ABŞ İrəvandakı gərginliyə reaksiya verdi

Polis binasını ələ keçirmiş silahlı qrup girovlardan birini sərbəst buraxıb



Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayan "Sasna çrer” silahlı qruplaşmasının üzvləri bir qrup tibb işçisini girov götürüb.

Onlar səhiyyə naziri Armen Muradyanın cərrah briqadası ilə Polis şöbəsinin binasına gələcəyi təqdirdə, tibb işçilərini buraxacaqlarını bildiriblər. Səhiyyə naziri A. Muradyan binaya daxil olmaq istəsə də, polis buna icazə verməyib.

ABŞ-ın Ermənistandakı səfirliyi İrəvanda baş verən hadisələrlə bağlı bəyanatla çıxış edib.

APA-nın verdiyi xəbərə görə, bəyanatda girov götürülmüş tibb işçilərinin dərhal azadlığa buraxılması tələb olunur: "Biz bütün tərəfləri maksimal təmkin nümayiş etdirməyə, qanun çərçivəsində hərəkət etməyə və vəziyyətin sülh yolu ilə həll edilməsinə sadiq qalmağa çağırırıq. Xüsusən, KİV-də tibb işçilərinin girov saxlanması ilə bağlı xəbərlər narahatlıq doğurur. Belə davranışlar qəbuledilməzdir və əgər məlumat həqiqəti əks etdirirsə, biz bu şəxslərin dərhal azad edilməsinə çağırırıq”.

İrəvanda polis binasını ələ keçirmiş silahlı qrup dünən səhər saatlarından girov götürdüyü həkimlərdən biri, David Tonoyanı sərbəst buraxıb.

APA-nın "news.am”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə nazirliyinin mətbuat katibi Anayit Aytayan bildirib.

Polis binasını ələ keçirmiş silahlı qrup iyulun 27-də yaralılardan birinə tibbi yardım göstərmək üçün gəlmiş "Təcili yardım” briqadasını girov götürüb. Hazırda iki həkim və bir tibb bacısı girov qalmaqdadır. Silahlı qrup onları Səhiyyə naziri və cərrah briqadasına dəyişmək niyyətindədir.