Ac heyvan vuruldu, cəzası nə?

“Ayını öldürməsəydim bağçadakı uşaqları parçalayacaqdı”Hafiz Şükürovun ayını öldürməsi qanun pozuntusu hesab olunmur və onu heç bir cəza gözləmir
Zaman-zaman vəhşi heyvanların insanlara, onların təsərrüfatına hücum etməsi faktları qeydə alınıb. İnsanlar isə özlərini və heyvanlarını bu yırtıcılardan qorumaqda acizlik çəkirlər. Müvafiq qanunvericiliyə görə, heyvanların vurulması qəti şəkildə yolverilməzdir. Mütəxəssislər isə hesab edir ki, bu, istisna hallarda mümkündür.
Qeyd edək ki, Oğuz rayonun Xalxalı kəd sakinləri meşədən yolunu azan ayının hücumuna məruz qalıblar. Görünür, havaların tədricən istiləşməsi vəhşi heyvanların təsərrüfatlara hücumunu aktivləşdirib.
Xalxal kəndinə hücum edən ayını zərərsizləşdirən Hafiz Şükürov ayını məhz Körpələr evinin həyətində uşaqlara yaxınlaşan anda güllələdiyini deyib: "Mən ayını öldürməsəydim, bağçanın həyətinə girib uşaqları parçalayacaqdı. Əvvəl müxtəlif yollarla çalışdıq ki, ayını kəndin ərazisindən uzaqlaşdıraq. Lakin ac heyvan daha da aqressivləşib, sakinlərə hücum etməyə başladı. Ayı məndən 20 metrdən çox aralıda və artıq uşaqlara yaxınlaşırdı. Başqa əlacım yox idi - ya mən ayını vurmalıydım, ya da ayı uşaqları parçalayacaqdı. Hətta mən fikirləşmişdim ki, əgər ayını vura bilməsəm, o, daha da aqressivləşib uşaqlara hücum çəkəcək”.
Qax rayonu Xalxal kənd Körpələr evinin müdiri Zərniyar Nəsibovanın sözlərinə görə, ayının hücumu zamanı bağçada təhlükəli anlar yaşansa da, heç bir hadisə baş verməyib: "Həmin vaxt bağçada 27 uşaq var idi. Hamımız çox qorxduq. Ayı artıq çayı keçib bağçanın həyətinə girirdi. Yaxşı ki, Hafiz cəsarət edib, ayını vaxtında zərərsizləşdirə bildi”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev "Şərq”ə açıqlamasında yırtıcı heyvanların meşədən qaçmasının təsadüfi hallarda baş verdiyini deyib. Milli parklar, yasaqlıqlar, qoruqların Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mühafizə olunduğunu və bioloji müxtəlifliyin qorunması, təhlükəsizlik istiqamətində məqsədyönlü tədbirlərin görüldüyünü vurğulayan sektor müdiri hasar olmadığı üçün meşələrə nəzarət etməyin çətin olduğunu deyib: "Ayı kəndə Oğuz rayonunun Xalxal kəndi yaxınlığında yerləşən meşə sahəsindən hücum edib. İlk məqamda kənd camaatı səs-küy salmaqla ayını meşə sahəsinə qaytarmağa cəhd etsə də, buna müvəffəq ola bilməyiblər. Ayı kəndə daxil olub, hətta bir inəyə xəsarət yetirib, bir avtomobilə də ziyan vurub. Sonra isə yaxınlıqdakı uşaq bağçasının həyətinə daxil olub. Hansı ki, həmin vaxt orada xeyli uşaq olub. Belə olan halda həmin bağçanın yanında yaşayan Kəlbəcər rayon köçkünü Hafiz Şükürov ayıya atəş açaraq öldürüb. Şükürlər olsun ki, əhali arasında xəsarət alan olmayıb. Yırtıcı heyvanların öldürülməsi qadağan olsa da, son zəruri addım kimi istisna hallarda buna getmək olur. Bu mənada, Hafiz Şükürovun ayını öldürməsi qanun pozuntusu hesab olunmur”.
Dövlət Baytarlıq Xidmətinin və digər aidiyyatı orqan əməkdaşlarının əraziyə cəlb olunduğunu deyən R.Mirzəyev deyib ki, DBX əməkdaşları ayının quduz olub-olmamasını müəyyənləşdirmək üçün nümunələr götürüb.
Şəymən