ABŞ Azərbaycanın regiondakı liderliyini tanıyır

İlham Əliyevin Vaşinqton səfəri siyasi, iqtisadi, enerji təhlükəsizliyi əməkdaşlığının güclənməsinə təkan verəcək
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb. Tərəflər bəyanatla çıxış ediblər. Görüş zamanı Con Kerri ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə nizamlanacağına ümid etdiyini bildirib: "Biz Dağlıq Qarabağdakı dondurulmuş münaqişənin həllini görmək istəyirik. Məsələ danışıqlar prosesi ilə olmalıdır”.
Prezident İlham Əliyev Azərbaycanda iqtisadi sahədə görülən işlərdən, əsas iqtisadi prioritetlər-kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, vergi və gömrük, infrastruktur sahələrində həyata keçirilən islahatlardan danışıb. Dövlət başçısı iqtisadi inkişafın qanunvericilik proseslərində Azərbaycanın beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolu qeyd edilib,
ABŞ-ın bu işdə ölkəmizə verdiyi dəstək yüksək qiymətləndirilib, "Cənub Qaz Dəhlizi” layihəsinin önəmi vurğulanıb. Bundan başqa, İ.Əliyev dünyada neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda əsas iqtisadi parametrlərin qorunub saxlanıldığını və iqtisadiyyatın yaxşı vəziyyətdə olduğunu bildirib. Dövlət başçısı neftin qiymətinin düşməsi fonunda Azərbaycanda büdcə sisteminin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.
Azərbaycanın mövqeyi Ağ Evə çatdırılıb
Görüşü şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə söyləyib ki, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyini, platformasını ABŞ-a çatdırmağın özü çox böyük bir işdir: "Düzdü, həmsədr dövlət kimi bəlkə də ABŞ hər şeydən xəbərdardır. Amma elə nüanslar var ki, onlar barədə dövlət katibinin məlumatlandırılması Amerika Prezidenti Barak Obamanın məlumatlandırılması deməkdir. Danışıqların stenoqraması və yaxud görüşün nəticəsinə dair məlumat birbaşa prezidentə çatdırılacaq. Artıq Ağ Ev yaxşı anlayır ki, Ermənistan müstəqil hərəkət etməyə qadir olmayan, tamamilə Rusiyanın qoltuqaltına çevrilmiş ölkədir. Və bu separatçı rejim bölgədə sabitliyi pozan əsas amillərdən biridir. ABŞ tərəfi dəfələrlə deyib ki, məsələ beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir. Amma beynəlxalq hüquq normaları Azərbaycan torpaqlarının erməni işğalı altında qalması demək deyil. Çünki Rusiya və əlaltısı olan Ermənistan beynəlxalq hüquq normalarını tanımır. Bunu dəfələrlə sübut ediblər”.
Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub
Ekspertin qənaətincə, C.Kerri ilə görüşün əhəmiyyəti çox böyükdü: "İ.Əliyevin Amerika Prezidenti Barak Obama ilə də görüşü baş tutacaq. Bu o deməkdir ki, Azərbaycan bölgənin lider dövləti kimi beynəlxalq münasibətlərin formalaşmasında çevik rol oynayır. Bu rol daha da güclənəcək. Kerri ilə danışıqlar yarım saatdan çox çəkib. Danışıqlar ərəfəsində Qarabağ problemi və bölgənin ümumi təhlükəsizliyi müzakirə edilib. Hətta ola bilsin ki, İ.Əliyev bir çox məqamları Kerrinin diqqətinə çatdırıb. Bir sözlə, Azərbaycan öz mövqelərini həssas şəkildə ABŞ-a çatdıra bilib. Bu görüşdə xüsusi diqqət çəkən məsələ odur ki, ABŞ-la Rusiya arasındakı uçurum getdikcə daha da dərinləşir. Uçurumun dərinləşdiyi dövrdə Azərbaycanın Amerika üçün geosiyasi əhəmiyyəti artır. Zənn edirəm ki, Kerri ilə görüş Azərbaycan-Amerika münasibətlərini xeyli dərəcədə yüksəldəcək”.
Bakı ilə Vaşinqton arasında ciddi tərəfdaşlıq mövcuddur
Q.Hüseynlinin sözlərinə görə, ABŞ-Azərbaycan əlaqələri həmişə sıx, səmimi olub və strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəlib: "İ.Əliyevin Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması ABŞ-ın Azərbaycanın dünyada artan nüfuzuna və beynəlxalq münasibətlər sistemində yerinə verdiyi əhəmiyyətlə yanaşı, həm də iki ölkə arasında inkişaf edən dostluq və tərəfdaşlığın təzahürüdür. İ.Əliyevin ABŞ dövlət katibi C.Kerri ilə görüşündə ifadə olunan fikirlər, səmimiyyət ölkələr arasında qarşılıqlı etimad mühitinin və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu açıq göstərib. C.Kerri İ.Əliyevə Azərbaycanın iqtisadi imkanlarının, eləcə də regional təhlükəsizlik münasibətlərinin inkişaf etdirilməsi sahəsində fəaliyyətinə və bu yaxınlarda göstərdiyi bir çox səylərinə görə təşəkkürünü ifadə edib. C.Kerri iki ölkə arasında bir çox sahələri əhatə edən və üzərində birgə iş aparılan qarşılıqlı maraqların olduğunu xüsusi qeyd edib. O, sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana minnətdarlığını bildirib. Dövlət katibi "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında Azərbaycanın liderliyini yüksək qiymətləndirib, Avropanın uzunmüddətli strateji maraqlarının təmin edilməsi, enerji mənbələrinin şaxələndirilməsi üçün layihənin ciddi addım olduğunu vurğulayıb”.
Bu ölkələr regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşdırlar
Politoloqun fikrincə, Azərbaycan Prezidentinin səfəri göstərib ki, Azərbaycanla ABŞ arasında fəal siyasi dialoq, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur: "Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ABŞ şirkətləri Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan artıq sərmayə yatırıb ki, bu da fəal iqtisadi əməkdaşlığın nümunəsi kimi səciyyələndirilməlidir. Azərbaycanın liderliyi və ABŞ-ın fəal dəstəyi ilə ilk dəfə Xəzər və Aralıq dənizlərini bir-biri ilə birləşdirən Bakı-Tbilisi Ceyhan neft və Bakı-Tbilisi qaz boru kəmərlərinin tikintisi kimi əhəmiyyətli layihələr həyata keçirilib. Azərbaycan rəhbərliyi ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyinə, mənbələrin şaxələndirilməsinə və bütün iştirakçı tərəflərə fayda verən bir layihədir. Azərbaycanla ABŞ regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşdırlar. Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini təmin edir, Azərbaycan hərbçiləri NATO hərbçiləri birlikdə bu ölkədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verirlər. Bir sözlə, İ.Əliyevin ABŞ dövlət katibi Con Kerri, ticarət naziri Penni Pritzker və digər rəsmi şəxslərlə görüşü, aparılmış müzakirələr iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində öz rolunu oynayacaq”.
Münaqişənin həlli istiqamətində müəyyən addım atıla bilər
Analitik Arzu Nağıyev qeyd edib ki, ABŞ-da keçirilən sammitdə supergüclər, nüvə başlıqlarına malik dövlətlərin rəhbərləri iştirak edir. Belə bir mötəbər sammitə Azərbaycan Prezidentinin dəvət edilməsi özü müsbət haldır: "Əsas məsələ odur ki, Prezident İlham Əliyevin özünün də çıxışı gözlənilir ki, Azərbaycan bu məsələdə hansı işləri görür, ölkəmizdə atom energetikası üzrə hansı işlər aparılır. Eyni zamanda Ermənistan KİV-ləri belə bir məlumat yayıb ki, orada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Bu məlumat hələ öz təsdiqini tapmayıb. Bundan başqa, düşünürəm ki, Azərbaycan Prezidentinin Obama ilə görüşü baş tuta bilər. Bildiyiniz kimi, bu il Amerikada seçki ilidir və buna görə də Obama administrasiyası bir sıra məsələlərə yenidən baxmağı və özlərindən sonra miras qoymaq istədikləri məsələləri bir daha nəzərdən keçirməyi planlaşdırır. Bu, həm də regional konfliktlər və münaqişələrlə bağlıdır. Bunun içində təbii ki, Dağlıq Qarabağ problemi, Ukrayna və Suriya məsələsi də var. Kerrinin bu yaxınlarda Rusiyada Putinlə görüşməsi və həmin məsələləri qabartması bunu deməyə əsas verir. Düşünürəm ki, Qarabağ münaqişəsinin həlli istiqamətində də müəyyən addım atıla bilər. Ümumiyyətlə, cənab Prezidentin bu tədbirdə iştirakı çox mühüm addımdır”.
Azərbaycan ABŞ-ın tərəfdaşlarından birinə çevrilib
Politoloq Elxan Şahinoğlu söyləyib ki, Azərbaycan Nüvə Təhlükəsizliyi Sammitindən öz məqsədləri üçün xeyli faydalana bilər. Politoloqun sözlərinə görə, Azərbaycan 2010-cu ildə ABŞ-da keçirilən ilk Nüvə Təhlükəsizliyi Sammitinə dəvətli olmasa da, orada Ermənistanın və Gürcüstanın dövlət başçıları iştirak edirdi. Bu isə Azərbaycan hakimiyyətində haqlı narahatlıq yaratmışdı. Amma daha sonra Azərbaycan Prezidenti də Sammitə dəvət aldı və 4-cü Sammitdə də iştirak edəcək: "Bu da ABŞ-ın Azərbaycana verdiyi qiymət və onun bölgədə oynadığı rolla bağlıdır. Çünki iki ölkə arasında əməkdaşlıq inkişaf edir, enerji və təhlükəsizlik sahəsində də Azərbaycan ABŞ-ın tərəfdaşlarından birinə çevrilib. Bu mənada Prezident İlham Əliyevin orada iştirakı çox vacib və diqqətəlayiqdir. Bu, bir fürsətdir. Dövlət başçıları konfrans çərçivəsində bir çox məsələləri müzakirə etmək imkanı qazanırlar. Sammitdə adından göründüyü kimi, ilk növbədə, nüvə təhlükəsizliyi məsələləri müzakirə olunacaq. Eyni zamanda, indi dünyanı əsas lərzəyə gətirən, qorxudan amil terrorun yayılmasıdır. Düşünürəm ki, bununla bağlı ciddi fikir mübadiləsi aparıla, terror və terrorçularla mübarizədə vahid mexanizmin yaradılması, burada dövlətlərin iştirakı məsələləri də müzakirə oluna bilər”.
Azərbaycan öz mövqeyini ortaya qoyub
E.Şahinoğlu deyib ki, böyük ehtimalla Sammit çərçivəsində ikitərəfli görüşlər də həyata keçiriləcək: "Düzdür, ABŞ Prezidenti Barak Obama çox az sayda dövlət liderləri ilə təkbətək görüşəcək. Bu da təbiidir. Çünki fiziki baxımdan da mümkün deyil ki, bir nəfər 30-dan çox dövlət başçısı ilə görüşüb saatlarla fikir mübadiləsi aparsın. Amma hər halda qonaqlarla qısa fikir mübadiləsi aparmaq imkanı olacaq. Bu çərçivədə Azərbaycan Prezidenti ilə də ayaqüstü də olsa, müəyyən söhbət ola bilər. Lakin Prezident İlham Əliyev ABŞ-da ikinci şəxs sayılan dövlət katibi Con Kerri ilə görüşüb. Görüşdə, terrora qarşı mübarizə, enerji məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi fikir mübadiləsi aparılıb”.
Mərkəz rəhbəri hesab edir ki, Azərbaycan Sammit çərçivəsində keçiriləcək ikitərəfli görüşlərdən xeyli faydalana bilər: "Beynəlxalq konfransların və sammitlərin əsas əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan həm öz mövqeyini ortaya qoymaq imkanı əldə edir, həm də xeyli ikitərəfli görüşlər keçirmək və dövlət və hökumət başçıları ilə müzakirələr aparmaq olar. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, o cümlədən işğal faktına beynəlxalq ictimaiyyətin diqqətini artıra bilər. Bundan əlavə, Azərbaycan böyük enerji layihələri həyata keçirir. Həmin layihələrin həyata keçirilməsində iştirak edən dövlətlərin başçıları ilə fikir mübadiləsi aparması da əhəmiyyət daşıyır. Nəhayət, təhlükəsizlik məsələləri prioritet olacaq. Çünki beynəlxalq terrorizm Azərbaycana da yad mövzu deyil. İkitərəfli görüşlərdə bu istiqamətlərdə də əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunula bilər. Azərbaycanın dövlət başçısının Con Kerri və digər ölkələrin dövlət başçıları ilə görüşlərdə müzakirələr aparıb hansısa ümumi ortaq məxrəcə gəlinə bilər”.
Ayyət Əhməd