ABŞ Paşinyanı dəstəklədi

Ermənistan müxalifəti hələ küçələrdən çəkilməyib, inqilab yekunlaşmayıb
“Uzunmüddətli perspektivdə Rusiyanın orbitindən çıxmaq mümkündür”


Ermənistanda kütləvi etirazların ikinci mərhələsi başlayıb. Sabiq baş nazir Serj Sarkisyanın istefasından sonra küçələrə çıxan mitinqçilər prosesin hələ başa çatmadığını, məqsədlərinə tam nail olmadıqlarını deyiblər. Etiraz aksiyalarının təşkilatçısı Nikol Paşinyan hakimiyyət nümayəndələri ilə danışıqları davam etdirəcəyini desə də, baş nazir vəzifəsini müvəqqəti icra edən Karen Karapetyan Paşinyanın yeni tələblər irəli sürdüyünü əsas gətirərək, danışıqları dayandırıb.

Bu səbəbdən Paşinyan insanları yenidən aksiyalara çağırıb. Müxalif lider heç bir halda Respublika Partiyasının rəhbərliyi altında növbədənkənar seçkiyə getməyəcəklərini, hakim partiyadan heç kimin baş nazir olmasına icazə verməyəcəklərini deyib: "Biz hakimiyyətə öz istəyimizi diktə etdirməliyik. Sarkisyanın istefası hələ inqilabın uğurla yekunlaşması demək deyil. Ölkə rəhbərliyi bizim tələblərimizin hamısını qəbul etməlidir. Ona görə də, günlərdir küçələrdə növbə çəkən insanlarımızı vətəndaş itaətsizliyinə çağırıram”. 

Paşinyan bildirib ki, Serj Sarkisyan istefa verməklə, məclisdə Respublikaçılar Partiyasının hakimliyini qorumaq niyyətindədir. Onun sözlərinə görə, etirazçılar buna imkan verməyəcək. Etirazların ikinci mərhələsinə Ermənistanın üçüncü böyük şəhəri olan Vanadzor da qoşulub. Respublika Partiyasından olan deputat Aşot Ağababyan da Nikol Paşinyanı dəstəkləyib. O, mətbuata müsahibəsində Paşinyandan başqa baş nazir postunda heç kimi görmədiyini deyib. Ermənistanın İdman və gənclik naziri Qroç Rostomyan da istefa verərək etirazçılara qoşulub.

"Namizədliyim irəli sürülərsə, buna etiraz etmərəm”

Yelk Blokunun deputatı Edmon Marukyan baş nazir seçkisində Nikol Paşinyanın namizədliyini sürəcəklərini bildirib. Nikol Paşinyan buna cavab olaraq baş nazir vəzifəsindən imtina etməyəcəyini deyib. Vurğulayıb ki, əgər xalq bu məsuliyyəti onun boynuna qoyarsa, baş nazir vəzifəsinə namizəd olmaqdan imtina etməyəcək: "Hakimiyyət artıq xalqın əlindədir, müqavimət faydasızdır. Xalq kimi istəsə, baş nazir həmin şəxs olmalıdır”. 

Məlumat üçün bildirək ki, Ermənistan parlamentində 105 deputat təmsil olunur. Paşinyanın baş nazir seçilməsi üçün 53 səsə ehtiyacı var. Ancaq Yelk blokunun parlamentdəki deputatlarının sayı cəmi 9-dur. Yəni Paşinyanın baş nazir seçilməsi üçün indiki parlamentin buraxılması zəruridir.

Karapetyan: "Baş nazir küçələrdə seçilmir”

Etirazların dayanmadığını görən baş nazirin müavini Karen Karapetyan növbəti dəfə xalqa müraciət edib. Karapetyan bildirib ki, Ermənistanın baş naziri yalnız parlamentdə seçilməlidir: "Əgər siyasi partiyalar razılaşsa, o zaman növbədənkənar seçkilər keçirmək olar. Biz siyasi gündəmdən uzaqlaşmırıq. Bu cür davam etmək olmaz. Əks halda ciddi iqtisadi problemlərimiz yaranacaq, investorlar ölkədən gedəcək. Mən xalqın fikrini və narazılığını yüksək dəyərləndirirəm. Biz bu narazılığa reaksiya vermişik. İndi də masaya əyləşib, müzakirə etməyə hazırıq. Əgər hər şey bu cür davam etsə, o zaman əldən qaçırılanı bərpa etmək çətin olacaq.

Paşinyanı və ya digərlərini baş nazir kimi görmək istəyirlər. Bəs kriteriyalar haradadır? Bunun üçün seçki var. Ona görə də gəlin növbədənkənar parlament seçkisi keçirək. Əgər xalq Paşinyanı seçmək istəyirsə, o zaman onu qanuni seçkilərdə seçsin. Baş nazir küçələrdə seçilmir”.

Vaşinqton Paşinyanın legitimliyini dəstəklədi...

ABŞ Dövlət Departamentindən Ermənistandakı hadisələrlə bağlı maraqlı açıqlama yayımlanıb. Departamentin rəsmisi Hezer Hauert Ermənistanda tərəfləri konstruktiv dialoqa çağırıb. O bildirib ki, Ermənistanda sülh yolu ilə hakimiyyətin ötürülməsi ölkə qanunvericiliyinə əsaslanmalıdır: "Biz Ermənistanın yeni hökuməti ilə dialoqa açığıq”. Göründüyü kimi, Vaşinqton Ermənistanda hələ yeni hökumət qurulmadan Paşinyan və onun tərəfdarlarının legitimliyini dəstəkləyib. Halbuki, Nikol Paşinyanın hələ heç bir vəzifəsi yoxdur və üstəlik o, Sarkisyanın ardınca Karen Karapetyanı da istefaya məcbur etmək istəyir. Lakin Vaşinqton ilk bəyanatı ilə Paşinyana dəstəyini ifadə etmiş oldu.

Saakaşvili İrəvan aksiyasını şərh etdi...

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ermənistandakı hadisələrə münasibət bildirib. Sabiq rəhbər bəyan edib ki, Ermənistandakı hadisələr təkcə sosial səbəblərdən yox, həm də antirusiya əhvalından yaranıb: "Sarkisyanın arxasında bir neçə oliqarx, o cümlədən Rusiyadakı erməni oliqarxları dayanırdı. Onlar Ermənistandakı hər şeyə nəzarət edirdilər. Məhz onlara görə ölkədən əhalinin yarısı qaçmışdı. Məncə, bundan sonra Ermənistan Rusiyanın orbitində qalmayacaq. Hər kəs Rusiyanın Qafqazda hansı oyunu apardığını bilir. Moskva Qarabağda nə Ermənistan, nə də Azərbaycanın qələbəsini istəyir. Kremlin hədəfi Qafqazda konfliktin saxlanılmasıdır”.

Piter Teys: "Sarkisyanın istefası Ermənistan tarixində...”

ABŞ-ın Markett Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti, politoloq Piter Teys deyib ki, Ermənistanın baş naziri Serj Sarkisyanın istefası ölkənin müasir tarixində ən müsbət hadisədir: "Ermənistan xalqı 2018-ci ilin aprelin 23-nü uzun müddət xatırlayacaq. Çünki həmin gün ölkə daxilindəki demokratik qüvvələr ən zalım cinayətkarlardan biri, onillik hakimiyyəti dövründə ölkə iqtisadiyyatını xarabalığa çevirən Sarkisyanı uzaqlaşdırdılar”. Politoloq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etmək məqsədilə beynəlxalq ictimaiyyət Ermənistanın indiki hökumətinə təzyiq göstərməlidir: "Ermənistan prezidenti Armen Sarkisyan Azərbaycan hökuməti ilə yeni danışıqlara təşəbbüs göstərməli və Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvodan imtina etməlidir”.

"Rusiyanın monopoliyasından çıxmaq üçün...”

Ermənistandakı etirazlarla bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, Ermənistan Gürcüstanla müqayisədə çox mürəkkəb ölkədir. Düşmən ölkənin bütün sferalarında Rusiyanın çox ciddi monopoliyası mövcuddur. Həm sosial-iqtisadi, həm də siyasi və hərbi cəhətdən İrəvanın Kremldən asılılığı güclüdür: "Rusiyanın Ermənistanda 102 nömrəli hərbi bazası var və bu bazada ən müasir hərbi texnikalar yerləşdirilib. Təsir rıçaqları Moskvaya imkan verir ki, istənilən anda Ermənistanda siyasi zəlzələlər, hərbi kataklizmlər yaratsın. Hətta növbədənkənar prezident seçkiləri keçirilsə və Nikol Paşinyanın rəhbərlik etdiyi güc hakimiyyətə gəlsə belə yaxın zamanda Rusiyanın monopoliyasından çıxmaq mümkün olmayacaq. Ermənistan-Rusiya əməkdaşlığı bundan sonra da davam edəcək. Ancaq strateji yöndə yeni hökumət hədəf olaraq Qərbə inteqrasiya xətti seçəcək. Amerika da bu istiqamətdə müəyyən mesajlar verməkdədir. Ermənistanda hələlik formalaşmayan yeni hökumətlə əməkdaşlığa hazır olduğunu bəyan edən ABŞ dolayı yolla Nikol Paşinyana dəstək verdiyini açıqlayır. Əgər Paşinyan Qərbi seçərsə, Qərb onu dəstəkləyər”.

"Paşinyan şablon cümlələrdən istifadə edəcək”

Ekspertin sözlərinə görə, uzunmüddətli perspektivdə Rusiyanın orbitindən çıxmaq mümkündür: "Damokl qılıncı hər an Ermənistandakı demokratik qüvvələrin başının üstündədir. Paşinyan ən azından yaxın zamanlarda Rusiya ilə əməkdaşlığın davam etdiriləcəyi barədə şablon cümlələrdən istifadə edəcək. Nəzərə almaq lazımdır ki, Ermənistanın iqtisadiyyatı çox ciddi şəkildə Rusiyadan asılıdır. Ermənilər Moskvadakı diasporadan külli miqdarda pul dilənirlər. 

Bu baxımdan Paşinyan çox ehtiyatlı açıqlamalar verir. Əgər bundan sonrakı dönəmdə parlament Respublikaçılardan tamamilə xilas olarsa, hökumət demokratik qüvvələrin əlinə keçərsə, fərqli Ermənistandan danışa bilərik. Hələlik nəyəsə qərar vermək üçün çox tezdir”.

İsmayıl