Türkiyə Respublikasının Baş Qərargahında Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçirilib. Görüşdə üç ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın tənzimlənməsi məqsədilə Koordinasiya Qrupunun yaradılması qərara alınıb.
Qurumun məqsədi birgə təlimlər, kurslar və treninqlərin keçirilməsi, təhsil və tibb sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərin əlaqələndirilməsi olacaq. Görüşün yekunlarına dair Protokol imzalanıb.
Azərbaycan-Türkiyə-Gürcüstan hərbi rəhbərliyi arasındakı üçtərəfli görüşü şərh edən politoloq Natiq Mirinin sözlərinə görə, regionda mövcud olan təhlükələr fonunda bu üçlük formatının işlək olması hər 3 ölkə üçün vacibdir: "Rusiyanın əhatə ölkələrinə təhlükə təşkil etməsi belə bir təhlükəsizlik kəmərini şərtləndirir. Bu birlik həm də əzələ nümayişi xarakteri daşıyır. Çünki Türkiyə kimi güclü bir dövlətin bu üçlükdə olması Türkiyənin Qafqazdakı maraqlarını və bu maraqların regional güclərin nəzərə alması gərəkdiyini göstərir. Mütəmadi olaraq bu üçlüyə daxil olan hərbi güclərin görüşü təkcə xarici işğala qarşı birgə durmaq deyil, həm də mövcud olan və perspektiv qlobal layihələrin, yeni kommunikasiya xətlərinin birgə qorunmasına xidmət edir. Ermənistanın Cənubi Qafqaz ölkəsi olmasına rəğmən regional və qlobal təhlükəsizlik sistemlərindən uzaq qalması da dünya ermənilərinə üstündə düşünüləsi bir mesaj olmalıdır”.
Hazırkı görüşlər fonunda 3 ölkə arasında hərbi alyansın yaranmasının nə dərəcədə real olduğuna gəldikdə isə politoloq deyib ki, belə bir gerçək hələlik mümkün deyil: "Çünki belə bir alyansın yaranması Rusiya kimi ölkələri qıcıqlandıra bilər. Buna isə hələlik nə Azərbaycan, nə Gürcüstan hazırdır. Başqa tərəfdən, Türkiyə bir NATO ölkəsidir və bununla bağlı NATO-da razılıq olmalıdır ki, hələlik belə razılığın olması da üfüqdə görünmür”.
Bu görüşlərin mütəmadi olaraq keçirildiyini vurğulayan siyasi şərhçi Arzu Nağıyev də deyib ki, görüşdə əsas kimi geosiyasi, regional təhlükəsizlik və əvvəllər əldə edilən razılıqların icrası məsələləri müzakirə edilir: "Formata gələndə isə əsasən ikitərəfli və sonradan üçtərəfli görüşlər olur. Düşünürəm ki, belə görüşlərin əsas müsbət nəticələri texniki və taktiki fikir mübadiləsi ola bilər. Məlumdur ki, Türkiyə NATO blokuna daxil bir dövlətdir, Gürcüstan da NATO ilə birlikdə təlimlərdə iştirak edir. Azərbaycan və digər hər iki dövlətin sülhməramlıları Əfqanıstanda antiterror əməliyyatlarında iştirak edirlər”.
A.Nağıyevin də qənaətincə, hərbi alyansın yaradılması məsələsi real deyil, çünki hər üç dövlətin təhlükəsizlik məsələləri ilə bağlı üzərlərinə götürdükləri öhdəliklər var.
Şəymən