxsi zərərsizləşdirmək üçün xüsusi əməliyyat keçirsə də, hadisə itkisiz ötüşməyib. Qeyd edək ki, hadisənin üzərindən 6 il keçməsinə, terroristin özünü öldürməsinə və bu işdə ona yardım edən insanların həbs olunmasına baxmayaraq, baş verən terror olayı ilə bağlı cəmiyyətdə hələ də müəyyən şübhələr qalıb. İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altay isə hesab edir ki, ADNA cinayəti ilə bağlı bütün gizlinlər açıldığı üçün insanlar öz beyinlərini cavabsız suallarla məşğul etməməlidir: "Neft Akademiyasında terror günün günorta çağı hər kəsin gözü qarşısında baş verib. Bu hadisə gecə vaxtı və ya qaranlıq dalanlarda qeydə alınmayıb. Cinayətin baş vermə vaxtı və aktı cəmiyyətə məlumdur. Həmçinin bu terroru törədən, əli günahsız insanların qanına batan qatil də bəllidir. Hər kəs gördü ki, həmin cinayətkar özünü vurub, öldürdü”.

İ.Altayın sözlərinə görə, cinayəti törədən adamın sağ ələ keçirilməməsi ilk başlarda terrorla bağlı müəyyən şübhələr doğurdu. İnsanlar arasında hadisənin sifarişli olduğuna dair rəy formalaşdı. Doğrudur, adətən bu cür kütləvi qətllər, terror hadisələri sifarişlə həyata keçirilir. Amma bir məsələ var ki, terror hadisələri bəzən bir nəfərin də ideyası da ola bilir. Yəni istənilən psixopat adam bu cür qanlı cinayət törətməyə qadirdir. Norveçdə 135 nəfərin ölümü ilə nəticələnən terror hadisəsinin araşdırmaları da göstərir ki, olayın səbəbkarı bir nəfər olub. Həmin gülləbaranın arxasından heç bir təşkilatın, heç bir silahlı qruplaşmanın "əli” çıxmadı. Konkret olaraq Neft Akademiyasında törədilən cinayətə gəldikdə isə burada hansısa gizli məqamların qaldığını güman etmirəm. Yuxarıda da qeyd etdiyim kimi, hadisəni törədən Fərda Qədirov özünü öldürdü. Bu işdə ona yardım edən şəxslər isə bir-bir saxlanılaraq həbs edildi. Faktiki olaraq, Azərbaycanın istintaq orqanları ADNA terroru ilə bağlı əlindən gələni elədi və heç bir şübhə yeri qalmadı”.

Şəymən