Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Bakı 2015” Avropa Yay Oyunlarına dəstək sosial dostluq qrupu "anti-Azərbaycan kampaniyası Avropa Yay Oyunları müstəvisində” mövzusunda "dəyirmi masa” keçirib. Tədbirdə millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, gənc fəallar, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər. Fəzail Ağamalı təəssüflə bildirib ki, Azərbaycan I Avropa Oyunlarının keçirilməsi ərəfəsində xoşagəlməz hadisələrlə üz-üzə qalıb. Dövlətimizin uğurunu gözü götürməyən bəzi xarici və daxili qüvvələr öz məkirli niyyətlərini işə salıb: "Azərbaycan iyun ayının 12-dən 28-dək Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək.
İlk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməyimiz bütün xalqımızı qürurlandırır. Ancaq uğurumuzu istəməyən bəzi dairələr Azərbaycana qarşı hücum edirlər, qarayaxma kampaniyası aparırlar. Yerli bədxahlarımız da son dərəcə möhtəşəm xarakter daşıyan tədbirə qarşı təpkilər göstərirlər. Ölkəmizə qarşı edilən hücumların qarşısını almaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Elə ona görə də, kampaniyanın qarşısını almaq üçün aprelin 25-də sosial şəbəkədə "Avropa Oyunlarına dəstək” adlı dostluq qrupunu yaratdıq. Bununla bağlı gənclər xeyli dəstək nümayiş etdirdilər. Bu dostluq dövlətimizə, millətimizə xidmət göstərən bir qrupdur. Qısa zaman kəsiyində artıq üzvlərin sayı 10 mini ötüb. Hesab edirik ki, yaxın günlərdə qrupa üzv olanların sayı daha da çoxalacaq. Mən hər kəsi qrupa qoşulmağa, sosial şəbəkədə aktiv olmağa çağırıram. Bizim əsas niyyətimiz Oyunlara dəstək vermək, təşkilatçıları müdafiə
etmək və bu istiqamətdə dövlətimizin yanında olmaqdır. Fikrimcə, bütün imkanlardan istifadə edərək, sosial şəbəkələrdə Oyunların əleyhinə olan qüvvələrə qarşı mübarizə aparmalıyıq”.
Şər-böhtan kampaniyasının arxasında erməni diasporası dayanır
F.Ağamalı deyib ki, bu istiqamətdə Azərbaycan dövlətinin çalışmalarına, son dərəcə ciddi əhəmiyyət daşıyan əməyinə böyük qiymət verilməlidir: "Dəstək verməklə bərabər dövlətimizin yanında olmaq və bütün imkanlardan istifadə edərək sosial şəbəkədə dostlarımızla bu idman oyunlarının əhəmiyyətini bölüşməliyik. "Anti-azərbaycan” qruplaşmasına qarşı öz iradəmizi ortaya qoymalıyıq. Məhz belə bir niyyətlə bu dostluq qrupunu yaratmışıq”.
Millət vəkili Birinci Avropa Oyunları ərəfəsində aparılan qarayaxma kampaniyasını və ABŞ dövlət katibi Con Kerrinin əməllərini pisləyib. O, gəncləri daim dövlətin və cənab Prezident İlham Əliyevin yanında olmağa səsləyib. F.Ağamalı Kerrinin ofisində Azərbaycana qarşı bir kampaniya, böyük bir layihə hazırlandığını xatırladaraq, məqsədin Avropa Oyunlarının gedişinə mane olmaq, dünyada Azərbaycanın imicini zədələmək, ölkəyə qarşı mətbuatda şər və böhtan dolu məlumatlar yaymaqdan ibarət olduğunu qeyd edib: "Əlbəttə, bu niyyətlərin qarşısı alınacaq. Həmin şəxslər Azərbaycanın daxilində olan bəzi qüvvələrlə birlikdə ölkədə sabitliyi pozmağa çalışırlar. Biz buna qarşı qətiyyətli mövqe göstərməliyik. Çünki bu, bizim milli maraqlarımıza ziddir və biz buna qarşı öz iradəmizi ortaya qoymalıyıq. Sosial şəbəkələrdə müxtəlif dillərdə Avropa Oyunlarını təbliğ etməli, dövlətimizin və dövlət başçımızın yanında olmalıyıq. Bütün imkan və potensialımızı bu istiqamətə cəmləyərək, dövlətimizə xidmət göstərməliyik”. Partiya sədri əlavə edib ki, ölkəmizə qarşı aparılan şər-böhtanın arxasında erməni diasporasının, lobbisinin xüsusi xidmətləri var: "Biz yumruq kimi bir olub, bu hücumları dəf etməliyik. Sizin hər birinizdən səylərinizi əsirgəməməyi arzulayıram”.
"Mötəbər tədbir Dağlıq Qarabağ probleminin həllinə öz töhfəsini verəcək”
Daha sonra layihənin koordinatoru Nicat Müslümov çıxış edib. O, diqqətə çatdırıb ki, qrupun 10 mindən artıq izləyicisi var və onların sayı gündən-günə artır: "Şəbəkəmiz genişdir. Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları da izləyicilər sırasındadır. Eyni zamanda Azərbaycanın müxtəlif bölgələrindən də qrupumuza qoşulanlar var. Mən bütün soydaşlarımızı qrupda aktiv fəaliyyət göstərməyə çağırıram. Gəlin hamımız müxtəlif dillərdə statuslar yazaraq, oyunları, Azərbaycanı təbliğ edək. Biz gənclər olaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik. Düşünürəm ki, bu oyunların keçirilməsi həm Azərbaycanın piarıdır, həm də Dağlıq Qarabağ probleminin həllinə öz töhfəsini verəcək”.
Daha sonra Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq hüquq fakültəsinin Həmkarlar təşkilatı komitəsinin sədri Yavər Məmmədova çıxış edib: "İlk Avropa Oyunları hər birimiz üçün, bütöv Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Biz gənc olaraq çox gözəl anlayırıq ki, belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ən böyük tarixi nailiyyətlərdən biridir. Ölkəmiz tərəfindən Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması bu tədbirin gələcəyinin təminatı olacaq. Bizim gənclər arasında təbliğat aparmağımızda məqsədimiz var. Sosial aləm geniş və təsirli şəbəkədir. Gəlin, Oyunları elə bir səviyyədə keçirək ki, gələcəkdə heç bir ölkə Azərbaycanın təşkilatçılığına çata bilməsin”.
"Hamımız bir ürək kimi döyünməliyik”
AzTV-nin Xəbərlər Departamentinin aparıcısı Ruslan Həsənov deyib ki, hər hansı uğur əldə etmək asan başa gəlmir: "Ulu öndərimiz deyirdi ki, vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq. Artıq ümummilli liderin kəlamları reallaşır. Bu günə kimi Azərbaycanın siyasi,
iqtisadi və mədəni həyatında çox böyük uğurlar əldə olunub. Biz "Eurovision” yarışmasında da dünyaya səs sala bildik. İndi çalışacağıq ki, "Bakı 2015” Birinci Avropa Oyunları da möhtəşəm olsun”. Buna görə də hər birimiz vətəndaş mövqeyi göstərməliyik, Azərbaycanın imici üçün çalışmalıyıq. Hamımız bir ürək kimi döyünməliyik”.
"Line” prodakşnın əməkdaşı Sevinc Əlizadə Avropa Oyunları ilə bağlı aparılan qara piardan danışıb: "Onlar bizim üçün ciddi əhəmiyyət kəsb etmir. Çünki hamısı əsassız və qərəzlidir. Amma bununla belə biz bu cür məkirli kampaniyanın aparılmasına mane olacağıq. Çünki onlar ölkəmizi dünyaya yanlış formada tanıtmağa çalışırlar. Mən öz adımdan gənclərimizə çağırış ünvanlayıram və onları bizim layihəyə qoşulmağa dəvət edirəm. Gəlin, birlikdə Azərbaycanımızı olduğu kimi tanıdaq”.
"İdman yarış və barış deməkdir”
Professor Qüdrət İsakov da beynəlxalq idman yarışının əhəmiyyətindən danışıb: "Avropanın 50-dən çox ölkəsi, Olimpiya Komitələri Azərbaycanda işləyib və Oyunlara hazırlıq görüblər. İdman yarış və barış, ölkələr arasında körpü, millətin və insanların sağlamlığı deməkdir. Ona görə belə yarışlar həddindən ziyadə vacibdir. Biz həmin tədbirlərdən istifadə edərək idmanın Azərbaycanda daha da geniş vüsət almasına səy göstərməliyik. Çoxları deyir ki, Oyunların keçirilməsində əsas məqsəd Azərbaycanı tanıtmaqdır. Yox, elə deyil, ölkəmiz dünyada kifayət qədər tanınır. Bizim amalımız Azərbaycanın imicini artırmaqdır”.
Daha sonra BDU-nun müəllimi İradə Əliyeva, tanınmış idmançı Dilarə Əhmədova, ADU-nun doktorantı Ürfan Əliyev, şair Səadət Novruzlu, Ucar rayonunun orta məktəb müəllimi İlqar Əliyev və digərləri çıxış edərək I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətini qeyd ediblər. İştirakçılar yekdilliklə anti-Azərbaycan kampaniyasına qarşı ölkə vətəndaşlarını birgə mübarizəyə çağırıblar.
İsmayıl