Metronun qarşısı kartof-soğan bazarına dönüb

Bəs merin sərəncamı harda qaldı, küçə ticarəti qadağan olunmuşdu





Metronun "Elmlər Akademiyası” stansiyasının qarşısında bazar açılıb. Kənd Təsərrüfatı Nazirliyi Novruz bayramında ora yerləşdirdiyi çadırdan, indi də kartof-soğan satışı üçün istifadə edir. Adını da belə qoyublar ki, vətəndaşlara xidmət edirik. Metrodan çıxan, yoldan ötən evinə bazarlıq etsin. Daha şəhər bazarlarına getməyə nə ehtiyac?! Hər şey burda var. Səhər açılandan metronun qarşısı zibilliyə dönür. Məlumdur ki, "Elmlər Akademiyası” metronun ən sıx gediş-gəliş olan stansiyasıdır. Gün ərzində buradan bəlkə də, milyona yaxın insan keçib-gedir.

Nazirlik bunu çox gözəl nəzərə alıb. Çadırları elə yerdə quraşdırıb ki, gəliri artıq olsun. Amma digər məqamları arxa plana keçiriblər. Əhalinin gur olduğu yerlərdə meyvə-tərəvəz çadırlarının insanlara rahatlıq deyil, daha çox narahatlıq verəcəyini, metrostansiyanın qarşısında avtobus dayanacağının olmasını. Və xüsusən də, şəhərin mərkəzi hissəsində anti-sanitariya vəziyyətinin yaranacağını. Təsəvvür edin ki, metroya üz tutanlar ilk növbədə çadırlarla burun-buruna gəlir. Nazirliyin çadırları əsl yol kəsənləri xatırladır. Tam avtobus dayanacağının qənşərində bərkidilmiş çadırlar sərnişinlərin avtobuslara minməsini də, avtobusdan düşməsini də çətinləşdirir. Çadırlar avtobusları görünməz edib. Yaxşı, bunu başa düşdük ki, Novruz bayramında əhaliyə xidmətin keyfiyyətini artırmaq üçün bayram çadırları qurmuşdular. Halbuki, orada satılan mer-meyvənin, quru yemişin qiyməti elə bazarlardakı kimi, hətta bir az da baha idi. Belə də olmalıydı, çünki yer haqqı pulu da var. "Elmlər Akademiyası” da bahalı yerdir. Orada bazar açmağın haqqı da bahadır. Deyək ki, bunu Novruz bayramında bəlli bir məqsədlə etdilər. İndi bu çadırlara nə ehtiyac var? Paytaxtın bəlli nöqtələrində və bəlli günlərdə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları onsuz da təşkil olunur. Və etiraf edək ki, vətəndaşlar həmin yarmarkalardan razıdırlar. Amma belə görünür ki, bu yarmarkalar nazirliyə azlıq edir. Nazirlik hər gün və hər köşədə qazanc əldə etməkdə israrlıdır. Ona görə də şəhərin mərkəzində, küçənin ortasında bəy çadırına bənzər çadır qurub bazar açıblar. Və bunu da satış yarmarkalarının daha modern bir növü kimi cəmiyyətə sırıyırlar.

Bakının ev sahibliyi edəcəyi Avropa Oyunlarına sayılı günlər qaldığını xatırlatmağa ehtiyac varmı? Şəhərə xarici ölkələrdən minlərlə idmançı, turist gələcək. Metronun qarşısında bazar çadırlarının olması, əksinə, şəhərin estetik görünüşünə xələl gətirir. Üstəlik, çadırların ətrafı zibilliyə çevrilir. Meyvə-tərəvəz yeşikləri ortalıqda, zibillər də qalaq-qalaq. Həm də havalar getdikcə isinir. İsti havada küçənin ortasında bazar açmağın ziyanı, xeyrindən çox olacaq. Ətrafa qalaqlanan zibillər üfunət qoxuyacaq.

Xatırladaq ki, bir ara metronun "İnşaatçılar” stansiyasının qarşısında da küçə bazarı açılmışdı. Elə bir vəziyyət yaranmışdı ki, insanlar metroya düşmək üçün satıcıların canlı sipərini yarmalı olurdu. Bu problem dəfələrlə gündəmə gətirildikdən sonra, nəhayət ki, küçə bazarı oradan yığışdırıldı. Amma görünür, Kənd Təsərrüfatı Nazirliyi bu dəfə özü bazar açmağa girişib. "Elmlər Akademiyası” ilə yanaşı, "İnşaatçılar” metrostansiyasının qarşısında da kartof-soğan çadırları yenidən peyda olub. Bəzi telekanallara da hansısa yolla sifariş göndərirlər ki, bu çadırları tərifləyin. Bir-iki həmkarımız da, əlinə mikrofon alıb dayanır metronun qarşısında, bığıburma kişilərdən, əndamlı xanımlardan kartof-soğan çadırına münasibət soruşur. Onlar da "lap yaxşıdır, elə metrodan çıxıb bazarlıq edirik” deyirlər. Bu da olur telekanalların şəhərin ümumi görünüşünə xələl gətirəcək halların qarşısını almaq əvəzinə, ona "katqı” saxlamaqları.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti ilə əlaqə saxladıq. Departamentin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov "Şərq”ə açıqlamasında BŞİH-nin 2001-ci ildə xüsusi qərarla hər cür küçə ticarətini qadağan etdiyini bildirdi. Bəs küçə ticarəti qadağandırsa, KTN nəyin müqabilində bu qadağanı heçə sayır?

Ə.Bağırov 2001-ci ildə imzalanmış sərəncamın qüvvədə qaldığını dedi:

"Sərəncam bu gün də qüvvədədir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun imzaladığı sərəncamla hər cür küçə ticarəti qadağandır. Biz də bütün qüvvəmizlə çalışırıq ki, belə hallar olmasın. Avropa Oyunlarına hazırlaşırıq. Bakıya qonaqlar gələcək. Gərək şəhərin gözəlliyinə diqqət edək. Onu zibilləndirməyək”.

Məlumdur ki, küçə ticarəti ilə məşğul olanlara sahə müvəkkilləri, polis göz verib, işıq vermir. İcazə olmasa, kartof-soğan nədi, kibrit çöpü də sata bilməzsən. Bəs KTN-ə kim icazə verib?

Nazirlik hansı əsasla küçə ticarətini "yeniləndirib”? Suala təəssüf ki, Ə.Bağırov cavab verə bilmədi.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə "Şərq”in sorğusuna cavab olaraq bildirdi ki, çadırlar (kartof-soğan çadırları - M.R.) yerli icra orqanları ilə razılaşdırılıb. M.Hacıyev meyvə-tərəvəz çadırlarının uğurlu təşəbbüs olduğunu dedi:

- Bunun nəyi pisdir ki?! Siz evinizə bazarlıq etmirsiniz?

- Niyə etmirik ki?! Bazarlıq üçün bazara gedirik.

M.Hacıyev isə çadır təcrübəsinin az qala Avropadan gəldiyinə bizi inandırmağa çalışdı:

- Dünyanın bütün ölkələrində belə təcrübə var. Bu, insanların rahatlığı üçündür. Bildiyim qədər, o çadırlar avtobus dayanacağının qarşısında deyil. (Təklif edirik, Murtuzəli müəllim, çadırların "dislokasiya yeri”ni bir az diqqətlə incələsin - M.R.)

M.Hacıyev çadır-yarmarkaların ünvanlarının yerli icra orqanları tərəfindən müəyyənləşdirildiyini bildirdi.

- Biz kənd təsərrüfatı yarmarkalarını Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə keçiririk.

- Yarmarkalar məlumdur. Bəs bu çadırların quraşdırılmasına da BŞİH razılıq verir?

- Yerli icra orqanları ilə razılaşdırılıb.

Anlaşıldı ki, söhbət Yasamal Rayon İcra Hakimiyyətindən gedir. Belədirsə, Hacıbala Abutalıbov Yasamal rayon icra başçısına daha bir töhmət versə yaxşıdır. Merin sərəncamını heçə saydığına görə.

Məlahət Rzayeva