Ermənistan Prezidenti Serj Sarkisyan ABŞ-a səfəri çərçivəsində Senatda Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşəcək. Sarkisyan dünya ermənilərinin ruporu sayılan "Vaşinqton post” qəzetinin redaksiyasında da olacaq.
Amma ən əhəmiyyətli görüş erməni diaspor və təşkilatları ilə olacaq. Elə səfərin əsas məqsədi də budur. Yəni erməni rəhbəri təkcə mənəvi deyil, eyni zamanda maddi dəstək almaq üçün ABŞ-a yollanıb. Çünki erməni ekspertlərin özləri də hesab edirlər ki, ölkələri dərin iqtisadi və maliyyə böhranının içindədir. Görünür, Sarkisyan ABŞ-dakı ermənilərdən son zamanlar azalan pul axınını artırmalarını istəyəcək. Amerikanın erməni icmasının İrəvana kömək edib-etməyəcəyi məsələsi isə sual altındadır. Ona görə ki, onlar Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasından, ümumiyyətlə, Rusiya ilə olduqca dost münasibətlərindən narazıdır.
Məsələni dəyərləndirən millət vəkili, DİP sədri Asim Mollazadə deyib ki, erməni diasporasının humanitar yardıma bənzər köməyi davam edir və yəqin ki, bundan sonra da davam edəcək. Amma ən maraqlı məqam odur ki, diaspora Ermənistana məcburi yardım etsə də, heç vaxt ölkəyə yatırım qoymur: "Ermənistana, onun gələcəyinə inam yoxdur. Heç kəs öz sərmayəsini tənəzzülə uğramış bir ölkədə riskə qoymaq istəməz. Bu məqam öz-özlüyündə Ermənistanın bir dövlət kimi davamlı olacağını şübhə altına alır. Ermənistan Rusiyanın vassalıdır. Artıq erməni cəmiyyəti də bunun fərqindədir. Ona görə də ermənilər kütləvi şəkildə ölkəni tərk edirlər. Belə gedərsə, Ermənistan yaxın zamanda Rusiyanın sadəcə hərbi bazası funksiyasını daşıyacaq”.
Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Natiq Miri isə bildirib ki, Sarkisyan öz istəyinə nail ola bilməyəcək: "Ermənistan hökuməti Avrasiya İttifaqına üzv olmaq qərarı ilə tamamilə tükəndiyini nümayiş etdirmiş oldu. Bu cür yanlış siyasətin təzahürüdür ki, bu gün Ermənistanda fəaliyyət göstərən siyasi partiya rəhbəri ölkəsinin Rusiyanın tərkibinə keçməsini tələb edib. Hətta bununla bağlı geniş aksiya da keçirib. Görün, Ermənistanda vəziyyət hansı həddə çatıb”.
Politoloqun sözlərinə görə, Sarkisyan və onun idarə etdiyi hərbi xunta düşdüyü vəziyyətdən çıxmaq üçün Rusiyadan kənarda alternativlər axtarır: "İndiki şəraitdə ABŞ və ya erməni diasporası Ermənistana ciddi dəstək verməyəcək. Çünki erməni hökuməti artıq bütün suveren hüquqlarını Kremlə təhvil verib. ABŞ-dakı görüşlərin Moskva səfəri öncəsində həyata keçirilməsi də diqqət çəkəndir. Sarkisyan bununla ölkəsinə qarşı olan münasibəti və erməni diasporasının nəbzini yoxlamaq istəyir. Amma o, umduğunu almayacaq”.
İsmayıl