Davudoğlu danışdı

Baş nazir Pensilvaniyada Gülənlə görüşünün detallarını açıqladı
O, Xomeyninin İrana geri döndüyü kimi Türkiyəyə qayıtmağı planlaşdırırdı




Türkiyə mediası son bir həftədir "Zaman” qəzetinin yazarı Əkrəm Dumanlının baş nazir Əhməd Davudoğlu ilə Fətullah Gülən arasındakı münasibətlərdən yazdığı məqaləni müzakirə edir. Məlumat üçün bildirək ki, Əkrəm Dumanlı baş nazir Davudoğlunun "Pensilvaniyaya gedənlərdən xəbərim var” sözlərini tənqid etdi. Dumanlı, "Davudoğluna yaraşdırmadım. Baş nazir artıq səbrimizi daşdırıb. Sən gəlmədinmi Pensilvaniyaya? Ailə üzvlərinlə hoca əfəndini ziyarət etmədinmi? Fətullah Hoca qaranlıq adam deyil. Onun həddindən artıq sadə hayatı var”.

İddialara cavab baş nazir Əhməd Davudoğlu Fətullah Gülənlə görüşdüyünü inkar etməyib və onunla bir araya gəlməsinin səbəblərini açıqlayıb.

"Fırtına yaxınlaşanda hiss edilir”

Baş nazir deyib ki, 2013-cü ilin sentyabrında ozamankı prezident Abdullah Gül və ovaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğanın da məlumatı və icazələri ilə Pensilvaniyada Fətullah Gülənlə görüşüb: "Əkrəm Dumanlı deyilən adam məni təhdid edir, "hocayla yedi, içdi” deyir. Məgər biz oraya yeməyə getmişdik? Mən onlara dedim ki, sizin nəzarətinizdə olan yayın orqanları Suriya məsələsində Əsəd rejiminin ağzı ilə danışır, Türkiyəni tənqid edir. Buna son verin. Həmçinin, bildirdim ki, sizin siyasətdə, təhsildə, hüquq sahəsində geniş bazanız var, gəlin, imkanlarınızı doğru yönləndirin. Əgər o vaxt bizim söylədiklərimizi dinləsəydilər və kəşfiyyatçılıq oynamaqdan, dövlətlə üz-üzə gəlməkdən çəkinsəydilər, indi belə vəziyyətdə olmazdılar”. Baş nazir F.Gülənlə 2-3 dəfə qarşılaşdığını deyib: "Əlimizdə təhqiqat materialları vardı və nəyi planlaşdırdıqlarının fərqində idik. Sonuncu həmlə kimi onları danışıqlara çağırmaq istədik. Qanun çərçivəsində ölkəyə gəlməyini təklif etdik. Amma Gülən "indi vaxtı deyil” dedi. O, Türkiyəyə gəlməkdən imtina etsə də, bildirdi ki, dövlətə qarşı qərəzi və iddiası yoxdur. İndi mənə aydın olur ki, "vaxtı deyil” deməklə F.Gülən dekabr ayında planlaşdırdığı çevrilişi nəzərdə tuturmuş. O, Xomeyninin İrana geri döndüyü kimi Türkiyəyə qayıtmağı planlaşdırırdı. Onlar başqalarını dinlətməyi çox sevirlər. Həmin gün danışdıqlarımızı dinləməyi unudublar. İddia etdikləri kimi sivil cəmiyyət, təhsil təbliğatçısı olmayıb. Kəşfiyyat, dövlətin içinə nüfuz etməkdən vaxtları olmayıb”.

Fətullah Gülən AKP ilə qarşı-qarşıya gəlməyəcəyinə söz vermişdi

Davudoğlu Pensilvaniyada onlara açıq formada son dəfə xəbərdarlıq və çağırış edildiyini bildirib: "Bir neçə saat onunla görüşdük. Dedik ki, qanunlar çərçivəsində fəaliyyət göstərin, dini camaat görüntüsü verib siyasətə qarışmayın. Türkiyənin onu qarşılamağa hazır olduğunu söylədim. Biz çox yaxşı bilirdik ki, onlar ABŞ-da hansı işlərlə məşğul olur, hansı xarici kəşfiyyat orqanları ilə əlaqə qururlar. Bu görüş bir növ sınaq, imtahan idi. Amma hoca gəlməkdən vaz keçdi və heç bir halda hökumətə, dövlətə qarşı durmayacağını söylədi. Dedi ki, "bunlardan indi xəbərim oldu, bilmirdim”. "Diqqət ediləcək, narahat olmayın” dedi. Həmçinin, AKP-yə qarşı da fəaliyyət aparmayacağını bildirdi. Lakin sonradan biz bunların əksini gördük. F.Gülən sözünün üstündə durmadı.

Dövlətə meydan oxudular

Türkiyə baş naziri "paralel yapı” ilə sistematik mübarizə apardıqlarını deyib və qeyri-qanuni heç bir addım atmadığını söyləyib: "Onlar hələ də "biz güclüyük, burdayıq” mesajları verirlər. Güclü olsalar, indi içəridə yox, çöldə olardılar. Onlar dövlətə, bürokratiyaya meydan oxuyurlar. Biz buna imkan verərsək, sabah başqa bir qrup çıxar. Biz 12 il demokratiyanın önündəki əngəlləri qaldırmağa çalışdıq, siyasi sistemi təkmilləşdirdik. 27 aprel olayı, partiyaya qarşı açılan bağlanma davası, mitinqlər, "Gəzi hadisələri” və s. bunların hamısını dəf etdik”. Davudoğlu təhdidin böyük suç olduğunu deyib: "Bunu kim edərsə, cəzasını çəkəcək. Xalqı təhdid edən, sosial şəbəkələrdə onları ayaqlanmağa səsləyən ünsürlər hansı dindən olmasına baxmayaraq, ən ağır şəkildə cəzalandırılacaq. Dövlətə, xalqa arxalanmayan bir gücün hökmranlığı yolverilməzdir.

"Zalım Bəşər Əsədlə Fətullah Gülənin heç bir fərqi yoxdur”

Davudoğlunun sözlərinə görə, 17 dekabr dövlət çevrilişi baş tutsaydı, Gülən İran lideri Xomeyni kimi Türkiyəyə qayıdacaqdı: "Son bir xəbərdarlıq üçün, xalqına zülm etməməsi üçün 2011-ci ildə Əsədlə görüşə getdim. Əgər Əsəd məni dinləsəydi, indiki vəziyyətə düşməzdi. Ölkəsinə, dövlətinə xəyanət etməsin deyə Fətullah Gülənlə də görüşdüm. Daha sonra Bülənt Arınc getdi. Amma onlar nəinki bizi dinlədilər, hətta bizə tövsiyə verməyə cəhd göstərdilər. İkisinin nə fərqi var ki? Hər ikisi də ölkələrinə böyük zərbə vurdular”.

Bir sıra ekspertlərin rəyinə görə, baş nazir Əhməd Davudoğlunun iki il əvvəlki Pensilvaniya səfərinin məhz indi, seçki öncəsi gündəmə gəlməsi müəyyən siyasi məqsədlərdən xəbər verir. Hətta onların fikrincə, hadisələrin gedişi AKP ilə Gülənçilər arasında yeni barışığın olacağına da dəlalət edir.

Alçaldıcı barış və ya güzəşt Gülənin liderlik imicinə böyük zərbə vurar

Türkiyədə yenidən alovlanan AKP-Gülən savaşını dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, F.Gülən tərəfdarları ilə Ərdoğan arasındakı körpülər tamamilə yandırılıb. Artıq hər hansı barışıqdan və güzəştdən söhbət gedə bilməz: "Gülən AKP-nin birinci dəfə hakimiyyətə gəlməsində əhəmiyyətli rol oynayıb. Nurçular qapı-qapı gəzərək Ərdoğana səs yığıblar. İndi isə sözün həqiqi mənasında Gülənçilərə divan tuturlar. Polisdə çalışan nə qədər insan "nurçu” damğası ilə vəzifəsindən azad edilir. Qondarma ittihamlarla bir çox hüquq adamları, jurnalistlər həbs olunur. Proses hələ də davam etdirilir. Hər çıxışda Gülənə ABŞ-ın "agenti” deyirlər, həyatı boyu evlənməməsi ilə bağlı qeyri-əxlaqi ifadələr işlədirlər. Bütün bunlar o qədər asan həzm olunan məsələlər deyil. Güman etmirəm ki, F.Gülən özü də daxil onun adamları bu qədər təhqirlərdən, təzyiqlərdən sonra hər hansı barışığa meyl etsinlər. Belə bir barışıq Gülənin liderlik imicinə zərbə vurar”.

Politoloq deyir ki, baş nazirin "gülənçilər hökumətə sızmışdılar” ifadəsi də əsassız ittihamdır və qeyri-ciddidir: "Nurçular hökumətə sızmamışdı, onlar AKP-çilərlə birbaşa hökumət qurmuşdular. Gülənlə AKP arasındakı ziddiyyət hakim partiyanın korrupsiyaya qurşanmasından sonra başladı. Həyata keçirdikləri qanunsuzluqların üstünü örtməyə çalışan hökumət rəhbərləri kəskin şəkildə mübarizəyə start verdilər və "paralel yapı” məsələsini gündəmə gətirdilər”.

İsmayıl