Fazil Mustafa: “Xəbərdarlıqla bağlı məlumatsız olsam da, deyilənlərin həqiqət olmasını arzulayardım”
Əliməmməd Nuriyev: "Konstitusiyada deputatlara və deputat olmağa namizəd olan şəxslərə qarşı müəyyən tələblər var”
Milli Məclisin yeni tərkibində rektor deputatların təmsil olunmayacağı məsələsi gündəmə gəlib. Mətbuatda yayılan məlumatlara görə, artıq rektorlara bu barədə xəbərdarlıq da edilib. Artıq mandat daşıyan, eyni zamanda ayrı-ayrı dövlət qurumlarına rəhbərlik edənlər də iki yoldan birini seçməli olacaqlar.
Xatırladaq ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov rektor deputatların mandatdan məhrum edilmələri üçün müvafiq qurumlara dəfələrlə çağırış edib. Odur ki, yayılan məlumatların nə dərəcədə həqiqət olduğunu öyrənmək üçün millət vəkili ilə əlaqə saxladıq.
Yayılan məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini bilmədiyini vurğulayan İ.İsmayılov konkret məlumatlı olmadığını deyib: "Mənim müraciətlərim hələlik cavabsız qalıb və Mərkəzi Seçki Komissiyası ilə məhkəmə çəkişmələrimiz davam edir”.
İ.İsmayılovun sözlərinə görə, əslində rektorlara millət vəkili olmamaları barədə xəbərdarlıq edilməməlidir. Bu məsələ qanunda öz əksini tapıb və onlar da qanunun aliliyinə hörmətlə yanaşmalıdırlar. Həmin insanlar ya deputat mandatını, ya da öz vəzifələrini təhvil verməlidirlər: "Müxtəlif vəzifə sahibləri, rektor olan adamların hər biri kifayət qədər təcrübəli və alim adamlardır. Özlərinin düşüncəsi olsun, qanuna hörmət eləsinlər. Cəmiyyətimizdə qanuna hörmət qanunu olmalıdır. Əgər özlərini akademik, ziyalı hesab edən adamlar belə ölkənin qanunlarını pozursa, onda biz sadə vətəndaşlardan nə gözləyə bilərik? Nə tələb etməyə haqqımız var?
Millət vəkili Fazil Mustafa da hesab edir ki, rektor və digər vəzifəli şəxslərin parlamentdə təmsil olunmaması Azərbaycan qanunvericiliyinə və Seçki Məcəlləsinə uyğun olaraq nəzərdə tutulan bir addımdır: "Amma bu məsələ Azərbaycan praktikasında öz həllini tapmırdı. Yayılan məlumatlara gəldikdə isə belə bir addım atılması tamamilə qanunauyğundur. Konkret xəbərdarlıqla bağlı məlumatsız olsam da, deyilənlərin həqiqət olmasını arzulayardım”.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də deyib ki, qanunvericilikdə və Konstitusiyada deputatlara və deputat olmağa namizəd olan şəxslərə qarşı müəyyən tələblər var. Bu tələblərdən biri də onların ödənişli fəaliyyətlə məşğul olmamaları ilə bağlıdır: "Elm, yaradıcılıq və pedaqoji fəaliyyətlə məşğul olmaq istisna olmaqla, digər ödənişli fəaliyyətlə məşğul olmaq deputatlara və deputat olmaq istəyən şəxslərə yasaqdır. Mübahisəli məsələ budur: rektorlar elmi fəaliyyətin subyektidir, pedaqoji fəaliyyətin subyektidir, yoxsa bütövlükdə icra hakimiyyəti orqanının və ya digər ödənişli fəaliyyətlə məşğul olan fəaliyyətin subyektləridir? Bu şəxslər vəzifəyə prezidentin sərəncamı ilə təyin olunurlar. Bu da mübahisə yaradan haldır. Buna Konstitusiyada da yol verilmir”.
Şəymən