Ölkədə bu il baş tutacaq parlament seçkilərinə az müddət qalsa da, Müsavat partiyasındakı gərginlik səngimək bilmir. Başqanlığa keçmiş namizəd Qubad İbadoğlu və hazırkı sədr Arif Hacılı tərəfdarları arasındakı qarşıdurma getdikcə şiddətlənir. Qurumdaxili cəbhələşmə intellektualların və ya ziyalıların təşkilatdan kənarlaşdırılmasına gətirib çıxarır.
Misal olaraq bu günlərdə partiya öncüllərindən olan, filologiya elmləri namizədi, sabiq Müsavat başqanının I müavini Vurğun Əyyubun çıxarılmasına etiraz olaraq partiyadan istefa verən qurum divanının keçmiş üzvü, professor Adil Qeybullanı göstərə bilərik. Maraq doğuran məqam odur ki, bəzi Müsavat yetkililəri təşkilatdan ayrılmalarını indiki rəhbərliyin qeyri-legitim fəaliyyəti, təşkilat daxilindəki bölücülük, təfriqəçilik və avtoritarizmlə izah ediblər. Hətta onlar "Müsavat”da müsavatçılıqdan əsər qalmadığını bildiriblər. Bu baxımdan qurum daxilindəki çəkişmələr və təşkilatdan qopmaların səbəblərinə dair partiyanın sabiq funksioneri Qabil Hüseynlinin fikirlərini öyrəndik. O, "Şərq”ə müsahibəsində qeyd etdi ki, təşkilatın indiki rəhbərliyi real siyasi vəziyyəti qiymətləndirə bilmir. Müsahibimizin sözlərinə görə, Müsavat partiyası 3-4 nəfərin ambiasiyanın qurbanına çevrilib: "Onlar cəmiyyətdəki siyasi mühiti anlaya bilmirlər. Vaxtilə ziyalılar təşkilatı olan bir qurumda intellektuallara yuxarıdan aşağı təkəbbürlü baxış formalaşıb. Başda keçmiş rəhbər İsa Qəmbər olmaqla, özlərinə diqqətlə baxsalar, böyük bir dəsmal götürüb, ağlamalıdırlar. Çünki Məmməd Əmin Rəsulzadənin əmanət etdiyi, nəhəng bir təşkilatı regional mahiyyətli kiçik dərnəyə çeviriblər”.
- İddialar var ki, hazırkı başqan təşkilat daxilində avrtoritar rejim yaradıb. Doğrudan da belə hal müşahidə olunurmu?
- Tamamilə doğru yanaşmalardır. A.Qeybulla da həmin fikirlərlə çıxış edib. Onun fikirlərini bölüşürəm. Baxın, A.Qeybulla 29 yaşında professor elmi dərəcəsini almış, məşhur cərrahdır. Azərbaycan tibbinin öncüllərindəndir. A.Qeybulla heç nə itirmir. İtirən Müsavat olacaq. Bütün oyunların başında İ.Qəmbər dayanır. Qaymaqların təşkilatdan çıxarılması planını da o cızıb.
- Keçmiş başqan bununla nəyə müvəffəq olmaq istəyir?
- Onlar ziyalılarla bacarmırlar. Ziyalılar hər şeyin demokratik yolla həllini tələb edirlər. Artıq A.Hacılı və İ.Qəmbər intellektualların ortaya qoyduğu fakt və əsaslara ağılla deyil, əzələ nümayişi ilə cavab verirlər. Bu aydınca müşahidə olunur. Bu səbəbdən alimlər təşkilatı tərk edir. Rəhbərlik gözəl anlayır ki, saxta, qanunsuz yolla qurultayın nəticələrini öz xeyirlərinə dəyişdirə bilsələr də, parlament seçkilərində öz adamalarını qalib edə bilməyəcəklər. Hər kəs ziyalıların - A.Qeybulla, V.Əyyub və başqalarının ətrafına cəm olacaq. Ona görə də artıq qaymaqları təşkilatdan uzaqlaşdırmaqla öz qohum-əqrəbalarını başlarına yığırlar. Adama sual verərlər ki, hədəfiniz bu deyilsə, addımlarınızın səbəbini izah edin. Nədi hədəfləriniz? Partiyanı dükana çevirmək istəyirsiniz? Musavat partiyası artıq imkanlarından yavaş-yavaş məhrum olur.
- Təşkilatda baş verənləri İ.Qəmbərin ayağına yazdınız. Amma onun başqanlığı dövründə belə hallar yaşanmırdı...
- Bu hadisələrin bünövrəsi sabiq başqanın dövründə qoyulub. Sadəcə, oyunlar gizlincə gedirdi. Su üzünə çıxmırdı. Fraksiyalaşma və cəbhələşmə, məhz onun sədrliyi zamanı da mövcud idi. İ.Qəmbər belə xoşagəlməz hallardan zövq alan adamdır. İndi özünü barışdırıcı şəxs kimi təqdim edir. Həmişə belə görünmək istəyir. Amma belə deyil. Bir sözlə, partiyanın məğlubiyyətinin əsas səbəbkarı İ.Qəmbər olub.
- Niyə belə düşünürsünüz?
- Çünki 2003-cü və bundan qabaqkı illərdə baş tutan marafonlarda meydanı qoyub, qaçdı. Çox qorxaq siyasət yürüdürdü. Bu da faktiki olaraq partiya daxilində cəbhələnmələrin ideoloji və siyasi əsaslarını qoydu.
- Bəzi siyasilər bildirirlər ki, İ.Qəmbər liderlik statusunu saxlamaqla təşkilata nəzarət və müdaxilə funksiyasını həyata keçirir. Bu doğrudurmu?
- Dəyişən partiya başqanın adıdır. İ.Qəmbər də A. Hacılı yenə öz otaqlarında otururlar. Partiya divanı öz iclasını eks-sədrin "xeyir- duası” olmadan keçirmir. Onun rəyi olmadan hansısa qərar qəbul edilmir. Bu formal dəyişiklikdir. Azərbaycan ictimai-siyasi həyatında formal siyasi gedişlər və yaxud süni-siyasi manevlər bəyənilmir. Bu səbəbdən də xalqın adıçəkilən təşkilata inamı qalmayıb.
- Qarşıdan parlament seçkiləri gəlir. Müsavat marafonda fərqlənə biləcəkmi?
- Xeyr, düşünmürəm. Çünki çalxalanma olan yerdə seçki işi aparıla bilməz. Müsavat artıq sosial bazasını itirib. Hansısa seçici inanmaz ki, Müsavat onu ağ günə çıxaracaq. Fikir verin, bu qurumda iki adamın sözü üst-üstə düşmür. Birinin dediyini o biri qəbul etmir. Xalqla təmas qura bimirlər. Ən çətin məqamlarda meydandan qaçırlarsa, xalq niyə onlara etimad göstərməlidir? Seçici intellektualların, ziyalıların arxasınca gedir. Müsavatda isə belə adamların sayı sıfıra yaxınlaşmaqdadır.
Ayyət Əhməd