Dövlət qulluğuna qəbul imtahanları ilə bağlı yeni dəyişiklik dəstəkləndi
Dövlət qulluğuna test imtahanlarının növləri ilə bağlı dəyişikliklər edilib. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov dünən "Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda keçirilən konfransda deyib.
Şöbə müdiri bildirib ki, dövlət qulluğunun test imtahan mərhələlərində açıq tipli və esse tipli testlərdən istifadə olunacaq.
Yeni dəyişikliklərlə bağlı fikirlərini "Şərq”lə bölüşən təhsil üzrə ekspert Nadir İsrafilov dövlət qulluğu imtahanlarında açıq və esse tipli testləri dəstəklədiyini deyib. Ekspert bildirib ki, ölkəmizdə artıq 1991-ci ildən etibarən test tipli suallar tətbiq olunur. Bütün bunlar isə şifahi nitqin inkişafına maneçilik törədir və əzbərçiliyə gətirib çıxarır.
N.İsrafilovun sözlərinə görə, təhsil və elmdəki proseslər hərtərəfli olmalıdır. Bunun üçün dövlət qulluğunda çalışan məmurların həm yazı, həm də şifahi nitqi inkişaf etdirilməsi olduqca vacib məsələdir: "Həm orta, həm də ali məktəb şagirdlərimizin yazı və şifahi nitq qabiliyyəti yoxdur. 11-ci sinfi bitirən şagird ərizə yaza bilmir. Test ancaq məntiqi təfəkkürə xidmət edir. İfrat dərəcədə testə aludəçilik tələbələrimizin birtərəfli inkişaf etməsinə gətirib çıxartdı. Test tapmaca kimi bir şeydi. Hazırda elə ali məktəbimiz var ki, orada ümumiyyətlə test tətbiq olunmur. Bəzi təhsil ocaqlarında isə testdən istifadə olunur. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün ötən ildən etibarən 9-cu sinif imtahanlarına yazılı esse saldılar.
Ali məktəblərə qəbul imtahanlarında açıq testlərin çəkisini artırdılar. Məsələn, 30 sualın 20-sini açıq test etdilər. Beləliklə istəyirlər ki, bu boşluğu aradan qaldırsınlar. Bu məsələləri tarazlaşdırmaq üçün belə addımlar atırlar. Düzdü, bunun mənfi nəticələri də var. Amma bu addım bizim keçmişdəki səhvlərin aradan qaldırılmasına xidmət edir. Dünya təcrübəsi var, əgər biz dünya təhsilinə inteqrasiya ediriksə, bilməliyik ki, sovet məkanının təhsil üzrə ən inkişaf etmiş ölkəsi Estoniyadır. Baxmayaraq onlar neçə ildir baloniya prosesinə qoşulublar, amma orada 3 mərhələli imtahan gedir, yazılı, şifahi və sonda test. Amma biz bu vaxta qədər birtərəfli getmişik və testin mənfi tərəfləri özünü açıq-aydın göstərdi.
Görürsüz ki, ali məktəblərə qəbulda göstəricilərimiz aşağıdır. Təhsil, elm elə bir şeydir ki, bu proses hərtərəfli getməlidir. Alim, akademik yetişdiririk. Əgər bu alimin yazı və nitq qabiliyyəti yoxdursa, sualları testlə əzbərlənmiş formada tapırsa, bu düzgün deyil. Ona görə dövlət qulluğuna qəbul imtahanları ilə bağlı yeni addımı alqışlamaq lazımdır. Təhsil təkcə bilikdən deyil, bilik, bacarıq və vərdişlər sistemindən ibarətdir. Amma test ancaq biliklərin məntiqi qavranılmasına, əzbərçiliyə xidmət edir. Testin vərdiş aşılamaq imkanları yoxdu. Təhsilimizin vəzifəsi hərtərəfli, ahəngdar inkişaf edən şəxsiyyət yönümlü vətəndaş yetişdirməkdir”.
Yeganə Bayramova