Səməd Seyidov müəllimləri sevindirdi

Növbəti tədris ilindən Dillər Universitetində əmək haqları artırılacaq



Növbəti tədris ilindən Azərbaycan Dillər Universitetində (ADU) müəllimlərin əmək haqları yenidən artırılacaq. Bu barədə sözügedən ali məktəbin rektoru, professor Səməd Seyidov "Xarici dillərin tədrisinin aktual problemləri” mövzusuna dair keçirilən Respublika elmi-praktiki konfransında bildirib.

Rektorun sözlərinə görə, maaş məsələsinə xüsusi diqqət yetirmək lazımdır: "Alim, professor kövrək subyektlərdir. Bizneslə məşğul ola bilmirlər. Onlar yazıb-yaratmalı və elmə töhfələr, yeniliklər gətirməlidirlər. Bunun üçün da alimlərə, müəllimlərə imkan yaradılmalıdır. Sosial şəraiti yaxşılaşdırılmalıdır”.

Professor onu da əlavə edib ki, hazırda ADU-da 6 minə yaxın tələbə təhsil alır: "Vaxt vardı müəssisəmizdə min beş yüz tələbə oxuyurdu. Amma indi bu rəqəmlər yüksəlib. Növbəti illərdə isə tələbələrin sayı 6 min beş yüz və yaxud 7 minə çatdırılacaq. Bu hal davamlı xarakter alacaq. Getdikcə universitetimiz daha çox tələbə qəbul edəcək. Müəssisəmizin mövcud maddi-texniki bazası və kadr potensialı bizə çox böyük imkanlar yaradır. Dünyanın aparıcı, qabaqcıl təhsil ocaqlarının tədris metodlarını universitetimizdə tətbiq etməklə, bu sahədə çox böyük irəliləyişlərə nail olmuşuq. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

Ayyət Əhməd