Aydın Quliyev: “Mediamızda inkişaf meyilləri, təmayülləri müəyyən qədər də jurnalist təşkilatlarının maarifləndirici, təşkilatlandırıcı və analitik fəaliyyətlərin nəticəsidir”
Anar Niftəliyev: "Onların mövcudluğu hiss olunmursa, demək, medianın inkişafındakı iştiraklarından danışmağa dəyməz”
Ələsgər Məmmədli: "Mətbuat Şurası mətbuatı maraqlandıran bir çox məsələlərin həllində jurnalistlərə dəstək olmağa çalışır”
Jurnalist peşəsi şərəfli, eyni zamanda, təhlükələr içərisində olan sahədir. Bəzi ölkələrdə jurnalistlər təqib edilir, hətta onların həbsxanalara salınması halları da olur. Qeyd edək ki, mətbuatı dördüncü hakimiyyət də adlandırırlar. Dördüncü hakimiyyət nümayəndələrinə qarşı edilən təzyiqlərin qarşısının alınmasında, onların müəyyən problemlərinin həll olunmasında, təşkilatlanmalarında və s. jurnalist təşkilatlarının müəyyən köməyi ola bilər. Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatları da jurnalistlərin müəyyən problemlərinin həlli istiqamətində lazımınca işlərin görüldüyünü bildirirlər.
Biz də ölkəmizdəki jurnalist təşkilatlarının nə dərəcədə effektiv çalışdığını və konkret hansı nəticələr əldə etdiyini araşdırmağa çalışdıq. Onu da deyək ki, Azərbaycanda dövlət qeydiyyatından keçmiş 50-dən çox jurnalist təşkilatı olsa da, onların əksəriyyətinin fəaliyyəti reallıqda hiss olunmur. Belə qurumların bəziləri aradabir hansısa əlamətdar tarixlə bağlı tədbir keçirməklə, digərləri öz marağı naminə layihə reallaşdırmaqla işini bitmiş hesab edir.
... əvvəli ötən sayımızda
Mətbuat Şurası sədrinin müavini, Jurnalist Həmkarları Təşkilatının (JuHİ) sədri Müşfiq Ələsgərlinin qənaətincə, Azərbaycanda kifayət qədər jurnalist təşkilatları fəaliyyət göstərir. Onlardan təxminən 20-yə qədəri isə aktiv fəaliyyətdədir.
Medianın inkişafında jurnalist təşkilatlarının roluna gəldikdə isə M.Ələsgərli deyib ki, onların əvəzsiz əhəmiyyəti var. Bütün sahələrdə olduğu kimi media sahəsində də QHT-lərin fəaliyyətinə ehtiyac var. Medianın, jurnalistlərin təşkilatlanması kimi məsələlər jurnalist təşkilatlarının öhdəsinə düşür: "Media kifayət qədər dinamik sahədir. Son dövrlərdə isə bu sahədə hər an yeniliklər olur. Bəs qlobal səviyyəli yenilikləri Azərbaycan mediasına kim gətirir? Təbii ki, jurnalist ittifaqları. Hər il beynəlxalq jurnalist təşkilatları ilə illik toplantılar keçirən Azərbaycan QHT-ləri orada öyrəndikləri yeniliklərin də ölkə mediasında tətbiqinə çalışır”.
JuHİ sədri deyib ki, Azərbaycan media sferasında baş verən hansısa proseslər barədə beynəlxalq təşkilatlarda rəy yaradılması məsələsi yenə də jurnalist təşkilatlarının üzərinə düşür: "Onlar da bu missiyalarını layiqincə yerinə yetirirlər. Jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması üçün
keçirilən təlimlər, tədbirlərin təşkili, onların beynəlxalq əlaqələrinin qurulması, jurnalistlərin beynəlxalq media mühitinə inteqrasiyası da jurnalist ittifaqlarının əsas funksiyalarındandır. Jurnalistlər arasında həmrəyliyin yaranması, onların təşkilatlanması və onların maraqlarının müdafiə olunması məsələsi də jurnalist ittifaqlarının üzərinə düşür. Bu gün Azərbaycan mediası kifayət qədər inkişaf yolu keçib. Bu uğurun əldə edilməsində də jurnalist təşkilatlarının müəyyən qədər rolu var”.
M.Ələsgərlinin sözlərinə görə, jurnalistlərin qarşılaşdıqları problemlərin həlli birbaşa jurnalist təşkilatlarının əsas missiyasıdır: "Hansısa problemlə, təzyiqlə üzləşən jurnalistlər ilk növbədə təmsil olunduğu redaksiyaya və daha sonra isə ölkədə mövcud olan jurnalist təşkilatlarına məlumat verməlidir. Həmin təşkilatlar da yaranmış problemi aradan qaldırmaq üçün ciddi səylə hərəkətə keçməlidir”.
Jurnalistika ilə bağlı fəaliyyət göstərən təşkilatların vəziyyətinin bir o qədər də qənaətbəxş olmadığını hesab edən Jurnalist Həmkarları İttifaqının sədri deyib ki, QHT-lərin hər zaman müəyyən problemləri olur: "Hətta deyərdim ki, Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatları çox fədakardırlar. Azərbaycan mediasında islahatlar aparılması, KİV-in müasir müstəviyə çıxarılması üçün çox böyük işlər görürlər. Eyni zamanda bu istiqamətdə müxtəlif problemlərlə də üzləşirlər. Bu problemlərdən biri də təşkilatların qayğılarıdır. Azərbaycanda QHT-lərə Dövlət Dəstəyi Şurası fəaliyyət göstərir. Və bu şura müəyyən mənada jurnalist təşkilatlarına da maliyyə yardımı göstərir, amma özlərinin prioritet hesab etdikləri sahələr üzrə yadım göstərirlər. Digər tərəfdən də KİV-lərə Dövlət Dəstəyi Fondu fəaliyyət göstərir. Bu Fond da daha çox redaksiyaları maliyyələşdirir. Bir növ jurnalist təşkilatları ortada qalıb. Onlar nə QHT-lərə Dövlət Dəstəyi Şurasından, nə də KİVDF-dən maliyyə ala bilirlər. Yəni onlar maliyyə ayıran zaman jurnalist təşkilatlarının özlərinin prioritet məsələləri olduğunu nəzərə almırlar. Hansı ki, beynəlxalq təşkilatlarla daha çox ünsiyyətdə olan və media sahəsində yenilikləri ölkəyə ilk gətirən məhz onlar olur. Hesab edirəm ki, jurnalist təşkilatlarının problemlərinin həlli üçün müəyyən proqramlar həyata keçirilsə, daha yaxşı olar”.
"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə isə Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatları ictimai fəaliyyətin çox vacib institutlarından biridir: "Ədalət xətrinə deməliyəm ki, bizim mediamızda inkişaf meyilləri, təmayüllər müəyyən qədər də jurnalist təşkilatlarının maarifləndirici, təşkilatlandırıcı və analitik fəaliyyətlərin nəticəsidir. Təbii ki, medianın inkişafına göstərdiyi dəstəyin müqabilində biz ancaq onların fəaliyyətinə uğurlar arzulaya bilərik. Amma onu da deyim ki, bu sözləri heç də bütün jurnalist təşkilatları haqqında demək olmaz. Lakin Azərbaycanda fəaliyyət göstərən bir neçə jurnalist təşkilatları var ki, özlərinin uğurları, ölkədə baş verən proseslərə müdaxiləsi ilə az qala siyasi partiyalar, aparıcı media vasitələri qədər populyarlaşıblar”.
"Axar. az” xəbər portalının baş redaktoru Anar Niftəliyev isə Azərbaycanda jurnalist təşkilatlarının ümumiyyətlə mövcudluğunu hiss etmədiyini təəssüflə vurğulayıb: "Əgər onların mövcudluğu hiss olunmursa, demək, medianın inkişafındakı iştiraklarından danışmağa dəyməz”.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli də Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatlarının fəaliyyətinin bir o qədər də qənaətbəxş olmadığını deyib: "Şübhəsiz ki, bu cür təşkilatların medianın inkişafı sahəsində gördüyü işlər təqdirəlayiqdir və çox mühüm əhəmiyyətə sahibdir. Ancaq biz bu rolun daha böyük olmasını istərdik. Birmənalı şəkildə hər şeyə neqativ qiymət vermək doğru deyil. Mənim fikrimcə, medianın inkişafına xüsusi töhfə verən təşkilatlar arasında MŞ-nin adını birinci çəkmək lazımdır.
MŞ həm jurnalistlərin, həm də ictimaiyyətin qurduğu ortaq bir təşkilatdır. 12 ildir fəaliyyətdə olan Mətbuat Şurası mətbuatı maraqlandıran bir çox məsələlərin həllində jurnalistlərə dəstək olmağa çalışır. Həmçinin Mətbuat Şurasının tərkibində ayrıca bir jurnalist təşkilatı kimi Jurnalist Həmkarları Təşkilatı (JuHİ) da fəaliyyət göstərir ki, onun da özünəməxsus rolu var. Digərlərinin də konkret öz sahələrinə uyğun olaraq, müəyyən fəaliyyətləri və əhəmiyyətləri var. Məsələn, Azərbaycanda fəaliyyət göstərən fəal jurnalist təşkilatları arasında "Yeni Nəsil” Jurnalistlər Birliyinin də özünəməxsus rolu var. Bu təşkilat jurnalistlərin maariflənməsi ilə məşğuldur.
Bu və ya digər təşkilatlar da var ki, jurnalistika sahəsindəki problemlərin həlli istiqamətində real addımlar atmağa çalışırlar. Onlar da sadaladığım bu iki təşkilat qədər yüksək olmasa da, prinsip etibarı ilə müəyyən uğurlara nail olublar. Amma etiraf etməliyik ki, media sahəsində mövcud olan problemləri aradan qaldırmaq iqtidarında deyil. Bu sahədə görüləcək işlər çoxdur.
Ancaq əvvəldə də qeyd etdiyim kimi, prinsip etibarı ilə Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatlarının fəaliyyəti məni tam qane etmir. Təbii ki, onların fəaliyyətində nəzərə çarpan çatışmazlıqların da müəyyən obyektiv və subyektiv səbəbləri var”.
Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatlarının passiv fəaliyyətinin bir mənada təbii olduğunu deyən Ə.Məmmədlinin sözlərinə görə, birmənalı şəkildə bütün təşkilatlardan aktiv fəaliyyət gözləmək də doğru deyil: "Təbii ki, bu sahədə fəaliyyət göstərən təşkilatların hər biri müəyyən işlər görməyə çalışırlar. Sadəcə, dəstəyi olanlar geniş şəkildə fəaliyyət göstərə bilir, imkanları zəif olanlar isə daha məhdud çərçivədə fəaliyyət göstərirlər”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb