Sülhməramlı qüvvələrin Qarabağa yerləşdirilməsində ortaq məxrəc tapmaq mümkün deyil
"Sülhməramlılar olmadan, uzunmüddətli sülh mümkün deyil”. Bunu ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqland deyib. Amerikalı diplomat bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılığın son elementi kimi beynəlxalq təhlükəsizliyin zəmanəti qaçılmazdır.
Onun sözlərinə görə, anlaşmanın qalıcı olması və bölgənin təhlükəsizliyi naminə sülhməramlı qüvvələr mütləq bölgəyə yerləşdirilməlidir. Lakin diplomat sülhməramlıların kontingenti və hansı müddətə bölgəyə gətirilməsi ilə bağlı fikir bəyan etməyib. Xatırladaq ki, münaqişənin nizamlanma prinsiplərindən sayılan "sülhməramlı” missiya zaman-zaman gündəmə gətirilib və geniş müzakirə mövzusu olub. Ancaq Azərbaycan tərəfi ölkə ərazisində başqa dövlətlərə məxsus silahlı qoşunların yerləşdirilməsinə qarşı çıxıb və bu prinsipi qətiyyətlə rədd edib. Buna baxmayaraq, sözügedən məqam köhnə və yeni Madrid müddəaları da daxil olmaqla, daha sonra ortaya atılan bütün həll paketlərində öz əksini tapıb.
Məsələ ilə bağlı "Şərq”ə danışan siyasi şərhçi Azər Rəşidoğlu deyib ki, qanunvericiliyə görə, Azərbaycan ərazisində digər ölkələrin hərbi birləşmələri yerləşdirilə bilməz. Ekspertin sözlərinə görə, münaqişə ətrafında baş verən hadisələr sülhməramlıların işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsi prosesini sürətləndirməyə hesablanıb:
"Hazırda söhbət o istiqamətdə gedir ki, sülhməramlıların tərkibində hansı dövlətlərin nüfuz dairəsi daha artıq olacaq. Təbii olaraq, Rusiya istəyir ki, kontingentdə rus əsgərlərinin sayı çox olsun. ABŞ isə çalışır ki, öz silahlı qüvvələri geniş miqyasda təmsil olunsun. Əlbəttə, burada hərbi birləşmələrin bərabər şəkildə bölünməsi məsələsi də var. Lakin bu amil biri-birinə qarşı duran tərəflərin, yəni ABŞ və Rusiyanın marağında deyil. Ona görə də sülhməramlılar məsələsində ümumi razılığa gəlmək mümkün olmur. Fikrimcə, münaqişənin gərgin olaraq saxlanması, atəşkəsin dəfələrlə pozulması sülhməramlıların yerləşdirilməsi planının realizə olunması üçündür. Amma mövcud ziddiyyət yaxın vaxtlarda "sülhməramlı” missiyasının reallaşmasını sual altında qoyur”.
Politoloq bildirib ki, adətən sazişlərdə sülhməramlıların hansı ölkələrdən ibarət olacağı, nə qədər müddətə ərazidə qalacağı, səlahiyyətlərinə aid olan məsələlər və s. öz əksini tapır:
"Çox vaxt balans pozulmasın deyə əsgərlərin sayı bərabər olur. Hətta sülhməramlıların ölkəni tərk edərkən silahları təhvil verib-verməyəcəyi də anlaşmada qeyd edilir. Keçmiş SSRİ-yə daxil olan ölkələri, o cümlədən Şərqi Avropa dövlətlərini, Yaxın Şərq bölgəsini nəzərdən keçirsək görərik ki, məlum məqsədlər üçün bölgəyə yerləşdirilən sülhməramlıların çıxış prosesi o qədər də asan baş vermir və qoşunların ərazidən çıxması ləngiyir. Bu baxımdan Azərbaycan dövləti haqlı olaraq ərazisinə xarici hərbi birləşmələri buraxmaq istəmir”.
A.Rəşidoğlu istisna hallarla bağlı da fikrini bəyan edib:
"Əgər bölgəyə Rusiyanın hərbi birləşmələri gələcəksə və ölkəni işğalla təhdid edəcəksə, o zaman NATO silahlılarının aralıq müddətə Qarabağa gəlməsi daha optimaldır. Türk qoşunları da NATO üzvü kimi bölgəyə yerləşdirilə bilər. Ancaq çıxış vaxtı sənəddə mütləq göstərilməlidir. Digər bir variant isə odur ki, Azərbaycan öz ərazisinin bütövlüyünü hərbi gücdən istifadə edərək, yəni qısa müddətli aralıq savaşa başlayaraq bərpa etsin”.
İsmayıl