Bəzi məktəblərdə təmayülləşmə olacaq

Nazir istəyir ki, yuxarı sinif şagirdləri repetitor yanına getməsin
“Yeniliyin mahiyyəti odur ki, IX-XI siniflərdə şagirdlərin seçiminə uyğun olan fənlərə geniş yer veriləcək”



Növbəti tədris ilində Azərbaycanın bəzi məktəblərində təmayülləşmə həyata keçiriləcək. Proses IX-XI sinifləri əhatə edəcək”. Bu barədə təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, məsələ mərhələli şəkildə reallaşacaq: "Təmayülləşmə ilk növbədə Təhsil Nazirliyinin birbaşa tabeliyində olan məktəblərdə, digər seçilmiş məktəblərin yuxarı siniflərində tətbiq ediləcək. Bu, IX-XI sinifləri əhatə edəcək. Məqsəd odur ki, şagirdlərin və valideynlərin seçiminə uyğun olaraq, onların akademik nailiyyətləri, göstəriciləri, maraqları təmin edilsin.

Həmçinin, təhsil sistemi də yuxarı sinif şagirdlərinə onların daha çox əhəmiyyətli, mühüm hesab etdiyi fənlər üzrə təmayülləşməni təklif edə bilsin”. Addımın əhəmiyyətindən söz açan Azərbaycan Təhsil Şurasının sədri, təhsil üzrə ekspert Əjdər Ağayev "Şərq”ə açıqlamasında qeyd edib ki, bu sistem "dərinləşmiş istiqamətlər” adı ilə əvvəllər də mövcud olub. Sadəcə, indi adını təmayülləşmə qoyublar: "Yeniliyin mahiyyəti odur ki, IX-XI siniflərdə şagirdlərin seçiminə uyğun olan fənlərə geniş yer veriləcək”.

Ekspertin sözlərinə görə, nazirin bu qərarı qəbul etməsinin başlıca səbəbi, IX-XI sinif şagirdlərinin dərsə getməməsidir: "Onlar repetitor yanına gedirlər. M.Cabbarov istəyir ki, xüsusi ixtisaslaşdırılmış siniflər yaradılsın. Tədris elə təşkil olunsun ki, uşaq repetitor yanına getməyə ehtiyac duymasın. Amma burada bir məsələni diqqətdən qaçırmaq olmaz. Bugünkü insanlar sabah da olacaqlar. Həmin müəllim və direktorlar gələn il də işləyəcəklər. Əsasən insanın məsuliyyətinə diqqət ayrılmalıdır. Belə olan halda təmayülləşmənin əhəmiyyəti olacaq. Tədrisin səviyyəsi yüksələcək. İnsanların səriştəsizliyinə görə cavabdehliyi artırmaq lazımdır. Keyfiyyətsiz nəticələrə görə məktəb rəhbərliyi məsuliyyət daşıyır. Həmin məsələ "Təhsil haqqında” qanunda da öz əksini tapıb. Lakin baxan yoxdur”.

Ə.Ağayevin qənaətincə, bəzi məktəb rəhbərləri səriştəsizliyə yol verirlər: "Doğrudur, çox gözəl, şəffaf fəaliyyət göstərən məktəblər də mövcuddur və müsbət nümunələr də var. Amma bir çox orta təhsil ocaqlarında hələ də köhnə qayda ilə pul yığmalar, şagirdlərə, müəllimlərə kobud yanaşmalar müşahidə olunur. Masazırda orta məktəb var. Dünən o məktəbin bir gənc müəllimi yanıma şikayətə gəlib ki, məktəbin direktoru camaatın içərisində mənə təhqiramiz sözlər dedi. Kirayədə qalan adamdı. Direktor ondan pul tələb edir. O da verə bilmir. Bu baxımdan düşünürəm ki, öncə idarəçiliyi və direktorlara nəzarət mexanizmini düzəltmək lazımdır. Direktorların özbaşınalığına son qoyulmasa, yenilik effekt verməyəcək. Məsuliyyət mütləq olmalıdır. Bir sözlə, ilk olaraq insanı dəyişdirmək lazımdır. Bu olmayacaqsa, müsbət irəliləyiş gözləməyə dəyməz”.

Ayyət Əhməd