Ümumdünya Mətbuat Azadlığı gününə Azərbaycan baxışı...

Qulu Məhərrəmli: “Çox ölkələrlə müqayisədə Azərbaycanda mətbuat azadlığının mövcudluğunu danmaq olmaz”
Elçin Mirzəbəyli: “İctimai tənzimlənmə təkcə ənənəvi KİV-lərə deyil, internet mediaya da şamil edilməlidir”

Müşfiq Ələsgərli: "3 may tarixi bəziləri üçün yalnız təqvim hadisəsidir”

3 May Ümumdünya Mətbuat Azadlığı Günü idi. 1993-cü ildən üzü bu yana qeyd olunan, bu gün də bütün dünyada senzuranın yolverilməzliyi, həbsdə olan jurnalistlərin azad olunması, təzyiqlərə məruz qalan jurnalistlərə qarşı bu hərəkətləri edənlərin cəzalandırılması ilə bağlı müzakirələr aparılır.

Kütləvi İnformasiya Vasitələri (KİV) hər bir ölkədə ictimai fikri formalaşdıran bir institutdur. Bu baxımdan, bəzən "media” adlandırılan KİV cəmiyyətdə böyük təsir gücünə malikdir. Təsadüfi deyil ki, medianı bir çox hallarda "dördüncü hakimiyyət” adlandırırlar. Lakin KİV o zaman dördüncü hakimiyyət funksiyasını yerinə yetirə bilir ki, o, azad və müstəqil olsun, siyasi və iqtisadi qurumların vassalına çevrilməsin.

Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan hüquqları da tez-tez pozulur. Məhz bu səbəbdən bir çox mötəbər beynəlxalq qurumlar və demokratiyanın inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırlar.

Qeyd edək ki, 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə mətbuat azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran "Vindhuk Bəyannaməsi”ni qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etməyi qərara alıb.

Bu əlamətdar gün mətbuat azadlığında olan vəziyyətin təhlil edilməsi, mətbuatın hücumlardan qorunması və vəzifə borcunu yerinə yetirərkən həyatını qurban vermiş jurnalistlərə dərin ehtiramın ifadə olunması üçün bir imkandır. Ümumdünya Azadlıq günü münasibəti ilə biz də yerli media ekspertləri ilə əlaqə saxlayıb, həm bu günün özəlliyi ilə bağlı məlumatlar aldıq, həm də hazırda Azərbaycan mətbuatının azadlıq durumu ilə bağlı rəylərini soruşduq. Maraqlıdır, Azərbaycan mediasının bugünkü vəziyyəti media nümayəndələrini qane edirmi?

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, tanınmış telejurnalist Qulu Məhərrəmlinin sözlərinə görə, Ümumdünya Mətbuat Azadlığı 25 ilə yaxındır ki, qeyd olunur və əsas məqsədi də yeni müstəqillik qazanmış ölkələrdə mətbuatın tərəqqisinə, cəmiyyət həyatında söz azadlığının vacibliyinin dərk olunmasına, azad mətbuatın inkişafına dəstək verməkdir: "Çünki millət və cəmiyyət üçün mətbuatın önəmi, onun azadlığının (hürriyyətinin) vacibliyi tamam başqa məna kəsb edir. Azad mətbuat hər hansı cəmiyyətin, bütövlükdə bəşəriyyətin mühüm dəyəri sayılır. Mətbuat azadlığı mahiyyətcə söz və fikir azadlığının ifadə formasıdır. Fikir azadlığı isə hamının hüququ, insan həyatının və demokratik cəmiyyətin zəruri təməlidir.

Mətbuat azadlığı toplum üçün vacib olan məlumatın atmosferi, onun hava fəzasıdır. Bu fəza olmayanda insanın səsi çıxmadığı kimi, mətbuat azadlığı olmayanda da gərəkli məlumatı cəmiyyətə çatdırmaq mümkünsüzləşir. Ona görə də mətbuat azadlığı önəmli ictimai sərvət və demokratik dəyərdir, müasir dünyanın əsaslandığı başlıca prinsip, "təmkin və ziddiyyətlər” sisteminin bünövrəsi, cəmiyyəti ədalətli idarə etmənin və sabit inkişafın vacib şərtidir. Məhz bu azadlıq mətbuata bəzən nəyə görə fəaliyyət göstərməli olduğunu unutmağa meyillənən dövlət institutları üzərində nəzarət hakimiyyəti verir.

Yalnız müstəqil, heç kimdən və heç nədən asılı olmayan azad mətbuat cəmiyyəti narahat edən naqislikləri, problemləri və təhlükələri görür və insanları bundan xəbərdar edir. Hələ iki yüz il əvvəl ABŞ prezidenti Tomas Ceferson bu məqamla bağlı "hamıdan ötrü yeganə təhlükəsizlik azad mətbuatdır” demişdi. Onun fikrincə, əgər bu mətbuat "ictimai rəyi azad ifadə etməyə imkan yaradıbsa, ona müqavimət göstərmək mümkün deyil. Onun doğurduğu həyəcanlarla barışmaq lazımdır. Suyun təmiz qalması üçün bu həyəcanlara ehtiyac var”.

Q.Məhərrəmlinin qənaətincə, azad mətbuat - azad ideya mübadiləsi deməkdir. Bu, səhv etmək və səhv etdiyini başa düşmək azadlığıdır. Bu, pis ideyanı yaxşısı ilə əvəzləmək, toplumun rəyini ifadə etmək, eybəcərlikləri və onların səbəblərini araşdırıb üzə çıxarmaq azadlığıdır: "Əlbəttə, azad mətbuat, bəlkə də, bütün eybəcərlikləri açıb, naqislikləri aradan qaldırmağa qadir deyil, lakin o, cəmiyyətin ağrılarını ifadə edən azad müzakirə və mükalimələr aparmaqla, davamlı ictimai müzakirələrlə problemləri qabarda bilir.

Demokratik cəmiyyətdə hökumət yox, adamların özləri hakimiyyətin son instansiyasıdır. Özünüidarə belə bir prinsipdən irəli gəlir ki, əgər vətəndaşlar informasiyaya tam yiyələniblərsə, deməli, lazımi yolu seçməyə hazırdırlar. Bundan ötrü isə media tənqidi baxımdan vacib olan informasiyanı sərbəst çatdırmaq funksiyasını həyata keçirməlidir. Adamların narazılığını ifadə etmək üçün isə söz azadlığının daşıyıcısı olan mətbuatdan əlverişli tribuna yoxdur. Bu mənada mətbuat - adamların özlərini şüurlu idarə etməsi üçün zəruri olan informasiya və ideyalar aldığı əsas kanaldır.

Azad mətbuat cəmiyyəti onun özünə göstərən parlaq güzgü, hər şeyi görən ictimai gözdür. Məhz azad mətbuat dövlət institutları və hökumətin fəaliyyəti üzərində effektli ictimai nəzarəti gerçəkləşdirə bilir. "Xalq hər şeyi bilməlidir” qanadlı ifadəsi boş yerdən yaranmayıb. Bilmək və her şeydən xəbərdar olmaq xalqın hüququdur. Bu hüququn gerçəkləşməsində azad media önəmli rol oynayır. Əlbəttə, müəyyən sıxıntılar olsa da, Azərbaycanda da mətbuat cəmiyyətin məlumatlandırılmasında öz rolunu oynayır, bəlkə əvvəlki illərlə müqayisədə bu rol çox da həlledici deyil, amma önəmli odur ki, bu gün Azərbaycanda müstəqil qəzetlər çıxır, tənqidçi mətbuat var, internet azad fəaliyyət göstərir. Lakin bu, mətbuatda peşəkarlığın getdikcə aşağı düşməsi, yazıların təsirsiz hala gəlməsi təəssüf doğurur. Bütün hallarda bir çox ölkələrlə müqayisədə Azərbaycanda mətbuat azadlığının mövcudluğunu danmaq olmaz”.

"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 3 mayın Ümumdünya Söz və Mətbuat Azadlığı Günü ilə yanaşı, həm də bir türkçülük günü olduğunu yada salaraq Azərbaycan mətbuatının hər zaman türkçülüyə üstünlük verdiyini vurğulayıb. Baş redaktor ölkəmiz müstəqilliyini əldə etdiyi dövrdən bəri peşə fəaliyyətini yerinə yetirərkən həyatını itirmiş jurnalistlərin olduğunu bildirərək deyib ki, onların yaradıcılığına qiymət verilməsi, dövlət mükafatları ilə təltifi vacibdir. E.Mirzəbəyli söz azadlığının dərin məhfum olduğunu deyərək ondan faydalanmanın ümumən insan hüquq və azadlıqlarına xələl gətirməməsinin vacibliyinə toxunub. O, son zamanlar yeni media ilə bağlı çağırışların artdığını vurğulayaraq məsələnin xüsusən aktual səciyyə daşıdığını bildirib. İctimai tənzimlənmənin təkcə ənənəvi KİV-lərə deyil, internet mediaya da şamil edilməsinin zəruriliyini əsaslandırıb.

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli də öz növbəsində bildirib ki, 3 may tarixi BMT-yə daxil olan bütün ölkələrdə qeyd edilir. Amma qurumdakı dövlətlərin heç də hamısı söz və mətbuat azadlıqlarına lazımınca dəyər vermirlər. Bu mənada 3 may tarixi onların bəziləri üçün yalnız təqvim hadisəsidir. Azərbaycanda isə bu, bir bayram günüdür. Qeyd edilən tarixin bir neçə mərhələdən keçdiyini vurğulayan M.Ələsgərli mövcud istiqamətdəki rəsmiləşmənin tam olaraq 1997-ci ildə başa çatdığını bildirib. Həmin il Bolqarıstanın paytaxtı Sofiyada media üçün vacib tezislər qəbul olunub. Bu tezislərdən biri medianın dövlət qurumları üzərində ictimai nəzarət funksiyasını öz üzərinə götürməsi, digəri onun cəmiyyətə informasiya vermək funksiyasının qətiləşdirilməsi idi. Üçüncü bir məqam sahə üzrə qanunvericiliyin nə dərəcədə işləkliyidir. Azərbaycanda mövcud istiqamətlərdə kifayət qədər işlərin görüldüyünü xatırladan sədr müavini problemlərin qaldığını da vurğulayıb. Onların aradan qaldırılması istiqamətində əzm və iradənin mövcudluğunu mühüm amil kimi dəyərləndirib. M.Ələsgərli onu da deyib ki, son 15 ildə dünyada 1300 jurnalist qətlə yetirilib.

İkinci mühüm məsələ bu qətllərin üstünün açılmamasıdır. Mövcud tendensiyanın hökm sürməsi jurnalistikada cəzasızlıq günü kimi ayrıca tarixin meydana çıxarılması ilə nəticələnib. Ümumən bu hallar peşənin kifayət qədər riskli sahə olduğunu söyləmək üçün əsaslar verir.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb