ABŞ səsimizi, etirazımızı eşitmir

“Dağlıq Qarabağa edilən bütün maliyyə yardımı cinayətkar rejimin daha da güclənməsinə, terrorçuların silahlanmasına sərf edilib”



ABŞ Senatı Dağlıq Qarabağdakı cinayətkar və qondarma quruma maliyyə yardımı ayırmaq istəyir. Belə ki, Senatın Təxsisatlar (maliyyə ayırmaları) Komitəsi bölgəyə maddi yardım ayrılması tövsiyəsi ilə çıxış edib. Komitə 2017-ci maliyyə ili üzrə qanun layihəsini təsdiqləyib. Qanun layihəsində göstərilir ki, komitə Dağlıq Qarabağ münaqişəsi qurbanlarına və münaqişənin davam etməsi ilə əlaqədar yaranan ehtiyacların ödənməsi məqsədilə yardım ayrılmasını məsləhət bilib.

ABŞ parlamentarilərinin "xoş” niyyəti ilə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov deyib ki, ABŞ 1992-ci ildən başlayaraq hər il Dağlıq Qarabağdakı separatçı quruma maliyyə yardımı ayırıb. Bu müddət ərzində sadəcə 1-2 il ermənilərə maliyyə yardımı göstərilməyib: "Dağlıq Qarabağa edilən bütün maliyyə yardımı cinayətkar rejimin daha da güclənməsinə, terrorçuların silahlanmasına sərf edilib. Sual edəndə ki, "ey ABŞ, niyə dövlət kimi tanınmayan terrorçu rejimə yardım edirsiz”, onlar hər dəfə min-bir bəhanə gətirirlər. Guya, amerikalılar Qarabağda yaşayan əhaliyə humanitar yardım göstərir, ərazilərin minalardan təmizlənməsinə çalışırlar və s. Onda çox maraqlı bir sual da ortaya çıxır. Niyə Dağlıq Qarabağ əhalisinə maliyyə yardımı edən ABŞ həmin bölgənin azərbaycanlı icmasına pul yardımı etmir?! Axı zərərçəkən, evlərindən didərgin düşən bizik, ermənilər yox. Bu ədalət deyil, ayrıseçkilikdir”. Deputatın sözlərinə görə, əslində onlar özləri də bilirlər ki, ermənilərə ayırdıqları yardım istiqaməti üzrə sərf olunmur. Həmin vəsait bölgədə məskunlaşan terrorçu qruplaşmaya, Xocalı soyqırımını törədən cinayətkarlara xərclənilir: "Belə çıxır ki, Amerika işğalçı ermənilərə haqq qazandırır, onlara stimul verir. Biz buna qarşı hər zaman etiraz səsimizi çıxarmışıq, onların hərəkətini pisləmişik, yenə də pisləyirik. Ancaq ABŞ təkcə Dağlıq Qarabağdakı cinayətkar quruma yox, ümumiyyətlə, dünyanın digər separatçılarına da maliyyə və silah yardımı edir. Sanki münaqişə ocaqlarının altına daha da güclü alışsın deyə bilərəkdən neft tökürlər”.

İsmayıl