Gürcüstan hakimiyyəti böhran dövrünü yaşayır. Hökumətin tam tərkibdə istefasından sonra Prezident Georgi Marqvelaşvilinin baş nazirin təqdim etdiyi yeni hökumətin tərkibini imzalamaqdan imtina etməsi prosesləri daha da gərginləşdirib.
Müdafiə nazirinin dəyişməsinə etiraz edən Prezident baş nazir və parlamentə "tarazlaşdırılmış qərar” qəbul etməyi təklif edib. Baş verənlərlə bağlı Gürcüstan ictimaiyyətində müəyyən fikirlər səsləndirilir. Bəziləri hesab edir ki, ölkədə baş verənlər kənar təsirlərin nəticəsidir. Digərləri isə düşünür ki, əsas məqsəd eks-prezident Saakaşvilinin yenidən hakimiyyətə qayıtmasını təmin etməkdir. Əksəriyyət isə deyir ki, baş verən siyasi böhran hazırkı gürcü hökumətinin əsas rəqibi olan Saakaşvilinin mövqelərinin möhkəmlənməsinə xidmət edəcək.
Gürcüstanın dövlət dəftərxanasının keçmiş müdiri Pyotr Mamradze yeni hökumətin son tərkibinin tezliklə formalaşmayacağını iddia edib: "Gürcüstanı çox maraqlı iki-üç həftə gözləyir. Əfsuslar olsun ki, iqtidarda dərin, geniş və çox əhəmiyyətli islahatların lazım olduğunu anlayan komanda yoxdur”.
Gürcüstanın Qlobal Tədqiqatlar Mərkəzinin rəhbəri Nana Devdariani də öz növbəsində vurğulayıb ki, Nazirlər Kabinetinin yeni tərkibinin uyğunlaşdırılması prosesi çox çətin keçəcək: "Bütövlükdə parlamentdə səsvermə prosesi çox çətin olacaq. Çünki koalisiyanı təşkil edən bəzi partiyalar "yorğanı özünə tərəf çəkməyə” çalışırlar. Yəni, "Gürcü arzusu”nun bütün iştirakçıları nazir postlarına öz kadrlarını itələyirlər”.
Prosesləri şərh edən siyasi ekspert Elxan Mehdiyev bildirib ki, demokratik inkişaf yolunu gedən əksər dövlətlər bənzər prosesi yaşayırlar. Gürcüstan hökumətinin tam tərkibdə istefası da həmin demokratik prosesin tərkib hissəsidir: "Yeni hökumət gec və ya tez formalaşacaq. İtaliya kimi azad və demokratik ölkədə İkinci Dünya Müharibəsindən 1990-cı illərin sonuna qədər 50-yə yaxın hökumət dəyişikliyi olub. Ona görə də baş verənlərə qeyri-stabillik kimi baxmaq düzgün deyil. Məsələ burasındadır ki, Gürcüstanda siyasi cəmiyyət iki hissəyə bölünüb. Əlbəttə, bunun ölkə üçün mənfi təsirləri var. Saakaşvili dönəmində meydana çıxan və indi hakimiyyətdə olan qüvvələrin ölkədəki nüfuzu siyasi proseslərin kövrəkliyini üzə çıxarıb. Gürcüstanın daxili resurslarını və dünyada gedən iqtisadi prosesləri nəzərə alsaq, indiki hökumət heç də verdiyi vədləri həyata keçirmək iqtidarında deyil”.
Politoloq Fikrət Sadıqov isə hesab edir ki, hazırda Gürcüstanda baş verən siyasi böhran partiyaların iqtidar uğrunda apardığı qarşıdurmanın nəticəsidir. Belə ki, bəzi siyasi qüvvələr dövlətin qərbyönlü siyasətini dəstəkləsələr də, digərləri Rusiyaya meyl edirlər: "Mövcud hakimiyyət xalqın etimadını doğrultmur. Təbii ki, belə bir fonda Saakaşvilinin şansları və siyasi nüfuzu müəyyən dərəcədə yüksəlir. Lakin bu heç də hazırkı siyasi vəziyyətdə Saakaşvilinin asanlıqla hakimiyyətə gələcəyi anlamına gəlmir. Çünki onun hakimiyyətə doğru yolu hələlik açılmayıb”.
İsmayıl