I Avropa Olimpiya Oyunlarına çox az zaman qalır. Paytaxtda keçiriləcək bu yarışla bağlı hazırlıq işləri son mərhələsindədir. "Şərq” qəzeti olaraq "Bakı-2015” ilə bağlı idman qurğularında aparılan son tamamlanma işləri ilə tanış olmaq üçün Bayıl qəsəbəsində, Bayraq meydanı yaxınlığında yerləşən Su İdman Sarayına yollandıq. Sarayı kənardan görəndə insan daxildən qürur hissləri keçirir. Bayrağımız dalğalanır və möhtəşəm Su İdman Sarayının görünüşü insanı valeh edir. Ölkə Prezidenti tərəfindən bir neçə gün əvvəl açılışını etdiyi bu idman qurğusunun ətrafında sürətli abadlaşdırma və asfaltlanma işləri aparılır. Əraziyə gətirilən ağır texnika vasitəsilə ərazi hamarlanır, dekorativ güllər əkilirdi. Bununla yanaşı, Azərbaycanın neft ölkəsi olduğunu nümayiş etdirmək üçün simvolik olaraq neft çıxaran qurğular eksponat olaraq şüşə məntəqələrin içərisində gələn idmançılara və qonaqlara nümayiş etdiriləcək. Bu barədə bizə ərazidə çalışan işçilər məlumat verdi.
Apardığımız müşahidələr onu göstərdi ki, oyunlar başlayana qədər Su İdman Sarayının ətrafı tam abadlaşdırılaraq istifadəyə veriləcək. Ərazidə çalışan fəhlələr və usta-mühəndislər tam təhlükəsizlik qaydalarına uyğun olaraq iş geyimləri ilə təchiz olunaraq çalışırdılar.
Qeyd edək ki, Su İdman Sarayı 2012-ci il Prezident İlham Əliyevin Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədi ilə Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsinə dair Sərəncamına əsasən inşa olunub. Su İdmanı Sarayının layihələndirilməsi və tikintisi üçün 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb. Koreyanın "Securo CO.LTD” şirkəti sarayın layihələndirmə işlərini qısa müddətdə başa çatdırıb. 6 hektar ərazisi olan bu nəhəng idman qurğusu yüksək keyfiyyətlə inşa olunub və artıq istifadəyə hazırdır. Bakı Bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunub. Bir neçə dəfə Sarayda inşaat işlərinin gedişi ilə tanış olan, tikintinin keyfiyyətlə həyata keçirilməsini diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq bu nəhəng idman qurğusu müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilir və şəhərimizdə həyata keçirilən quruculuq işlərinə bir töhfədir. Su İdmanı Sarayında üç hovuz inşa olunub ki, bunlardan ən böyüyü üzgüçülük yarışlarının keçirilməsi üçün ayrılıb. Uzunluğu 50, eni 25 metrdir, dərinliyi isə 2.5 metr olan hovuz su idmanının müxtəlif növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub. Əsas zaldakı hündürlükdən suya tullanma hovuzunun uzunluğu 25 metrdir. Qeyd olundu ki, suya tullanma platforması 5 pilləli - 1, 3, 5, 7.5 və 10 metr olaraq inşa olunub. Burada quraşdırılan hovuzlar Beynəlxalq Üzgüçülük Federasiyasının rəsmi tərəfdaşı olan İtaliyanın "MyrthaPools” markalı hovuzlarıdır. Burada yarışları eyni vaxtda 6000-dən çox tamaşaçı izləyəcək. Bundan əlavə, sarayda əlil tamaşaçılar, VVIP, VİP və media bölmələri inşa olunub. O da bildirildi ki, binanın dam örtüyünün bir hissəsində SKY LİGHT xüsusi panoram şüşə panellərindən istifadə edilib. Bu şüşə panelləri eyni zamanda, günəş enerjisini elektrik enerjisinə çevirmə panelləri kimi istifadə funksiyasına malikdir. Buradan əldə edilən elektrik enerjisi sarayın bəzi sahələrinin enerji təminatına yönəldiləcək.
Onu da bildirək ki, binada üzgüçülər üçün xüsusi tullanma məşq platformaları və avadanlıqları quraşdırılan Fitnes zalları - akrobatika, ağır atletika, məşq zalları da mövcuddur. Su İdmanı Sarayının ikinci zalında məşqlər üçün üzgüçülük hovuzu inşa olunub. Hovuzun uzunluğu 51 metrdir. Bakı Su İdmanı Sarayında yaradılan şərait təsdiqləyir ki, dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycanda bu cür infrastruktur layihələrinin icrası ölkəmizin gücünü göstərir. İlk Avropa Oyunlarına hazırlığın mühüm mərhələsi olan Bakı Su İdmanı Sarayının inşası bir daha bu mötəbər beynəlxalq idman tədbirinin yüksək səviyyədə baş tutacağına əminlik yaradır.
2015-ci ildə Odlar Yurdu Azərbaycandan start götürəcək Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 41-ci sessiyasında qəbul olunub. Ölkəmizin namizədliyi 38 dövlət tərəfindən dəstəklənib. Bu Oyunların Bakıda keçirilməsinə qərar verilməsi təbii ki, ölkəmizin beynəlxalq nüfuzundan, dünyada formalaşdırdığı müsbət imicdən qaynaqlanır. Birinci Avropa Oyunlarının keçirilməsinə az vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Su İdmanı Sarayının inşası da bu istiqamətdə görülən tədbirlərdən biridir. Çox qısa müddətdə görülən işlər bir daha təsdiqləyir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizdə yaşanan olimpiya hərəkatına verilən dəyərin təzahürüdür. Bu hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də ölkəmizin idman sahəsində son illərdə qazandığı uğurlardan bəhrələnir.
Vüqar Şahinoğlu