91 min manat, yox olan MTK sədri, "Azəriqaz" və "VİP" şirkəti... - "Şərq" yeyintini araşdırdı

320 sakin isə hələ də evinin qızmasını gözləyir
Xəbər verdiyimiz kimi, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 16 ünvanında yaşayan 320 ailə 8 ildir ki, qazsız qalıb. "Günəşli" MTK-nın inşa etdiyi binadan mənzil alan vətəndaşlarla bağlanan müqaviləyə görə, tikinti şirkəti qaz, su, kanalizasiya çəkilişi barədə öhdəlik götürsə də, vədinə əməl etmir. Vətəndaşlarda haqlı narazılıq yaradan bu hal dəfələrlə bina sakinlərinin etirazına səbəb olub.
Qarşıdurmalar yaranıb. Binanın qızdırılması üçün ortaq bir yol müəyyənləşdirilərək mərkəzi istilik sisteminə qoşulmaq üçün vətəndaşlardan mənzilin sahəsinin ölçüsünə uyğun vəsait toplanılıb. Dörd il öncə hər bir sakin 150-1000 manat miqdarında vəsait ödəyib. Qış aylarında mənzillər istiliklə təmin olunsa da, vətəndaşlar qaz balonlarına möhtac qalıb, hər an təhlükə törədəcək vəziyyətlə üzləşib. 8 ay öncə isə qaz probleminin həlli üçün "Azəriqaz"la danışıqlar aparıldığını və ümumi razılıq əldə olunduğunu əsas gətirərək podratçı təşkilat olaraq "VİP" təmir-tikinti şirkəti ilə müqavilə bağlanılıb.
Bunun üçün hər bir vətəndaşdan yenidən 350 manat vəsait yığılıb. 270 nəfər bu vəsaiti ödəyib. 91 min manat vəsait yığılmasına baxmayaraq hələ də sakinlər nə vaxt qazla təmin olunacağını bilmir. "VİP" təşkilatına 32 min manat vəsait ödənilib, amma qaz nəql edən boru xətlərindəki nasazlığı əsas gətirərək günahı vətəndaşların boynuna yıxılır. Bəzi mənzillərdə insanların yaşamaması, qapıların bağlı olması əsas gətirilir.
Binanın "Azəriqaz"a olan ötənilki borcuna görə isə mərkəzi istilik sisteminə qaz verilişi dayandırıldığından 320 ailə bu soyuq qış günü əsl yaşamaq mücadiləsi verir. Binanın yaşlı, köməksiz insanları yenə Azərbaycan dövlətinə güvənir və hər bir azərbaycanlının probleminə həssas yanaşan Azərbaycan Respublikası I vitse-prezidenti Mehriban Əliyevadan kömək gözləyir. Binanın problemlərinin həlli üçün kənardan-kənara "məsləhətlər" verən MTK sədri Akif Mustafayevin isə harada olduğu bilinmir.
"Şərq" qəzeti mövzunu gündəmdə saxlayaraq 320 ailəni qazsız qalma səbəblərini öyrənmək və problemin həlli üçün araşdırmaya başlayıb.
Məsələ ilə bağlı ilk olaraq "VİP" təşkilatının sədri Pərviz Quliyevin fikirlərini öyrəndik. O qeyd etdi ki, hazırda sözügedən binada sayğaclar quraşdırılır və bununla belə 4-5 qaz borusunda sızıntılar var:
"Sızıntısı olan boruya qaz buraxmaq olmaz. "Vintil"ləri və qutuları qoymuşuq. Fövqəladə Hallar Nazirliyinin Dağ-Mədən Şöbəsindən keçirmişik. Borulara hava vurulub və 4-5 yerdən sızıntı olduğuna görə, məsuliyyəti üzərimizə götürüb qaz verə bilmirik. Kimsə məsuliyyəti öz üzərinə götürürsə, biz 2 günə oranın qazını verə bilərik. Gərək öncə sızıntının qarşısını alaq ki, heç bir təhlükə olmasın. Mənim işim hazırdı. Yenə də deyirəm, boruda sızıntı olduğu üçün biz ora qaz verə bilmərik. Hansısa sakin məsuliyyəti üzərinə götürürsə, biz qazı verə bilərik. Sabah istənilən məmur bizdən soruşsa, onlara da həmin cavabı verəcəyik".
"8 aydır ki, podratçı şirkət orada işləyir və bu 8 ayda 4-5 sızıntının qarşısını almaq o qədərmi çətindir" sualına gəlincə, şirkət rəhbəri söylədi ki, qısa müddətdə iş yekunlaşmalıdır: 
"2-3 günə görə, binanı təhlükəyə ata bilmərəm. Mən onun məsuliyyətini üzərimə götürmürəm. İşlər yekunlaşsın ki, mən onlara qaz verim. Bizə ödənilən məbləğə müvafiq işlər görülüb".
Günəşli MTK-nın bu işin başa çatdırılması üçün sakinlərdən 90 min manat yığması və yığılan puldan 31 min manat podratçı şirkətə ödəməsinə münasibət bildirən P.Quliyev bildirdi ki, MTK 31 min deyil, daha çox məbləğ ödəyib:
"Biz həmin pula sayğac alıb quraşdırmışıq. İşin görülməsi üçün lazımi qədər pul xərclənib. Sayğacların quraşdırılması işi başa çatıb. İndi həmin o 4-5 sızıntının qarşısını almaq istiqamətində işlər görülür".
"Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalayev də bununla bağlı məlumatlı olduqlarını diqqətə çatdırdı:
"Həmin binanın qazlaşdırılmasına dair "Azəriqaz" İstehsalat Birliyinə heç bir sənəd daxil olmayıb. Podratçı şirkət qaz təsərrüfatını qurur, sayğacları quraşdırır, texniki sənədlərini hazırlayır və "Azəriqaz" İstehsalat Birliyinə təqdim edir. "Azəriqaz" İstehsalat Birliyinin şöbə müdiri Zamin müəllim podratçı şirkətlə danışıb. Onlar da söz veriblər ki, qısa müddət ərzində həmin sənədləri təqdim edəcəklər".
"Günəşli" MTK-nın həmin binanın mərkəzi istilik sisteminə görə, "Azəriqaz" İstehsalat Birliyinə 30 min 900 manat borcu olması və bu borcun adıçəkilən MTK-dan tələb olunmaması məsələsinə gəlincə, İ.Kəlbalayev vurğulayıb ki, qazanxananın "Azəriqaz"a borcu varsa, bu məbləğ Azərbaycan Respublikasının qanunlarına müvafiq qaydada MTK-dan tələb olunur:
"Onu da diqqətinizə çatdırım ki, "Azəriqaz" İstehsalat Birliyi MTK və ya podratçı şirkətlə sakinlər arasındakı münasibətlərə baxmır. Bizə yazılı müraciət edin. Aidiyyəti şöbələr məsələni araşdırıb sorğunuza cavab verəcək. Bir daha təkrar edirəm ki, MTK ilə probleminizi özünüz həll etməyə çalışın. "Azəriqaz"a qazın açılmasına dair müraciət daxil olacaqsa, biz də öz növbəmizdə qanunauyğun şəkildə baxış keçirəcəyik və o binaya qaz buraxılacaq. Amma digər işlərin bizə aidiyyəti yoxdur".
"Azəriqaz" İstehsalat Birliyinin şöbə müdiri Zamin müəllim (soyadını demədi - red.) də qeyd edib ki, məsələ ilə bağlı onlara da şikayət daxil olub:
"Bu şikayətdən sonra podratçı təşkilatla əlaqə saxlamışam. Onlar mənə cavab verdilər ki, sənədlər hazırdı. Amma müəyyən xətlərdə problemlər var və həmin qüsurlar aradan qaldırılandan sonra sənədlər "Azəriqaz"a təqdim olunacaq. Bizə isə bu günə kimi heç bir sənəd daxil olmayıb. Qazanxananın borcu ilə bağlı sualınıza isə mən cavab verə bilmərəm. Səlahiyyətimdə deyil".
Ayyət Əhməd