“Açıq söz”ün tarixi - Akif Aşırlı yazır
Yeni yaranan qəzetlər, senzura və media siyasəti
(Əvvəli ötən saylarımızda)
Rusiyada və Qafqazda yaşayan türk-müsəlman əhalisini çarizmin ruslaşdırma siyasətindən qorumağa çalışan "Açıq söz” yeni yaranan mətbu orqanlara mənəvi dəstəyini göstərir, təbliğat aparırdı. Ağır iqtisadi-siyasi şərait, əhalinin getdikcə yoxsullaşması, ərzaq qiymətlərinin demək olar ki, hər gün bahalaşması poliqrafiya sahəsinə də öz mənfi təsirini göstərirdi. Rusiyanın müxtəlif şəhərlərində, Bakıda, Tiflisdə nəşr olunan qəzetlər maliyyə çətinliyi və kağız qıtlığı səbəbindən bağlanırdı. Vəziyyətdən çıxış üçün "Açıq söz” komandası qəzetin satış və yayım işinə daha həssas yanaşır, reklam gəlirlərinin artımı üçün çalışırdılar. Qəzet oxuculara müraciətlər ünvanlanlayır, kağız və mətbəə avadanlığının bahalaşması xəbərini verirdi.
Çox keçmədi ki, "Açıq söz” nəşrindən 20 gün sonra xəbər verirdi ki, mətbəədə "bəzi nöqsanları düzəltmək üçün kağız tədarükündə bulunub və qəzetin böyük formatda çıxacağı gözlənilir (21 oktyabr 1916. № 16). Bəzi qəzetlərin, xüsusən "Yeni iqbal”ın böyük formatda çapı "Açıq söz”ün rəqabət mühitində bu addımı atmasını tələb edirdi və oxuculara verilən vəd bir müddət sonra 1915-ci ilin 14 dekabrında yerinə yetirildi. Oxucu auditoriyasını genişləndirmək üçün müxtəlif variantlar üzərində düşünüldü və digər qəzetlərdən fərqli qiymət siyasəti həyata keçirildi. 27 noyabr 1915-ci il tarixində məlumat verilirdi ki, redaksiya daha 1 aylıq abunə kampaniyası aparmayacaq: "Bununla oxucularımıza elan ediriz ki, üç aydan aşağı bir müddət üçün abunə qəbul etməyiriz. Abunələr bir ayın əvvəlindən on beşinədək etibar olunur. Tarixdən üç gün keçmiş əski saylarımızın nüsxəsi 1 qəpikdən satılır”.
Qəzetin böyük formata keçməsi tək yaradıcılıq üçün geniş imkanlar açmadı, həm də reklamların sayının çoxalmasına gətirib çıxardı. "Açıq söz”ün 24 dekabr 1915-ci il tarixli sayının ilk səhifəsi demək olar ki, reklamlardan ibarətdir.
Digər qəzetlərin abunə kampaniyasına dəstək olan "Açıq söz” 22 dekabr 1915-ci il tarixli nömrəsindən başlayaraq "Kaspi” qəzetinin, "Babayi-əmir” və "Dirlik” məcmuələrinin reklamlarını öz səhifələrində yerləşdirdi.
Poçt xidmətlərinin bahalaşması xaricə göndərilən malların qiymətlərinə də öz təsirini göstərdiyindən redaksiya elan edirdi ki, əcnəbi ölkədəki oxuculara göndərilən qəzetlərin qiyməti bahalaşıb. Bu səbəbdən ödənilən məbləğ miqdarında xaricdəki oxuculara qəzet göndəriləcəkdir. 1916-cı il fevralın 1-dən etibarən bir nüsxənin qiyməti və neçə qəpik olacağı da elanda göstərilirdi (31 yanvar 1916-cı il. № 99).
Rusiyanın bütün bölgələri kimi, Bakını bürüyən iqtisadi vəziyyətin ağırlığı, fantastik bahalaşma kağızın qiymətinə də öz təsirini göstərdi və mətbuat bazarında 30 faiz bahalaşma yaratdı. "Bütün rəfiqlər kibi” qəzetin satış və abunə qiymətlərini artırmaqdan başqa çarəsi olmayan "Açıq söz”çülər bir daha elan edirdilər ki, bundan sonra qəzet 6 qəpiyə satılacaq (10 fevral 1916-cı il. № 108).
Çox keçmədi ki, kağız qıtlığı səbəbindən üç aya yaxın böyük formatda nəşr olunan qəzet təkrarən əvvəlki formasına qayıtdı. Kiçik formatda nəşrini davam etdirmək məcburiyyətində qalan qəzetdə yazıların sətirləri arasındakı məsafə də qısaldıldı. (18 fevral 1916-cı il. № 114).
1916-cı ilin iyununda mətbuatda yenidən maliyyə böhranı yaşandı və qəzetlər bahalaşdı. "Açıq söz”də digər mətbu nümunələr kimi qiymət artımını tətbiq etməli oldu (2 iyun 1916-cı il. № 201).
Oxucu və abunəçilərlə etibarlı əlaqə qurmağı bacaran "Açıq söz” səyyar satıcıların qəzetin vaxtlı-vaxtında ünvanlara çatdırılmasını koordinasiya edir, bu sahəni daim diqqətdə saxlayırdı. Səyyar satışda yaranan problemlərə diqqət yetirilir, qısa vaxt ərzində problem aradan qaldırılır və bu barədə oxucular məlumatlandırılırdı: "Abunələri ünvanlara göndərən şəxs xəstələndiyindən dünənki sayımız oxuculara çatdırılmayıb. İki nüsxəni birdən göndərəcəyiz” (11 yanvar 1916-cı il. № 82). "Qəzetə satan seyidə ianə” başlığı xəbərdə səyyar satışla məşğul olan qocanın maddi vəziyyətini yaxşılaşdırmaq üçün kampaniya təşkili barədə məlumat verilir: "İdarəmiz tərəfindən qəzetə satan qoca seyid üçün yığılan ianənin məcmu məbləği 240 manat 28 qəpik tamamilə seyidin özünə təslim edilmişdir” (3 iyun 1916-cı il. № 202). Maddi vəziyyətin yaxşılaşdırılması üçün yollar axtarılır, tədbirlər görülür, qərarlar qəbul olunurdu. Ən münasib variant kitabların, təqvimlərin, rəsm əsərlərinin satışının təşkili idi. Əlavə qazanc əldə edib maliyyə vəziyyətini qismən yaxşılaşdırmaq üçün qəzet elanlar verir, satışa çıxarılan kitabların siyahısını dərc edirdi.
"Açıq söz” idarəsi oxuculara, müəlliflərə müraciət edirdi ki, satmaq üçün kitablar qəbul edir: "Satılıq kitabları olan müəlliflərə elan olunur ki, "Açıq söz kontoru” sütunlarında elan etmək üzrə satış üçün kitablar qəbul edilir. Möhtərəm müəlliflər şərtlərimizi bilmək istəyirlərsə idarəmizə müraciət buyursunlar” (8 fevral 1916-cı il. № 106).
Problemlər təkcə bahalıqla, maliyyə çətinliyi ilə bitmirdi, senzuranın ağır tələbləri, yaradıcılıq işinə müdaxilələr bitib tükənməyən problemlər yaradırdı. M.Ə.Rəsulzadənin günün vacib hadisələrini əhatə edən baş məqalələri, mövcud şərtləri gözləsə də Ö.F.Nemanzadənin qələm məhsulları ən çox senzura qayçısına məruz qalırdı. Qəzet səhifələrində ağ yerlər bunun təcəssümü idi. Bəzən məqalələr bütövlükdə çıxarılırdı. Qəzetin 14 fevral 1916-cı il tarixli 111-ci sayda 2-ci səhifədəki yazının yeri boş qalıb. Bu məqalənin Ö.F.Nemanzadəyə aid olunduğunu güman etmək olar. Senzuranın yersiz müdaxilələrinin qarşısının alınması üçün Rusiya Dövlət Dumasının müsəlman fraksiyasının üzvü M.Y.Cəfərovun Tiflisə gəldiyi və canişinlə danışıqlar aparıldığını qeyd edən "Açıq söz” yazırdı: "M.Y.Cəfərov Qafqaz mətbuatının işini yüngülləşdirmək barədə canişinlə söhbətləşmişdir. Ona bəyan etmişlər ki, məhəlli senzorların təlimnamələri daxili işlər vəzirinin əmri ilə verilir və bu dəyişdirilə bilməz”.
Müharibə əleyhinə çağırışlar, iqtisadi böhranın artması, aclıq, yoxsulluq ölkədə yeni ictimai-siyasi vəziyyət yaradırdı. Məhz buna görə, 1916-cı ilin əvvəllərindən başlayaraq "Açıq söz”ün səhifələrində ağ yerlərin sayı daha da artdı. Dövlət Dumasındakı gərginlik, Qafqazdan olan millət vəkillərinin müharibə bölgələrində əhalinin ağır durumunun müzakirəsinin tələbi, maliyyə böhranı, əhalinin müharibəyə qarşı çağırışları və Acariyadakı vəziyyətlə əlaqəli yazılara qadağalar qoyuldu. Müsəlman-türk əhalini qıcıqlandıran əsas məsələlərdən biri Dövlət Dumasına seçilən millət vəkillərinin susqun vəziyyəti idi. Millət vəkilləri ciddi tənqid olunur, qeyri-ruslara qarşı mərkəzi hökumətin yarıtmaz fəaliyyəti tənqid olunurdu. 1916-cı il 28 yanvar tarixli sayda Dövlət Dumasının açılması ilə bağlı yazının bir hissəsi bu səbəbdən çıxarılıb.
Qəzetin 15 və 17 fevral 1916-cı il tarixli sayları demək olar ki, "Açıq söz”ün 4 illik fəaliyyəti dövründə ən çox senzuraya məruz qalan nümunələridir.
***
1915-1918-ci illərdə yaranan və çətinliklərlə nəşr olunan mətbu nümunələrinin tarixinin öyrənilməsi baxımından "Açıq söz” əvəzsiz mənbədir. I Dünya müharibəsi illəri jurnalistikası tarixinin tədqiqi, Rusiya müsəlmanları mətbuatının fəaliyyəti və bu nəşrlərdə dərc olunan materialların izlənilməsi, senzuranın yaratdığı çətinliklər və Cənubi Qafqazdakı media mühiti "Açıq söz”ün səhifələrində daha aydın görünür. Nəşri nəzərdə tutulan qəzet və dərgilərin çapı barədə xəbərlər dərc olunur, bu mətbu orqanlarda iştirak edəcək müəlliflər haqda məlumatlar verilirdi. Yeni nəşrlərin ilk sayının satışa çıxarılması da daim diqqətdə saxlanılır, bu nömrədəki məqalələrin, anatilik təhlillərin qısa məzmunu faktlaşdırılırdı. Redaksiyalar daxilində baş verən narazılıqlar, mətbəə işçilərinin etirazları, qəzet və dərgilərin abunəçilərə vaxtlı-vaxtında çatdırılmasındakı problemlər barədə də "Açıq söz”də məlumatlar verilirdi. Bəzən müxtəlif qəzetlərdə nəşr olunan yazılarda yol verilən nöqsanlar, faktların təhrifinə də toxunulur, qarşı tərəfə fikri bildirmək imkanı verilirdi.
Qafqaz canişinliyinin və məhəlli senzura komitələrinin, Bakı şəhər polis idarəsinin qərarları da qəzetdə mütəmadi əksini tapırdı.
Media mühitinə yeni qədəm basan "Açıq söz” ilk saylarında "Dirilik” məcmuəsini senzura komitəsinin cərimələməsi xəbərini verirdi: "Qafqaz əsgəri dairəsinin rəisi Bakıda nəşr olunan "Dirilik” məcmuəsinin iyulun əvvəlində 16-cı nömrəsində rus imperatoru Pyotrun Kəbirin vəsiyyətnaməsi barədə nəşr etdiyi məqaləsini 1915-ci il avqustun 21-də məcmuənin müdirini 200 manat cərimələmişdir. Müdir cəriməni vermədiyi halda 6 gün həbsdə oturmalıdır. (11 oktyabr 1915-ci il. № 7).
"Dirilik”də milli problemlər ətrafında müzakirələrin açılması, dil mübahisələri təbii ki, Rusiyanın Cənubi Qafqazdakı emisarlarında narahatlıq yaradırdı və buna görə də məcmuə nəşrini davam etdirə bilmədi və qapadıldı.
(Davamı var)
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb