Türkiyədə quş qripi yayılıb: Bu ölkədən Azərbaycana quş məhsullarının idxalı dayandırıldı







Türkiyə ərazisində toyuqlar arasında yüksək patogenli quş qripinin yayılması ilə əlaqədar Azərbaycanın Baş Dövlət Baytarlıq müfəttişi Sialə Rüstəmova dünən sərəncam imzalayıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Sərəncamda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına görə, Türkiyə Respublikasının ərazisində toyuqlar arasında

yüksək patogenli quş qripi (H5N1) xəstəliyinin müəyyən edildiyi bildirilir. Eləcə də Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədi ilə bu sərəncamın verilməsi diqqətə çatdırılır.

"Azərbaycan Respublikasının Baş Dövlət Baytarlıq Müfəttişi bu sərəncamla Türkiyə Respublikasının Balikəsir bölgəsində toyuqlar arasında yüksək patogenli quş qripi (H5N1) xəstəliyinin yayılmasını nəzərə alaraq 2015-ci il may ayının 5-i tarixindən Türkiyə Respublikasının Balikəsir və ona yaxın olan Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar və Manisa bölgələrindən diri quş, quş məhsullarının və eləcə də damazlıq yumurtaların idxalının müvəqqəti dayandırılmasına göstəriş verib”, deyə məlumatda qeyd olunub.

Eyni zamanda sərəncamda Dövlət Xidmətinin Epidemioloji nəzarət və profilaktika sektorunun müdiri K.Əsədova Türkiyədə quşlar arasında yayılmış yüksək patogenli quş qripi (H5N1) xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görməsi tapşırılıb. Həmçinin Dövlət Xidmətinin Baytarlıq nəzarəti sektorunun müdiri T.Atazadəyə bu sərəncamdan irəli gələn məsələləri həll etməsi və sərəncamı aidiyyəti dövlət qurumlarına və iş adamlarına çatdırılmasının təmin etməsinə göstəriş verilib.