
90 manatdan “bayram payı” yığırlar
Nə yazıq ki, orta təhsilimizin üz qarası dəyişmir

Məktəblərdə "mart yığımı” zamanıdır. İllərdir ənənəvi xarakter almış "bayram payı” yığımı, nə yazıq ki, orta təhsilimizin üz qarasına çevrilib. Bəzi müəllimlər bayram günlərini həsrətlə gözləyir ki, şagirdlərdən pul toplansın. 8 mart yaxınlaşdıqca yığım sürəti də artır. Həm də 8 martı Novruz bayramına qatıblar ki, iki bayramın birlikdə pulu bir az artıq olsun və şagirdə tutalım, "50, 90 manatdan yığırıq” deyəndə, ağır səslənməsin; iki bayram bir yerdədir, ona görə. Məşhur teletamaşada deyildiyi kimi, "obşiy tost” eləyiblər. Pulu bir dəfəyə yığırlar ki, Novruzda təkrar pul istəməsinlər. Lap "ağ” olar axı...
Evində orta məktəb şagirdi olan ailələrdə bu günlər əsas söz-söhbət müəllimin tapşırığına necə əməl etməkdən ibarətdir. Heç valideyn ev tapşırığının üstündə bu qədər "baş sındırmır”, nə qədər ki, bayram pulu yığılmasının həllinə çalışır. Analar var, ailə büdcəsindən kəsir, hətta bayram biş-düşünün pulundan da qırtıb uşağına verir ki, apar məktəbə. Ürəyində də yeddi qat söyür. "Zəhrimarları olsun, boğazlarında qalsın. Xoş günə xərcləməsinlər...”. Ağır gəldi?! Reallıq budu! İlin-günün bu saatında hansı valideyn xoşluqla müəlliməyə pul hədiyyəsi verər? Müəllimlər hədiyyə, təbrik qismində gül dəstəsinə artıq alçaqlıq kimi baxırlar. Hansı şagirdin "duxu” var müəlliməyə 8 mart hədiyyəsi kimi gül dəstəsi aparsın?! O gül dəstəsini şagirdin təpəsinə çırpar.
Bəli, var belə müəllimlər. İndi gül dəstəsi olsa-olsa, yalnız ilk dərs günü, bir də bəlkə "Son zəng”də müəllimlərə təqdim olunur. Müəllimlər artıq uzun illərdir gül-çiçəklərə "boykot” elan edib. Əmək haqları dolanışıqlarına çatmadıqları gündən. Bu, başqa bir söhbətin mövzusudur. İndilik 8 mart öncəsi valideynlərin naəlac qalmasının necə qarşısını almaq olar, barədə danışaq.
Təhsil ekspertlərinin əksəriyyəti bu fikirdə yekdildir ki, günah valideynin özündədir. Çox da ki, məktəbdə bayram pulu istəyirlər. Bu rüşvətin, qanunsuzluğun, biabırçılığın qarşısını valideynlər ala bilər və almalıdırlar. Amma təəssüf ki, bizim valideynlər "it aparan olsun” prinsipi ilə davranır və bununla da illərdir orta məktəblərdə davam edən "bayram pulu” yığılmasının davam etməsinə birbaşa yardımçı olurlar.
Təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında orta məktəblərdə yaşanan halın qarşısının alınmamasında valideynləri günahkar saydığını dedi:
- Müəllimlər eyni deyil. Pul yığımı aparanlarla yanaşı, bunu şəxsiyyətinə, müəllim və ya direktor adına sığışdırmayanlar da var. Sosial şəbəkələrdə paylaşılan fikirlərdən də görünür ki, vəziyyət orta məktəblər üzrə dəyişkəndi. Bəzisində sürətli yığım aparılır, bəzisi isə insaflıdı, nisbətən az istəyirlər. Amma elə təhsil ocaqları var ki, orada pul söhbəti, ümumiyyətlə yoxdu. Belə məktəblər də var, şagirdin əlinə göz dikməyi özünə rəva bilməyən namuslu müəllimlər də var. Bəzi valideynlərin pul verməyə imkanları var, ya da xarakter etibarilə yaltaqdırlar, müəlliməyə hədiyyəni, pulu zorla da olsa verirlər. Müəllim deyir, ay balam, istəmirəm, valideyn təkid edir ki, yox, almalısan. Hətta hədiyyə almaq fikrində olmayan müəlliməni də bəzi valideynlər öz təkidləri ilə "yoldan çıxarır”. Bu vəziyyət başqa müəllimlərə də sirayət edir, alışqanlıq yaradır. Ümumilikdə məktəbin bütün pedaqoji kollektivinə təsir edir. Bəzi qrup valideynlər də var ki, imkanları yoxdur, kasıbdırlar, amma uşaq pərt olmasın, sinif yoldaşlarından fərqlənməsin deyə, pulu hətta borc tapıb verirlər. Biz sanki olan-olmayanı verməyə həvəskarıq. Bəzi validenylər də bu məsələdə pis mənada "avanqard” rolunu oynayırlar. Valideynlərdən pul yığırlar, bazarlıq edirlər, "müəllimə filan şeyi alaq, bunu hədiyyə edək, onu hədiyyə edək”, deyib qabağa düşürlər. Hər məktəbdə Valideyn Komitəsi var. Gərək Valideyn Komitəsi bu işlərə son qoysun. Bir nəfər ağıllı adam ortaya çıxıb desin ki, gəlin, müəllimə gül dəstəsi alaq. Müəllimlərə bahalı hədiyyələrin alınması, pul yığılması müəllimlərin uşaqlara fərqli yanaşmasına səbəb olur. İmkansız ailənin övladı sinifdə pərt olur, pisikir, bu, tədrisə də mənfi təsir göstərir. Bəzi müəllimlər pul verən şagirdlə verməyən şagird arasında fərq qoyur. Birinin başını sığallayır, birinin üstünə qışqırır. Belə vəziyyətdə uşaqlar dərsə də ciddi yanaşmırlar. Hər bir məktəb rəhbərliyi vəziyyətə ciddi nəzarət etməlidir. Valideynlərlə keçirilən iclaslarda bu məsələlərə toxunulmalıdır. Deyilməlidir ki, kimin imkanı varsa, qoy məktəb üçün xeyirli bir iş görsün. İdman zalını təmir etdirsin, yeni avadanlıqlar alsın. Yol çəksin, yaşıllıq salsın. Elə vacibdir ki, imkanlı valideyn müəllimlərə pul versin, hədiyyə alsın?! Məktəb üçün o qədər xeyirli işlər görmək olar ki?! Bu işdə məktəblə valideynlər əlbir olmalıdır. Biz gərək özümüz bu rüşvət, hədiyyələr, pul yığılması kimi rəzalətə son verək.
Bundan əlavə Təhsil Nazirliyinin "Qaynar xətt”i var. Valideynlər gərək yaranmış problemlə bağlı ora müraciət etsinlər. Qoy şikayətlər daxil olsun, bilinsin, harda vəziyyət necədir. Demirəm, bu dəqiqə hansısa direktoru, ya müəllimi işdən çıxaracaqlar, azad edəcəklər. Ola da bilər, olmaya da. Amma Təhsil Nazirliyinə də kömək etmək lazımdır. Valideyn hansısa faktla bağlı nazirliyə, təhsil idarəsinə məlumat verməyəcəksə, qanunsuzluqlar barədə hardan xəbər tutacaqlar? İkincisi, şikayət etmək, insanın onu narahat edən məsələ ilə bağlı harasa müraciət etməsi sosial aktivlik yaradır. Biri bunu edir, başqası nümunə götürür. Görürlər ki, deməli, şikayət etmək olar, insan gərək qanunsuzluğa etiraz etsin, öz hüququnu bilsin. Cəmiyyət olaraq bizdən tələb edilən budur. İctimai aktivlik. Biz aktiv olmayacağıqsa, baş verənlər barədə susacağıqsa, məktəbdə şagirddən nə tələb edilsə, aparıb verəcəyiksə, bununla necə mübarizə aparılar, qarşısı necə alına bilər?
Gərək valideyn bu cür qanunsuzluğun, rüşvətin ayaq tutub yeriməsinin qarşısını alsın. Çox şey valideyndən asılıdır. Səhv düşüncədir ki, pul vermərəm, uşağımı gözüm-çıxdıya salarlar. Həmin uşaq dərslərini yaxşı oxusun nümunəvi şagird olsun, heç kim onu alçalda bilməyəcək.
Məlahət Rzayeva