ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatına görə, ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tuta bilər. Xarici işlər nazirlərinin Parisdə baş tutan görüşünü şərh edən həmsədrlər danışıqlar prosesinin fəallaşmasının vacibliyini vurğulayıblar: "Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü zəruridir. Bununla bağlı hazırlıq işləri görülür”.
Amerikalı həmsədr Ceyms Uorlik Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşündən də məmnun ayrıldığını deyib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə olunduğunu vurğulayan Uorlik bəyan edib ki, erməni nazirlə münaqişənin həllinə yeni imkanlar yaradacaq məhsuldar və müsbət müzakirələr aparıb. O, həmçinin Ermənistanın Dağlıq Qarabağda sülhə hazır olduğunu da bildirib.
Prezidentləri bir araya gətirmək növbəsi Rusiyanındır
Son günlər Minsk Qrupunun qərbli həmsədrlərinin münaqişənin həlli istiqamətində xüsusi aktivlik nümayiş etdirməsi və Rusiyanı görməzdən gəlməsi ekspertlər tərəfindən müxtəlif şərhlərlə dəyərləndirilir. Əslində Rusiyanın Qarabağ münaqişəsinin tənzimlənməsində əsas söz sahiblərindən biri olduğu Qərbdə də etiraf edilir. Ona görə də işğalçı Ermənistanın hərbi müttəfiqi olan rəsmi Moskvanın ABŞ və ya Fransaya uzunmüddətli təşəbbüskarlıq missiyasını həvalə edəcəyi inandırıcı görünmür. Bəzi iddialara görə, ABŞ və Fransadan sonra Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirmək növbəsi Rusiyanındır. Çox güman ki, bu təşəbbüs 9 May qələbə bayramı günündə ediləcək. Görüş barədə açıqlama verən Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov da danışıqlar prosesində növbəti mərhələnin başlayacağına ümid etdiyini deyib. Amma politoloqların məsələyə münasibəti birmənalı deyil.
Ermənistanı "sülh göyərçini” kimi təqdim etməyə çalışırlar
Prosesləri şərh edən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib ki, Uorlikin "tivit”ində əsas məqsəd Ermənistanın sülhmeyilli imicini yaratmaqdır: "Uorlik yazıb ki, Ermənistanın xarici işlər naziri ilə görüşdü və ətraflı söhbət etdi. Guya, Ermənistan Dağlıq Qarabağ məsələsində sülh danışıqlarına açıqdır. Əslində bu bir mesajdır və yaranmış situasiya da onların siyasi gedişidir. Əsas məqsəd Ermənistanın sülhə meyilli imicini yaratmaqdır. Bununla da onlar Azərbaycan mediasında son zamanlar artan müharibə çağırışlarına cavab verirlər. Çünki düşmən çalışır ki, Azərbaycanı təcavüzkar tərəf kimi təqdim etsin. Özlərini isə sülh prosesinə hazır olan tərəf kimi qələmə versinlər. Bu, yalançı bir gedişdir. Birincisi, heç bir halda Ermənistan Rusiyanı qoyub Amerikanın mövqeyinə uyğun addım ata bilməz”. Ə.Oruclunun sözlərinə görə, həmsədrlər arasında ziddiyyətlər o dərəcəyə çatıb ki, münaqişəni həll edə biləcəkləri inandırıcı deyil. Ermənistan isə bu halda manevr edir.
Sülhə hazır olan dövlət təcavüzünü davam etdirməz
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli də bildirib ki, amerikalı həmsədr Ceyms Uorlikin açıqlaması tamamilə mənasız və əsassızdır. Ermənistan sülhlə bağlı təklif edilən variantların heç birinə konstruktiv münasibət bildirməyib: "Sülhə hazır olan bir dövlət işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma həyata keçirməz. Bu azmış kimi ermənilər zəbt etdiyi Azərbaycan torpaqlarındakı yer adlarının, abidələrin adlarını da dəyişməklə məşğuldur. Bu da Ermənistanın növbəti məkrli planıdır”. Q.Hüseynli söyləyib ki, Ermənistan danışıqlarda konstruktivlik nümayiş etdirmirsə və öz qoşunlarını işğal altındakı torpaqlardan çıxartmırsa, bu, onun sülh prosesinə olan hörmətsizliyidir: "Uorlik Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlarda "tərəf” kimi iştirak etməsini istəyən ilk həmsədrdir. O, öz müqəddəratını müəyyən etmək hüququndan da söz açır. Dağlıq Qarabağda referendumun keçirilməsi baş tutarsa, elə bir an gəlib çata bilər ki, öz müqəddəratını təyin etmək ərazi bütövlüyü məsələsini üstələyə bilər”.
Ermənistanın Azərbaycana münasibətində heç bir yenilik yoxdur
Siyasi ekspertlər Paris görüşünə və ondan sonra baş tuta biləcək hər hansı danışıqlara da ümid bəsləmirlər. Bəyanatları şərh edən politoloq Razi Nurullayev deyir ki, əgər Ollandın Cənubi Qafqaza səfərini və onun keçirdiyi görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdiyini nəzərə alsaq, o zaman Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun danışıqlarda yeni bir mərhələnin başlandığı anonsunu verməsini başa düşmək olar: "Amma mən bu məsələdə fərqli düşünürəm. Çünki indiyə qədər bir çox "yeni mərhələlər” baş verib, onlar haqqında danışılıb. Amma Ermənistanın mövqeyində heç bir dəyişiklik əmələ gəlməyib. Ona görə də Paris görüşünə sıradan, sadəcə, gündəlikdə olan bir görüş kimi baxıram və heç bir ciddi irəliləyiş, nəticə gözləmirəm. Bir daha qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana münasibətində heç bir yenilik yoxdur. Formatın necəliyindən və danışıqlarda hansı məsələlərin müzakirə edilməsindən asılı olmayaraq, Ermənistanın Dağlıq Qarabağla bağlı məsələlərdə kompromisə getmək niyyəti olmadıqca, hər hansı müsbət nəticədən danışmaq və irəliləyiş gözləmək sadəlövhlükdür. Nazir yeni mərhələnin başlayacağını deməklə insanlarda gözlənti yaradır. Sonradan gözləntilərin heç biri həyata keçməyəndə artıq insanların münaqişəyə münasibətləri dəyişir, inamları azalır”.
Kreml İrəvan-Bakı münasibətlərinin nizamlanmasında maraqlı deyil
Politoloq Elxan Şahinoğlu da bildirib ki, 9 Mayda Putinin başı tədbirlərə qarışacaq. Odur ki, üçtərəfli görüş olsa belə, bu, simvolik xarakter daşıyacaq: "Ukraynaya görə Qərblə gərgin münasibətləri olan Putinin Dağlıq Qarabağ münaqişəsinin həllinə girişəcəyini zənn etmirəm. Putin 24 apreldə İrəvana gedib "soyqırım olub” deməklə artıq tərəfsiz olmadığını nümayiş etdirdi. Belə bir addımdan sonra Putin Ermənistan hakimiyyətini hansısa güzəştə məcbur edə bilərmi? Çətin. Əksinə, Moskva Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasının əleyhinədir. Bu siyasətin davam etdirilməsi üçün isə Dağlıq Qarabağ problemi həll olunmamalıdır”.
İsmayıl