Uzun fasilədən sonra növbəti Milli Kitab Mükafatının keçirilməsi nəzərdə tutulub. MKM keçirildiyi ilk gündən ədəbi gündəmində ən çox müzakirə olunan, dartışılan, haqqında yazılar yazılan mövzulardandır. Ötən müsabiqələrin qalibləriylə çoxları razılaşmadı, ziddiyyətli fikirlər, ittihamlar səsləndirildi, müsabiqəni "oyun” adlandıranlar da oldu.
Hər dəfəsində səs-küy yaradan, bir çox hallarda isə ciddi narazılıqlarla nəticələnən Milli Kitab Mükafatı ilə bağlı bu dəfə də gənc yazar Cəlil Cavanşirin fikirlərini öyrəndik.
- Milli Kitab Mükafatının keçirilməsini necə dəyərləndirirsiniz?
- Milli Kitab Mükafatı ilk dəfə elan olunanda, münsiflər heyətinin tərkibi ilə əlaqədar o qədər də böyük uğur gözləmirdim. Nəticələr bəlli olanda isə yanılmadığımı gördüm. Çünki həmin müsabiqədə jürinin tərkibində Çingiz Abdullayev kimi qərəzli adamlar vardı. Rafiq Tağı kimi ustad yazıçını, Şərif Ağayar kimi bir istedadı hər şey ortada olduğu halda oyun quraraq uduzdurdular. Onu da deyim ki, birinci kitab müsabiqəsinin nəticəsi məni heç də qane etmədi. İkinci Milli Kitab Müsabiqəsini də çox yaxından izlədim. Müəllif olaraq, yarışmada iştirak etməsəm də, proses boyu öz müşahidələrimi apardım. Bu da göstərdi ki, Milli Kitab Mükafatında öz maraqlarını müdafiə edən şəxslər var. Üçüncü kitab mükafatı ilə isə bir o qədər də maraqlanmadım, qaliblər də yadımdan çıxıb.
- Bəs Milli Kitab Mükafatı Azərbaycan ədəbiyyatına nə qazandırdı?
- Etiraf etməliyəm ki, bütün qalmaqalları, ədalətli və ədalətsiz tərəfləri ilə Milli Kitab Mükafatı Azərbaycanda gedən ədəbi proseslərə xeyli dərəcədə təkan verdi. Təbii ki, müsabiqənin narazılıqlar, etirazlar doğurması da təbiidir. Çünki indiki şərtlər altında Azərbaycanda ədalətli müsabiqənin təsəvvürü belə absurddur. Amma maraqlı olsalar, müsabiqədə obyektivliyi gözləyə bilərdilər. Milli Kitab Mükafatı vasitəsilə Azərbaycan ədəbiyyatı misilsiz uğurlar əldə etməsə də, heç bir ziyanı da dəyməyib.
- Milli Kitab Mükafatında etiraz doğuran səbəblərdən biri ekspertlərin ədəbiyyat sahəsinə aidiyyəti olmayan adamlardan təşkil olunmasıdır. Sizcə, münsiflər heyətinin seçimləri nə qədər uğurludur?
- Düşünmürəm ki, münsiflər heyətində ədəbiyyatdan uzaq, lakin tanınmış adamların olması müsabiqənin gedişinə hansısa təsir göstərir. Amma əsərlərin bədii keyfiyyətinə qiymət verəcək adamların tanınmış yazıçılar olması belə bir qədər tərəddüd doğurur. Milli Kitab Mükafatının ekspertləri tanınmış kitab redaktorları, naşirlər, hətta baş redaktorlardan təşkil olunsa, daha yaxşı olar. Həmçinin də tənqidçi-alimlər münsiflər heyətinin tərkibində yer almalıdır. Hesab edirəm ki, iddialı bir yazıçı orada iştirak edən müəlliflərin əsərlərinə qarşı obyektiv münasibət sərgiləyə bilməz. Son nəticədə Milli Kitab Mükafatının qalibi bir növ onun rəqibi sayılır. Odur ki, Milli Kitab Mükafatının ədəbiyyatçılarla yanaşı, ədəbi zövqü olan ziyalılara etibar olunması müsbət haldır. Bir şərtlə ki, obyektiv olsunlar.
- Milli Kitab Mükafatında nəyin dəyişilməsini istəyirsiz? Yəni, filan şey olsa və yaxud olmasa, müsabiqə daha yaxşı nəticə verərdi...
- İlk təklif elə münsiflər heyəti ilə bağlı olacaq. Yaxşı olar ki, Nigar xanım Milli Kitab Mükafatının ekspertlərini mümkün qədər rəngarəng eləsin. Ekspertlər arasına Yazıçılar Birliyindən, həm Azad Yazarlar Ocağından, həm də müstəqil mediada çalışan istedadlı yazarlar və cəmiyyətdə qərəzsizliyi, obyektivliyi ilə qəbul olunan tənqidçiləri dəvət eləsin. Elə insanlara müraciət olunsun ki, onların doğrudan da obyektiv qərar verəcəyinə heç kəsin şübhəsi olmasın. Əvvəlki müsabiqələrdə münsiflər heyətinin tərkibində elə adamlar vardı ki, sözün düzü, mən onların kitab oxuduğuna inanmırdım. Əgər növbəti müsabiqədə də münsiflər heyətini həmin ekspertlər təmsil etsələr, Milli Kitab Mükafatının formatı da, obyektivliyi də sual altına düşəcək və narazılıqlar daha da artacaq. Biz də bu müsabiqəyə inanmayıb, kənarda qalmağa üstünlük verəcəyik.
- Milli Kitab Mükafatına tutulan ən böyük iradlardan biri müsabiqənin antimilli siyasət yürütməsi ilə bağlıdır. Tənqidçi Əsəd Cahangir hesab edir ki, bu müsabiqə xarici qüvvələrin maraqlarına xidmət edir...
- Əsəd Cahangir tənqidin dozasını həmişə həddindən artıq edir. Bu adamın başdan-ayağa qərəz nümunəsi olduğunu düşünürəm. Bu gün Milli Kitab Mükafatını anti-millilikdə ittiham edən Əsəd Cahangir həmin adamdır ki, Birinci Milli Kitab Mükafatında birinci yerin qalibi olan Qaraqanın "A” romanı haqqında tərif xarakterli yazı yazmışdı. Belə olanda mənim üçün maraqlıdır ki, "anti-milli” müsabiqənin qalibi olan bir yazarın əsərini tənqidçi niyə təbliğ edir? Bundan əlavə, ikinci və üçüncü kitab mükafatının qalibləri haqqında da Əsəd Cahangir yazı yazıb. Qaliblər arasında yer tutan Pərvin adlı bir yazar vardı. Əsəd Cahangir az qala onun əsəri ilə "namaz qılır”dı. Nigar Köçərlinin məqsədi və məramı xoşdur. Mənim buna heç vaxt zərrə qədər də şübhəm olmayıb. Nigar xanım hər zaman Milli Kitab Mükafatında obyektivliyin olmasına və müsabiqənin prestijinin aşağı düşməməsinə çalışıb. Hər nə qədər təsisçi xanım qalmaqalların yaranmamasına çalışsa da, təəssüf ki, buna nail ola bilməyib. Çünki münsiflər heyətinin tərkibi son anda gizli də olsa, xəyanət etməyi bacaran adamlardan ibarət olub. Nigar xanımın yeganə səhfi ekspert seçimində olub. Bundan başqa, müsabiqənin formatında heç bir qüsur yoxdur. Xüsusən də, Milli Kitab Mükafatının tərkibində anti-milli ünsürlərə rast gəlməmişəm.
- Sizin üçün Milli Kitab Mükafatına təqdim olunan və qalib olan əsərlər arasında ən layiqlisi hansı olub?
- Müsabiqədə iştirak edən əsərlər arasında daha çox zövqümcə olan Şərif Ağayarın "Kərpickəsən kişinin dastanı” əsəri olub. Bu əsər mənim həddindən artıq xoşuma gəlir. İkinci Milli Kitab Müsabiqəsinin qalibi olan Pərvizin "Yad dildə” romanını da sözün həqiqi mənasında ədəbi hadisə hesab edirəm. Hesab edirəm ki, son dövrlərdə Azərbaycan ədəbiyyatında bu cür roman yazılmayıb. Bu əsər həqiqətən də qalib olmağa layiqli əsər idi.
Məhz bu səbəbdən də münsiflər heyətinin qərəzli və qeyri - obyektivliyinə rəğmən əsər yenə də birinci yeri tutdu. "Yad dildə”nin qalib olması bir növ ədalətin qələbəsi idi. Amma Qaraqanın "A” romanı haqqında eyni şeyi deyə bilməyəcəm. Çünki həmin il müsabiqəyə qatılan yazıçılar və əsərlər fonunda bu əsər qətiyyən birinciliyə layiq deyildi.
Şəymən