"Ağamalı Sadiq xoşbəxtdir ki, onu ölüm də unutdura bilmir" - Vurğun Əyyub




Dissident jurnalist, ictimai siyasi xadim, şair, nasir Əfəndiyev Ağamalı Əhməd oğlunun (Ağamalı Sadiq) 70-ci ildönümüdür. Bu böyük ictimai-siyasi və ədəbi xadim 1947-ci il martın 8-də Qazax rayonunun Qaymaqlı kəndində ziyalı ailəsində anadan olub. Burada 1964-cü ildə orta məktəbi bitirib. Əmək fəaliyyətinə Sumqayıt superfosfat zavodunda elektrik mantyoru kimi başlayıb. 1972-1977-ci illərdə Azərbaycan Dillər Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirib. 1978-1981-ci illərdə "Yazıçı" nəşriyyatında korrektor, 1983-1986-cı illərdə "Maarif" nəşriyyatında redaktor, 1986-cı ildə "Ulduz" jurnalında ədəbi işçi kimi fəaliyyət göstərib. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini vəzifələrində çalışıb. "Müxalifət" qəzetini 1991-ci ildə yaradıb və onun ilk baş redaktoru olub. 1979-cu ildən şeir, hekayə və publisist yazıları ilə dövri mətbuatda müntəzəm çıxış edib. 

Əsərləri türk, rus və özbək dillərinə tərcümə olunub. Ağamalı Sadiq Əfəndi 1987-ci ildə Azərbaycanda başlanmış milli azadlıq hərəkatının fəal öncülü, müasir, demokratik mətbuatın məşhur yaradıcılarından biri olub. 1995-ci ilin noyabrında Sumqayıt 41 saylı seçki dairəsindən Milli Məclisə namizədliyi qeydə alınsa da, səhhətinin pisləşməsi ilə əlaqədar namizədliyini geri götürüb. 1995-ci il dekabrın 12-də səhərə yaxın ağır cərrahiyyə əməliyyatından bir neçə saat keçmiş, saat 14 radələrində Topçubaşov adına eksperimental Tibb İnstitutunda "koronar ürək çatışmazlığı" diaqnozu ilə 48 yaşında vəfat edib. 

Bu dahi insanın fəaliyyətini nəzərə alaraq, onun 70 illik yubileyi ilə bağlı ən yaxın dostları və silahdaşlarının Ağamalı Sadiq Əfəndi ilə bağlı xatirələrini bizimlə bölüşmələrini istədik. Və elə ilk olaraq onun ən yaxın dostu olan filologiya elmləri namizədi, tanınmış ədəbiyyatşünas-alim Vurğun Əyyubla əlaqə saxladıq. O, Ağamalı Sadiqlə bağlı çox maraqlı xatirələr danışdı:

"Ağamalı mənim üçün çox əziz adam idi. Bizim onunla çoxsaylı səfərlərimiz və söhbətlərimiz olub. Onların içərisindən nəyisə seçib danışmaq mənim üçün çox çətindir. Ağamalını tanımazdan öncə, onu tənqidçi və ədəbiyyat araşdırmaçısı olaraq tanımışam. Ağamalı gözəl şair, "Başsız" kimi dəyərli povestin müəllifi idi. Onu şəxsən tanımazdan əvvəl yazıçı kimi tanıyıb, sevmişdim. Meydan hərəkatı bizi şəxsən tanış etdi, yaxınlaşdırdı. Ağamalı ilk baxışdan çox sadəlövh görünən adam idi. Əslində isə o sadəlövhlüyün arxasında çox ciddi düşüncələrə malik, çox müqəddəs dəyərlərə bağlı olan bir adamın obrazı vardı. Bu da məni Ağamalı ilə çox yaxınlaşdırmışdı. Aramızdakı yaş fərqinə baxmayaraq bir ruhi doğmalığımız vardı. Ağamalı iştirak etdiyi məclislərdə mənim də olmağımı arzulayırdı. Çoxsaylı siyasi, mədəni və dost tədbirlərində bir yerdə olmuşuq".

V.Əyyub qeyd edir ki, Ağamalı Sadiqin möcüzə bir saz çalmağı olub:

"Bəlkə aşıq sənətinin ustadları onun saz ifasında haradasa texniki baxımdan irad tuta bilərdilər. Amma Ağamalının özünəməxsus, qeyri-adi bir saz çalmağı vardı. Ağamalının boğula-boğula oxuduğu aşıq havaları adamın ruhunu oxşayırdı. Ağamalıda ən qədim türk kişisinin xarakterini və duyğularının yaşadığını görmək mümkün idi".

Ağamalı Sadiqlə çoxsaylı səfərlərinin olduğunu deyən V.Əyyub həmin səfərlərdən birini bizə ərz edib:

"Rəhmətlik Əbülfəz Elçibəy və Yusif Səmədoğlu ilə də birgə səfərlərimiz olub. Amma bir səfərimiz var idi. Deməli, hərəkatın ən böyük şəxsiyyətlərindən biri olan Qara Tofiqin atası rəhmətə getmişdi. Ağamalının "Vaz 21 06" markalı maşını var idi. Yas mərasiminə Ağamalının maşını ilə getməli olduq. Ağamalı, mən, Pənah Hüseyn və İsa Qəmbər gecə saatlarında yola çıxdıq. Ağamalı kiçik oğlu Orxanı da götürmüşdü. Biz gecə ilə yola çıxdıq. Ağamalı maşın sürürdü. İsa Qəmbər də qabaqda oturub, siqaretini tüstülədirdi. Bir saatdan bir sözə cavab verərdi. Arxada isə Pənah Hüseyn, mən və Orxan oturmuşduq. Məlumdur ki, gecə vaxtı yol getmək təhlükəlidir. Yolboyu Ağamalı ilə Pənah müxtəlif məsələlər ətrafında müzakirə və mübahisələr edirdilər. İsa Qəmbərlə və mən hərdən bu mübahisəyə qoşulurduq. Beləliklə, Yevlaxa qədər olan yol mübahisə şəraitində keçdi. Nəhayət, Yevlaxda dayandıq. Bu artıq o zaman idi ki, günəş üfüqdən təzə baş qaldırırdı. Ağamalı yorğun-arğın maşından düşüb, əsl qədim türk kişisi kimi üzünü günəşə tutub, savalavat çevirdi. 

Elə bil ki, bu adam anadan təzə doğuldu. Bütün yorğunluğu keçib getdi. 15-20 dəqiqədən sonra yolumuza davam etdik. Tovuza çatdıq. Ağamalı bizi yas mərasimi olan yerdə düşürüb, üzr istədi ki, mütləq İncə dərəsinə baş çəkib, qayıtmalıdır. Və Orxanla birgə getdi. Biz yas mərasimində iştirak etdik və yas mərasimindən sonra İsa Qəmbərlə, Pənahı, Hüseyni götürüb, dünyanın cənnət guşələrindən olan, meşələr, bulaqlar və dağlarla əhatə olunan Əsrik dərəsinə apardım. Yas yerində olan dostlardan xahiş etdim ki, Ağamalı gələndə deyin ki, filan yerə gəlsinlər. Bir neçə saatdan sonra Ağamalı gəlib, bizi tapdı. Ağamalı o vaxt gəldi ki, biz artıq məclisi yekunlaşdırıb, qayıdırdıq. Niyyətimiz bu idi ki, gecə ilə də olsun yola çıxaq. Çünki Neftçalada görüşümüz vardı. Yəni görşə vaxtında çatmaq istəyirdik. Ağamalı gəlib o dağları, meşələri, dağ çayının şırıltısnı gördü. 

Şalvarının balaqlarını qatladı. Ayaqqabılarını çıxarıb, ayaqlarını suya salladı və dedi ki, and olsun bu dağlara, meşələrə üstümə avtomat da çəksəniz heç yerə gedən deyiləm. Adam bütün varlığı ilə təbiət adamı idi. Təbiətə çox bağlı idi. Ağamalının bu istəyi ilə razılaşmalı olduq. Təxminən iki saat ləngidik. Gecə ilə yola çıxıb Neftçalaya getdik. Mənə elə gəlir ki, bu xatirəm Ağamalının xarakterinin müəyyən cəhətlərini açmağa kifayət edər. Ağamalı haqqında yazmışam. Məclislərdə həmişə yad etmişəm. Şeirlərini əzbər bilirəm. Çox sevirəm onun şeirlərini. Lovğalıq kimi qəbul etməyin! Ədəbiyyatçıyam. Əsl şeir və sözün nə olduğunu bilirəm. Və Ağamalı böyük ədəbiyyat adamı idi, böyük dəyərlərə bağlı olan insan idi. Ağamalı o cür xoşbəxt insanlar sırasındadır ki, ölüm də onu unutdura bilmir. Ağamalı bu gün də sağdır, yaşayır. Sadəcə olaraq fiziki baxımdan yoxdur. 

Mən sizə bütün səmimiyyətimlə and içirəm ki, dostların bir yerdə olduğu elə bir məclis xatırlamıram ki, orada Ağamalı yad olunmasın. Ağamalıdan heç olmasa, 1-2 şeir deyilib, bir iki xatirə danışılmasın. Bu mənada Ağamalının ailəsinə, övladlarına bildirmək istəyirəm ki, sizin atanız, bizim dostumuz və Azərbaycan xalqının övladı bu gün də yaşayır. Adı hörmətlə, qürurla yada salınır. Odur ki, Ağamalının fiziki yoxluğu onlara dərd olmasın".

"Ağamalının ailəsinə baş çəkirsinizmi" sualına gəlincə, professor qeyd edib ki, o Ağamalının xəstəxanada olduğu müddətdə də yanında olub, onun tabutunun İncə Dərəsinə yola salınmasında da yaxından iştirak edib:

"İncə dərəsinə yasına da getmişəm. Hər dəfə Qazaxa yolum düşəndə imkan tapıb, yolüstü qəbrinə baş çəkmişəm, dualar oxumuşam. Övladlarından Nofəlnən münasibətlərimiz yerindədir. Feysbuk vasitəsilə danışırıq. Ağamalı haqqında kitab buraxanda onun barəsində ürək sözlərimi yazmışam. Bir müddət Azərbaycanda olmamışam. Bu baxımdan ailəyə gediş-gəlişim olmayıb. Amma ailə ilə bağlı bütün baş verən hadisələrlə maraqlanıram və xəbərdaram".

Ağamalı Sadiqin şeirlərini fərqləndirməkdə çətinlik çəkdiyini deyən V.Əyyub onun özünün danışdığı bir əhvalatı da xatırlatdı:

"Ağamalı deyir ki, 1980-ci illərin ortalarında maddi baxımdan çox əziyyət çəkirdim. Yaxın dostlarımız dedilər ki, Ağamalı, burada qalıb ailəni dolandıra bilməyəcən. Gəl, Rusiyaya gedib, pul qazanaq. Məni də yoldan çıxartdılar. Lazım olan əşyalarımı toplayıb çamadanımı hazırladım. Blokun qapısından çıxanda 6-7 yaşında bir qız uşağı qabağıma çıxdı. Bu qız gördü ki, əlimdə çamadan gedirəm. Və uşaq məndən soruşdu ki, "Əmi, hara cedirsən?" Uşağın bu sualı məni varımdan-yoxumdan elədi. Çamadanı yeri qoydum və düşündüm ki, bu uşaq haqlı sual verir. Axı, mən hara gedirəm. Elə qapıdan dönüb evə qayıtdım. Yoldaşım Nabat heyrətlə üzümə baxdı. Heç nə demədim. O biri otağa keçib, kağız-qələmi götürüb, bu şeiri yazdım:


Mən hara gedirəm bu yaz axşamı
Bu qara bəxtimin bəyaz axşamı
Bu torpaqdan bu daşdan keçib
Bir yetim bacıdan, qardaşdan keçib
Bir dəli daşnan hara gedirəm?

Ağmalının bu şeiri çox duyğulu, çox gözəl obrazlarla işlənmiş bir şeirdir. Mən bu şeiri çox sevirəm.

Ayyət Əhməd