"Əsəd Cahangirə qalsa, indi gərək mən ABŞ-da çap olunmuş olaydım. Ən azı Türkiyədə. Ancaq mən məhz ABŞ-a daban-dabana zidd İranda çap olundum”
Uzun fasilədən sonra növbəti Milli Kitab Mükafatının keçirilməsi nəzərdə tutulub. MKM keçirildiyi ilk gündən ədəbi gündəmində ən çox müzakirə olunan, dartışılan, haqqında yazılar yazılan mövzulardandır. Ötən müsabiqələrin qalibləriylə çoxları razılaşmadı, ziddiyyətli fikirlər, ittihamlar səsləndirildi, müsabiqəni "oyun” adlandıranlar da oldu.
Hər dəfəsində səs-küy yaradan, bir çox hallarda isə ciddi narazılıqlarla nəticələnən Milli Kitab Mükafatı ilə bağlı bu dəfə də elə müsabiqənin qaliblərindən olan Pərviz Cəbrayıl danışıb:
- Milli Kitab Mükafatı sizin üçün nə dərəcədə əhəmiyyətlidir?
- MKM həyatımda dərin iz buraxıb. Təkcə qalib olduğuma görə yox, həm də bu müsabiqə məni bəzən inanmağın lazımlılığına da inandırdı.
- Layihənin davamlı olmasına ehtiyac varmı?
- Bu müsabiqə başa çatanacan Nigar xanımın çox yorulduğunu bilirəm. Startdan finişə qədər o çox əziyyət çəkir. Ancaq bu həyatda hərənin daşıdığı bir missiya var. Məncə, Nigar xanımın üzərinə düşən xüsusi missiya da məhz MKM-di. Davamlı olması çox gözəl olardı. Axı, Azərbaycan söz adamlarının da sevinmə haqqı var.
- Milli Kitab Mükafatında "Yad dildə”yə rəqib olaraq hansı əsəri görürdünüz?
- Sözün düzü, elə bir tutuşdurma aparmamışdım. Əslində, bu, heç mənim işim də deyildi. O işlə münsiflər məşğul idi və bu sualın cavabını da qaydalara uyğun olaraq onlar verdilər.
- Sizcə, Milli Kitab Mükafatı Azərbaycan ədəbiyyatına nə qazandırdı?
- Hər şeydən əvvəl Milli Kitab Mükafatı Azərbaycan söz adamlarına sevinmək, bayram etmək fürsətini verdi və ümid edirəm ki, yenə də belə olacaq. İndiki halda Azərbaycan ədəbiyyatına bütün həyatı yalnız umudsuzluqla keçən söz adamlarına bağışlanan sevincdən artıq nə qazandırmaq olar ki?!
- Bu müsabiqə niyə ədəbi mühitdə birmənalı qarşılanmadı?
- Əslində elə müsabiqənin üstünlüyü də bu birmənalılıqdan uzaq olmasındadı. Çünki ədəbiyyat təkpartiyalı sistem və ya avtoritar rejim deyil ki, bir fikir hakim olsun.
- MKM ətrafında yaşanan söz atışmaları bir çox hallarda təhqir həddinə çatır. O bunu təhqir edir, bu onu təhqir edir. Bu müsabiqədə ziyalını bu qədər özündən çıxaran səbəb nədir?
- Bütün sahələrdə olduğu kimi insan eqosu. Hansısa münsif və ya yazar hesab edir ki, onun seçdiyi və ya yazdığı əsər birinci olmalıdı. Olmur, ona görə də əsəblərini cilovlaya bilmirlər.
- Sizcə, münsiflər heyətinin seçimləri nə qədər uğurludur?
- Son iki seçimlə bağlı narazılıq edə bilmərəm... (gülür)
- Milli Kitab Mükafatında etiraz doğuran səbəblərdən biri ekspertlərin ədəbiyyat sahəsinə aidiyyəti olmayan adamlardan təşkil olunmasıdır. Sizcə, münsiflər heyətinin seçimləri nə qədər uğurludur?
- Bu məsələyə birmənalı yanaşmaq olmaz. Bir formatı kimsə doğru hesab edə bilər, kimsə yanlış. Amma Milli Kitab Mükafatının münsif heyəti təkcə qeyri-ədəbiyyat adamlarından ibarət deyil ki? Hətta çoxu ədəbiyyat adamıdı. Əslində, hamısı qeyri-ədəbiyyat adamı olsa, daha yaxşı olardı. Daha doğrusu, ədəbiyyat qruplaşmalarına aidiyyəti olmayan adamlar.
- Əksər yazarlar ekspertlərin qərəzli olduğunu deyir və bəzi münsiflərin əsərləri, ümumiyyətlə oxumadıqları iddia edilir. Bu doğrudur, ya ittiham?
- Qərəz insan xislətidi, olub, olacaq da. Kiminsə əsərləri tam oxumamağı da onun öz vicdanının işidi. Mən bir dəfə münsif olmuşam. Hamısını da oxumuşam.
- Milli Kitab Mükafatı Azərbaycanda oxucu sayının artmasına və ədəbiyyatımızda yeni ab-havanın yaranmasına nail ola bildimi?
- Məncə, olub. Bir çöp də alovun şiddətlənməsində yardımçı olursa, MKM niyə də olmasın?
- MKM-ə tutulan ən böyük iradlardan biri müsabiqənin antimilli siyasət yürütməsi ilə bağlıdır. Tənqidçi Əsəd Cahangir hesab edir ki, bu müsabiqə xarici qüvvələrin maraqlarına xidmət edir...
- Sevgili Əsədin ədəbi intiusiyası nə qədər güclüdürsə, fantaziyaları da bir elə güclüdür. Üstəlik, onun konspirologiyaya meyli də bəzən aşırı olur. Ona qalsa, indi gərək mən ABŞ-da çap olunmuş olaydım. Ən azı Türkiyədə. Ancaq mən məhz ABŞ-a daban-dabana zidd İranda çap olundum.
- İddialara görə, qalib olan əsərlər daha çox siyasi çalar üzərində qurulan, milli dəyərlərimizə əks-mövqedə dayanan əsərlər olub. Bu yanaşma ilə siz də ittiham hədəfi hesab olunursunuz. Bu ittihamlara sizin cavabınız nədir?
- Siyasi çalar söhbəti eşitmişəm, bu da işverənlərin şantaj üsuludu, amma tam olaraq milli dəyər məsələsini ilk dəfə sizdən eşidirəm. Gəlin baxaq: Zakir Sadatlının "Əfqanıstan” romanı və siyasi çalar? Qaraqan - siyasi çalar? Yaxşı, tutaq ki, mənə şamil olundu bu ittiham. Hərçənd ki, onu da ancaq əbləhlər siyasi roman hesab edə bilər. Sonucda mən üç qalibdən biriyəm. Ümumiləşdirmə nə üçün? Buratino yalan danışanda burnu uzanır e, indi bəziləri də o qədər yalan danışıb ki, burunları çox uzanıb, bəzən özlərindən asılı olmadan da hara gəldi soxulur. Şükür ki, zaman dəyişib, səhiyyə inkişaf edib. Estetik əməliyyat edirlər. Niyə eybəcər qalsınlar ki?
- Uzun fasilədən sonra bu il müsabiqə yenidən keçiriləcək. Gözləntiləriniz maraqlıdır...
- Yalnız uğur diləyə bilərəm. Yazarlarımıza, münsiflərə, başda da Nigar xanıma!
Şəymən